Şrift:
Narınc Xatunun xatirəsinə konsert proqramı təqdim ediləcək
20.12.2019 [11:34] - Mədəniyyət
Dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzində “Aşıq Pəri” məclisi “Azərbaycan qadın aşıqları” silsiləsindən məclisin qurucusu, əməkdar mədəniyyət işçisi Narınc Xatunun xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək. “Aşıq Pəri” məclisinin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, “Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində təşkil olunacaq konsertin ciddi məşqləri gedir.
Onun sözlərinə görə, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak edəcəkləri tədbirdə Narınc Xatunun şerləri səsləndiriləcək və qadın aşıqların ifasında el havaları ifa olunacaq.
Qeyd edək ki, Narınc Xatun 1930-cu ildə Neftçala rayonunda anadan olub. İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilib. Aşıq Mikayıl Azaflı ilə birlikdə “Azaflı və Narınc Xatun dastanı” yaradıblar. Şairin "Burla xatun nəvəsiyəm" adlı şeirlər toplusu 2002-ci ildə işıq üzü görüb. XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaradıb. Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" məclisinə rəhbərlik edib. Narınc Xatun 2007-ci ildə vəfat edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed