Şrift:
Urmu gölü can verir
25.10.2011 [14:38] - DAVAMın yazıları
İstiqlaliyyət yoxsa, özgürlük?


Bu günlərdə Azərbaycan millətçi camiasının diqqəti Cənubi Azərbaycanın döyünən ürəyi Urmu gölünün qurudulması məsələsindədir. İran rəsmilərinin susmağı, rəsmi Bakının, eyni zamanda rəsmi Ankaranın, hadisələri kənardan seyr etməyi cənublu soydaşlarımızı pərişan edərkən millətçi gənclərimiz onlara dəstək üçün əllərindən gələni edirlər. Hər kəsin gözü Urmuda və Təbrizdə cərəyan edən hadisələrdədir. Nədənsə, burada, cəmiyyət arasında Azərbaycanın birləşməsinin “ya indi,ya da heç vaxt “ vəziyyətində olduğu zənn edilir, amma...

Əvvəlcə xatırlatmaq lazımdır ki, Urmu gölünün ətrafı Təbrizdən sonra azərbaycanlıların ən kompakt yaşadığı ərazi kimi tanınır və bu gölün əhəmiyyətini bilmək o qədər də çətin deyil. Və elementar məntiqi, dünyagörüşü olan hər hansı bir insan üçün bütün bunların məqsədi aydındır. Təbii ki, İran, azərbaycanlıların farsların çoxluq təşkil etdiyi ərazilərə köçməyində, orada qaynayıb-qarışmağında maraqlıdır. Amma sizcə bu siyasət həddən artıq açıq görünmürmü? Yəni, bu siyasəti yeritməyin başqa yolları yoxdumu? Məncə, bu həddən artıq aşkar siyasətdir. Siyasət isə bu cür aşkarlıqları sevmir.
Fikir vermişdinizsə, İran rəsmiləri bu aksiyalardan əvvəl Azərbaycan və Türkiyə haqqında əsassız və olduqca ağır ittihamlar, hətta hədə-qorxularla yadda qalmışdılar. Firuzabadinin Azərbaycan millətini təhqir etməsi və Azərbaycan prezidentini hədələməsi, İranın Müqavimət təşkilatının eks sədr müavininin Türkiyə dövlətini İslamı təhrif etməkdə suçlamasından sonra birdən-birə Urmu gölü böhranı qabardı. Bu sizə də qəribə gəlmədimi?
Yox, mən qətiyyən elə düşünmürəm ki, Urmu gölü probleminin qabardılmasında Türkiyənin və ya Azərbaycanın əli var. Mən belə düşünürəm ki, bu problemi qabardan İranın özüdür. Bunun qabardılmasının müxtəlif səbəbləri var:
-Türkiyənin sədaqətini yoxlamaq;
-Millətçi azərbaycanlıların insan resurslarını məhdudlaşdırmaq;
-Artıq labüdləşməyə doğru gedən ABŞ-İran müharibəsinin olacağı halda azərbaycanlıların törədə biləcəyi problemləri aşkar edib, qarşısını almaq.
Türkiyə-İran münasibətlərinin üç toqquşma nöqtəsi var:
Cənubi Azərbaycan, Suriya və PKK.
Türkiyənin Bəşər Əsəd rejiminin işinə qarışmağıyla İran PKK kartını işə saldı ki, “Qarayılan məsələsi”-ndə bunu açıq-aydın ortaya qoydu. PKK-nın digər liderininsə Suriyada meydana çıxması onu göstərdi ki, İran PKK kartından maksimum yararlanmaq niyyətindədir. Bunu görən Türkiyə Suriya məsələsində geri çəkildi ki, bunun mükafatı olaraq İran PJAK-a müharibə elan elədi.
Ondan sonra İran Cənubi Azərbaycanda manevrə başladı. İran bu böhranı son rıçaqı Türkiyənin əlindən almaq, həm də şübhələrinin doğruluğunu yoxlamaq üçün yaradıb. Mənə elə gəlir ki, Rəsmi Ankaranın bu məsələyə susmağının səbəbi bu oyunun fərqinə varmasıdır. Rəsmi Ankara çox gözəl anlayır ki, İranla çəkişməyin zamanı deyil. İsraillə, Yunanıstanla münasibətlərin heç də yolunda getmədiyi məqamda üçüncü düşməni qazanmağı kim istəyər ki? Bu rakursdan baxanda Rəsmi Ankaranın passivliyini anlamaq olar. Bəs, Bakı niyə susur?
Məncə, Rəsmi Bakının gözləmə mövqeyində durmasının siyasi səbəblərindən biri odur ki, dövlət İrandakı qarşıdurmaların vaxtından tez başladığını düşünür. ABŞ-İran münaqişəsinin məhz azərbaycanlıların başı üzərindən başlanması Rəsmi Bakının ürəyincə deyil, ona görə də maksimum balanslı və soyuqqanlı siyasət yeritmək Azərbaycan üçün ən uğurlu variantdır. Görünür, İran məmurlarının sərsəmləmələrinə qarşı Rəsmi Bakının soyuqqanlı reaksiyasının da səbəbi budur. Rəsmi Bakının bu olaylara susmasının ikinci səbəbi isə Azərbaycandakı sakitliyi qorumaq ehtiyacıdır. Bir düşünün, Güney Azərbaycanda hərəkatın alovlanması Rəsmi Bakıya nə qədər fəsad törədə bilər?
Düşünməyin ki, cənubdakı soydaşlarımızın özgürlük sevdasını anlamıram, sadəcə mən millətimi özgürlük sevdasına kiminsə diktəsiylə qapılan millətlərdən hesab etmirəm. Heç kəs mənim millətimi oyuncaq kimi oynada bilməz! Məncə, özgürlüyü ancaq onu özgürcə istəyən əldə edə bilər. Mən vətənimdə ikinci Kosovo istəmirəm!
Ola bilər ki, mənim yazdıqlarım sizə illüziya kimi görünsün, amma inanın ki, bir gün bütün gizlinlər ortaya çıxacaq.
P.S. Türkiyə ictimaiyyəti 12 Sentyabr hərbi çevrilişinin qurma olduğunu 10 il sonra, o zamanlar ABŞ-ın səfiri kimi çalışan, adını xatırlamadığım diplomatın o vaxtki MKİ-nin sədri Pol Haynza zəng edərək “mister Haynz, sizinkilər bacardılar” dediyi ortaya çıxandan sonra anladı. Kim bilir, 10 il sonra nə ortaya çıxacaq? Gülümsəyin cənablar, gülümsəyin.

Şahlar Ruhi
Bu xəbər oxucular tərəfindən 1469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed