Şrift:
Sağlam həyat - sağlam qida
25.10.2011 [15:08] - Sağlıq
Etiket: onda nə yazılıb?

Ərzağın bükümündəki «yüngül» və ya «yağsız» qeydi çəkisinin artmasından ötrü narahat olanları daha çox cəlb edir. Amma sayıqlığınızı itirməyin: hətta «sıfır yağlılıqlı» yoqurt və kalorisiz şirin içkilərin qəbuluna başlayandan sonra da siz belinizin bir neçə santimetr enləndiyinin şahidi ola bilərsiniz.

Nə yağı var, nə də dadı
Bütün yağların 1 qramında 9 kilokalori (kkal) var, deməli, qida rasionumuzda yağı azaltdıqca kalorilik də azalır. «Sıfır» kəsmik və yoqurtlarına keçid arıqlamağın ən yaxşı üsulu sayıla bilər. Amma yağdan tam imtina etmək olmaz. Yağlar orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir: hormonal fonun nizamlanmasında, hüceyrə membranlarının sintezində, toxumaların biosintezində iştirak edir, A, D və E vitaminlərinin mənbəyi sayılır. İkincisi, yağlılığın azaldılması alışdığınız yemək dadını dəyişir.
Əslində «yüngül» məhsullar yalnız təbii qidaya oxşayırlar, vəssəlam. Onlar süfrəmizə çatanadək keçdikləri mürəkkəb texnoloji proseslərdə (ekstraksiya, rafinasiya) ilkin xüsusiyyətlərinin xeyli hissəsini itirirlər. İstehsalçılar «yüngülləşdirilmiş» qidaya orijinalın dadını və ətrini verməkdən ötrü müxtəlif hiylələrə əl atır, onun tərkibinə aromatizator, dad və qoxu gücləndiricisi, emulqator, stabilizator və qatılaşdırıcı əlavə edirlər. Amma hələ ki nəticə mükəmməllikdən uzaqdır.

Tələ!
Yağsızlaşdırılmış ərzaq orqanizmin gözlədiyi dadı vermir, biz doymuruq və «sıfır» yoqurtun üstündən başqa nəsə iştaha açan, deməli, kalorili nəsə yeməyə məcbur oluruq. Odur ki, müxtəlif yağlılıqlı ərzaqları növbələşdirin. Əgər səhər kərə yağından imtina edə bilmirsinizsə, o zaman naharda «yüngül» yağ yeyin. Belə hiylələr kaloriliyi azaltmaqla yanaşı, yeməkdən ləzzət almağa imkan verir.

Birinin əvəzinə ikisi
Yəqin, diqqət yetirmisiniz: biz «yüngül» hesab etdiyimiz ərzaqları adi ərzaqdan daha çox yeyirik. Vicdanımız da ağrımır: axı, biz bunların az kalorili olduğunu bilirik. Əslindəsə «light» məhsullarında heç də kalorini azaltmırlar. Ya şəkər əvəzinə şəkərin əvəzedicisindən istifadə edirlər, ya da yağ əvəzinə çox zaman karbohidrat olan müxtəlif maddələr qatılır. «Yüngülləşdirilmiş» qidada kalori çox ola bilər, artıq karbohidrat isə mütləq piy qatına çevrilir.

Növbəti tələ!
Yağlılığı 17 faiz olan bir qıça pendirdə (təxminən 20 qram) 54 kkal, 45 faiz yağlılıqlı pendirdə isə - 72 kkal var. Belə çıxır ki, bir «normal» qıça pendir əvəzinə iki qıça azyağlı pendir yedikdə, biz 72 əvəzinə 108 kkal alırıq! Yağlılığı 67 % olan 100 qram mayonezdə 2,4 qram, 39 %-lidə isə - iki dəfə çox, 4,8 qram karbohidrat var.

Mənim qlükoza payım hanı?
Şirniyyatın adamı kökəltdiyi artıq çəkidən xilas olmağa cəhd göstərən hər kəsə məlumdur. Buna görə də arıqlamaq niyyətinə düşənlərin rasionunda şəkər əvəzinə süni şirinləşdirici qatılmış pəhriz peçenye və konfetləri peyda olur. Bu gün süni şirinləşdiriciləri şərti olaraq iki qrupa ayırırlar: təbii - ksilit, sorbit, fruktoza və süni - tsiklamat, kalium asesulfam, sukrazit, aspartam.
Birincilər kalorili olduğundan çəkisini azaltmaq istəyənlərə yaramasa da, çox vaxt diabetli xəstələr üçün ərzaqların tərkibinə qatılır. Şəkər əvəzləyicilərininin ikinci qrupu isə demək olar ki, kalorisizdir. Onlara «light» içkilərində, saqqızlarda və arıqlama kursu keçənlərin çay və ya qəhvəyə şəkər əvəzinə atdığı şirin həblərdə rast gəlinir. Onlar həqiqətən də rasionunun kaloriliyini azaltmağa imkan verir, amma onları faydalı adlandırmaq da mümkün deyil.
Bu xəbər oxucular tərəfindən 1631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed