Şrift:
Daha 436 hərbçinin mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib
26.12.2019 [13:21] - Hərb
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Azərbaycan Maliyyə Nazirliyindən verilən məlumata görə, həmin Fərman Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur. Komissiyanın sədri, Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov bildirib ki, hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır. Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 763 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb.
Qeyd olunub ki, hazırda mənzil növbəsində olan 339 nəfər hərbi qulluqçu ilə birlikdə, bugünkü iclasın qərarına əsasən növbəyə qəbul edilən hərbi qulluqçulardan 97 nəfəri də daxil olmaqla cəmi 436 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması nəzərdə tutulub. Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bununla da, bu günə qədər Komissiya tərəfindən 1 721 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed