Şrift:
Seçkiyə böyük maraq
10.01.2020 [09:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkillərinin fikrincə, bu, cəmiyyətin dövlət quruculuğunda, sabahkı perspektivin müəyyənləşdirilməsində iştirak həvəsinin göstəricisidir

Ölkədə fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı siyasi aktivlik müşahidə olunmaqdadır. Faktiki olaraq, parlament seçkiləri ilə bağlı cəmiyyətin bütün seqmentlərindən öz namizədliyini irəli sürən şəxsləri müşahidə edə bilərik. Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, parlament seçkilərində iştirakla bağlı müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 2149 nəfəri isə imza vərəqələrini artıq götürüb. 1041 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 617 nəfər qeydə alınıb.
Bundan başqa, Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatların fəallığı müşahidə edilməyə başlayıb. Bir sıra təşkilatlar artıq uzun müddətli müşahidə missiyaya start verib. Seçki günü də məntəqələrdə çoxsaylı müşahidəçinin çalışacağı gözlənilir.
Bəs görəsən parlament seçkiləri ilə bağlı bu aktivlik əslində nəyin göstəricisidir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, növbəti parlament seçkilərindəki fəallıq cəmiyyətin dövlət quruculuğunda, sabahkı perspektivin müəyyənləşdirilməsində iştirak həvəsinin göstəricisidir: "Bu, müstəqil dövlətçiliyə, demokratik cəmiyyətə xas olan bir xüsusiyyətdir. İstənilən seçki bir yarışmadır, öz potensialını, gücünü göstərmədir. Deməzdim ki, tək parlament, ümumiyyətlə hər bir seçkiyə böyük maraq var. Bundan əvvəl keçirilən bələdiyyə seçkilərində də yarış getdi, müxtəlif partiyaların nümayəndələri yerli özünüidarəetmə orqanlarına seçildi. Ümumilikdə, bələdiyyəyə kifayət qədər maraq var. Parlament seçkiləri isə həm partiyaların gücünü, sosial bazasını, nə dərəcədə dəstəyə malik olduğunu göstərir. Eyni zamanda, ayrı-ayrı adamlara da ölkə səviyyəsində özünü göstərmək imkanı yaradır. Təsadüfi deyil ki, artıq altı yüzdən çox insanın namizədliyi təsdiqlənib. Yanvarın 17-ə qədər də bu rəqəm bir az da artacaq. Hesab edirəm ki, bununla biz göstəririk ki, müstəqil, demokratik, müxtəlif fikirliliyin olduğu bir cəmiyyət qura bilmişik. İnsanların hüquq və azadlıqları qorunur və onlar buna uyğun olaraq hərəkət edirlər. Düşünürəm ki, bu, sevindirici haldır. İstənilən seçki demokratiya sınağıdır və Azərbaycan da bu sınağa hazırdır. Artıq indidən görünür ki, seçkilər rəqabətli, gərgin və ən əsası isə yaxşıların yaxşısının üzə çıxdığı bir yarış olacaq”.
A.Mirzəzadə qeyd etdi ki, Azərbaycan beynəlxalq birliyin bərabərhüquqlu üzvüdür və kifayət qədər nüfuz qazana bilib: "Seçkini müşahidə ilə bağlı göndərilən dəvətlər artıq qəbul edilib. Bunun nəticəsi olaraq uzun müddətli beynəlxalq müşahidə missiyası gəlir. Eyni zamanda, parlament seçkiləri günü də müşahidəçilər çox olacaq. Azərbaycanın gizlədəcəyi heç nə yoxdur. Seçki şəffaf, demokratik keçəcək və müşahidəçilər də seçkinin necə getdiyini öz gözləri ilə görəcəklər”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, cəmiyyət ölkədə istənilən dəyişikliyin seçki yolu ilə olmasını qəbul edib və başqa yol yoxdur: "Bəzi radikal, əsasən başqa dövlətlərdə formalaşdırılan qüvvələr ölkədə inqilab etmək, qarışıqlıq salmaq istəyirlər. Hətta tarix də açıqlayırdılar və deyirdilər ki, noyabr ayında inqilab edəcəyik. Lakin cəmiyyət bunların boş cəfəngiyat olduğunu qəbul etdi. Həmin radikal qruplar isə gördülər ki, dəstəkləri yoxdur. Onu da qeyd edim ki, Azərbaycanda başlanan islahatlar da onu göstərdi ki, hər bir dəyişiklik yumşaq şəkildə olmalı, ağıllar, platformalar və dünyagörüşləri rəqabət aparmalıdır. Artıq 16 ən ciddi siyasi partiya parlament seçkilərinə qoşulub. Əhəmiyyətsiz, xüsusilə kənarda hazırlanan və əli xaricdəkilərin cibində olan qruplardan başqa bütün siyasi qüvvələr yarışın içindədirlər. Eyni zamanda, parlament seçkilərində bitərəflər də iştirak edirlər. O cümlədən seçkiyə qatılan xeyli jurnalist, qeyri-hökumət təşkilatlarının nümayəndələri də var. Bütün bunlar ölkədə pozitiv şəkildə dəyişikliklərin olması üçün qüvvələrin səfərbər olunmasını göstərir. Bu da yaxşı göstəricidir. Yəni, bu onu göstərir ki, cəmiyyət ölkənin demokratik, sivil yolla inkişafında və dəyişikliklərdə maraqlıdır”.
F.Quliyev vurğuladı ki, beynəlxalq təşkilatlar bir çox hallarda Azərbaycanda keçirilən seçkilərlə bağlı qərəzli münasibət bildiriblər, müxtəlif bəyanatlar qəbul ediblər: "Amma onu da görüblər ki, bunların nə deməsindən asılı olmayaraq, biz kiminsə təlimatı ilə oturub-durmuruq və ölkəmizin inkişafında maraqlıyıq. Heç kimin qarşısında öhdəliyimiz yoxdur və biz yalnız dövlətimizin öz vətəndaşı ilə qarşılıqlı himayə mexanizmi əsasında inkişafında maraqlıyıq. Əlbəttə ki, beynəlxalq qurumlar da ölkədəki son gəlişmələri, islahatları görəndən sonra keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyirlər. Baxmaq istəyirlər ki, burada vəziyyət nə yerdədir. Hesab edirəm ki, bu, normal haldır və əslində əməkdaşlıqdır. Bizdən qaçsaydılar, seçkilərə heç bir münasibət bildirməsəydilər, bu, biganəlik olardı. Onların bu addımını Azərbaycanda gedən proseslərə verilən qiymət kimi də dəyərləndirmək olar”.

BƏXTİYAR
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed