Şrift:
Xalq rəssamı Nadir Qasımovun 90 illiyinə həsr olunmuş sərgi açılıb
18.12.2019 [10:43] - Mədəniyyət
Azərbaycan Milli İncəsənət Muzeyində bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgisi açılıb. Sərgini muzeyin direktoru Çingiz Fərzəliyev açıq elan edərək rəssamın yaradıcılığından söz açdı. Bildirdi ki, Nadir Qasımovun yaradıcılığı 1940-cı illərin sonundan 2000-ci ilə kimi davam edən yarım əsrdən çox bir dövrü əhatə edir. Müxtəlif mövzu və janrlarda əsərlər yaratmış sənətkar, ilk növbədə, Abşeron və Xəzər dənizinin nəğməkarı və romantiki kimi yadda qalmış, bu sahədə adları incəsənətimizin “qızıl fonduna” yazılmış bir çox tablolar yaratmışdır. Bakıda yaşayıb-yaradan rəssam bu sənaye şəhərinin gündəlik ritmini hiss edir, Abşeronun qeyri-adi iqlimində yüksək romantikanı duyur, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında tərənnüm edirdi. Direktor rəssamın bir pedaqoq kimi də özündən sonra istedadlı rəssamlar yetişdirdiyini vurğulayıb.
Rəssamlar İttifaqının sədri , xalq rəssamı Fərhad Xəlilov Nadir Qasımovu unudulmaz pedaqoq kimi yad edərək xatirələrini bölüşüb. Rəssamın qızı Elmira Qasımova atasının sənətinə göstərilən diqqətə görə dövlətimizə və sərginin təşkilatçılarına minnətdarlığını bildirib. Daha sonra qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, rəssamın tablolarında günəşin yandırdığı və neft hopmuş torpaq, bəzən mülayim, bəzən tufanlı, dalğalı dəniz, quruda və suda qərar tutan neft buruqlarının təsviri özünəməxsus şəkildə şərh olunur. Hamının gözündə adiləşən sənaye obyektlərinə romantik forma və ovqat verməklə onları bədiiləşdirən rəssam elə ilk sənaye mənzərələri ilə özünü təsdiqləyə, dəstxətini müəyyənləşdirə bilib. Bu sənaye mənzərələrində zəhmətkeş insan, onun əməyi və bu əməyin bəhrəsi durmaqdadır.
Rəssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. 1960-cı illərdə “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və başqa əsərlərini çəkir.
Rəssamın 100-ə yaxın əsəri Rusiyanın müxtəlif muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır.
1992-ci ildə Azərbaycan Respublikasının “xalq rəssamı” fəxri adına layiq görülüb.
Nadir Qasımov 2000-ci il martın 10-da vəfat edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed