Şrift:
Borçalı Türklərinin mədəniyyəti Tiflisdə təqdim olunub
13.12.2019 [12:42] - Borçalı
Gürcüstanın başkəndi Tiflisdə yerləşən Gənclər Sarayında “Çoxmillətli Gürcüstan” adlı tədbir keçirilib. Gürcüstanın Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi tolerantlıq və millətlərarası dialoqun təşviqi olub. Mərasimdə Gürcüstanda yaşayan milli azlıqlarla yanaşı, diaspor nümayəndələri də çıxış edərək özlərinə məxsus milli mədəniyyət, adət-ənənə, ritual və mətbəx nümunələrini təqdim ediblər.
Səhnəyə çıxan gürcü, azərbaycanlı, yəhudi, latış, abxaz, osetin, çeçen, ukrayn millətlərindən olan iştirakçılar toy adətləri və müxtəlif ritualları nümayiş etdiriblər, musiqi və mahnılar ifa ediblər.
Gürcüstanın Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə tədbirdə Azərbaycan toy ənənəsinə aid xınayaxdı mərasiminin əsas hissəsi göstərilib. Milli geyimlərdə olan yeniyetmə qızlar haxıştalar və şeirlər söyləyiblər. Birliyin üzvü aşıq Nargilə Mehtiyeva da çıxış edərək “Laylay” mahnısını ifa edib.
Tədbir çərçivəsində milli azlıq icmaları və diasporlara məxsus mətbəx, şirniyyat nümunələri, əl işləri, rəsmlər və digər maraqlı eksponatlar da sərgilənib. Azərbaycanlılara aid guşədə xalça nümunələri, milli alətlər, kəlağayı, rəsmlər, naxışlar, şəkərbura, paxlava və qoğal yer alıb. Azərbaycanlılara xas milli adət-ənənələri, xalq mahnı və mətbəx nümunələrini Gürcüstanın Qadınlar Birliyinin üzvləri və tədbir iştirakçıları böyük maraqla qarşılayıblar.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed