Şrift:
Ötən il Milli Xalça Muzeyi 120 mindən çox ziyarətçi sayı ilə rekordunu yeniləyib
03.01.2020 [09:31] - Mədəniyyət
Muzeydən bildirilib ki, bu mədəniyyət ocağı 122 min 143 nəfər ziyarətçi sayı ilə öz rekordunu yeniləyərək respublikada ən çox ziyarət edilən muzey olub. Ötən ilki ən önəmli hadisələrdən biri də Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyətə başlaması, hər kəs üçün əlçatan məkana çevrilməsidir. Belə ki, artıq burada fiziki məhdudiyyətli insanların muzeyə daxil olması, ekspozisiya ilə tanışlıq məsələləri öz həllini tapıb. Qeyd edək ki, muzeyin inklüziv proqramları haqqında bəyanatlar ICOM, NEMO kimi nüfuzlu beynəlxalq muzey təşkilatlarına təqdim olunub. Muzeyin uğurlu təcrübəsi xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib, ICOM Kanada, İntercom, NEMO və CAMOC komitələri bunu mühüm xəbər kimi öz saytlarında paylaşıb.
“Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.6 bəndinin icrası istiqamətində Azərbaycan Milli Xalça Muzeyinin keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajına düzəlişlər edilib. Belə ki, xalçalar haqqında məlumatda onların toxunduğu yer kimi artıq Azərbaycan göstərilir. Ötən il ərzində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətində kolleksiyaların zənginləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. Fond əhalidən satınalma yolu ilə altı muzey əhəmiyyətli əşya əldə edib. O cümlədən, muzey tarixində ilk dəfə olaraq “Sotheby’s” hərrac evindən Qacar dövrünə aid iki ədəd qadın bəzək əşyası alınıb.2019-cu il muzeyin keçirdiyi sərgilər respublikamızın mədəni həyatında unudulmaz izlər qoyub. Muzey daxilində on, Rusiya, Çin və Fransada isə üç sərgi açılıb. Bunların sırasında “Azərbaycan mədəni irsi Luvr Muzeyində” sərgisini xüsusilə qeyd etmək lazımdır. Belə ki, muzeyin tarixində ilk dəfə Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir Azərbaycan xalçası vətənimizə gətirilərək nümayiş olunub. Bu ildə Azərbaycan Milli Xalça Muzeyi xarici muzey və ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirib. Belə ki, Özbəkistanın “İçan qala” Dövlət Qoruğu, Buxara Dövlət Muzey - Qoruğu və Səmərqənd Dövlət Muzey - Qoruğu, A.Kasteyev adına Qazaxıstanın Dövlət İncəsənət Muzeyi, Türkiyənin Ankara Universiteti, Təbriz İncəsənət Universitetinin Xalça fakültəsi, Tatarıstanın “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey-Qoruğu ilə anlaşma memorandumları imzalanıb. Bu il həm də muzeyin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və ona “Milli” statusu verilib. Bununla yanaşı, Azərbaycan Milli Xalça Muzeyi 3-cü ildir ki, dünyada ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı 2019” mükafatına layiq görülüb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed