Şrift:
Fərəc Quliyevin 2015-2019-cu illər Parlament çıxışlarından hissələr
12.01.2020 [17:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

5-ci hissə


21.Qəbul etdiyimiz sənədə istinadən İran Ermənistana müraciət edə bilər ki : (14.06.2016)

Konstruktiv olaraq təklif vermək istəyirəm. 2-ci maddədə göstərilir ki, birgə texniki komissiya yaradılacaqdır. Bu texniki komissiya müəyyən dəyişikliklər, çağırışlar, müəyyən məsələlərə düzəlişlər və sair edə bilər. İranın yanlışlarının aradan qaldırılması üçün şans var. Yəni göründüyü qədər bu məsələyə bizim ciddi şəkildə etirazımız var idi və təbii ki, Güney Azərbaycanda da 30 milyon Azərbaycan xalqının etirazı olacaqdır. İranın şansıdır ki, bu maddələrə istinad edib bəzi yanlışlıqları aradan qaldırsın. Məsələn, preambula hissəsində göstərilir ki, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü tanınır, hər iki dövlətin suverenliyinə və mənafelərinə uyğun olaraq davranışlar nəzərə alınaraq hidroqovşaqların və su elektrik stansiyalarının tikintisində bu müddəalara əsasən addımlar atılır. Mən təklif edirəm, İran tərəfi Azərbaycan tərəfi ilə birlikdə həmin birgə texniki komissiyada Ermənistana müraciət etsin. Ora hücum etməsi, filan – bunlar deyək ki, bir az utopik məsələlərdir, ancaq müraciət edə bilər ki, Ermənistan dərhal qoşunlarını həmin ərazilərdən geri çağırsın. Bunu biz təklif kimi verə bilərik ki, həmin komissiya məsələyə baxsın.

22.Araz çayının suyunu zəhərləyirlər-tədbir görməli: (14.06.2016)

Araz çayının suyunu zəhərləyən molibden zavodları və başqa zavodlar vardır. Bu sudan hər iki tərəf – İran tərəfi də, Azərbaycan tərəfi də istifadə edir. Dərhal orada monitorinqlər təşkil olunsun, beynəlxalq qurumlar burada səy göstərsinlər və nəticə etibarilə suyun təmizliyinin təmin edilməsi ilə bağlı işlər görülsün.

23.Qeyri neft sektorunun inkişafı ilə bağlı dinləmələr lazım: (30.09.2016)

Bir çox nazirliklər, bir çox yerli icra strukturlarının bunu yüksək səviyyədə həyata keçirməyinə baxmayaraq ,bəzi nazirliklərdə və yerli icra strukturlarında bu məsələlərə çox biganə yanaşma vardır. Hesab edirəm ki, adını çəkdiyim sahə ilə bağlı yəni, qeyri neft sektorunun inkişafına bağlı olan iqtisadi artımın stimullaşdırılması ilə əlaqədar prezidentin islahatlar paketinin həyata keçirilməsinin nə vəziyyətdə olduğunu müəyyən etmək üçün müvafiq strukturlarla, nazirliklərlə birlikdə bir dinləmələr eləməyimiz lazımdır.

24.Qarabağ komitəsinin yaradılmasını, dinləmənin olmasını, təklif edirəm: (30.09.2016)


Mən Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Milli Məclisdə müzakirələr aparılmasını,dinləmənin olmasını bir daha təklif edirəm. Bir çox dövlətlərin parlamentində bu məsələlərlə bağlı müzakirələr aparılır, bir çox dinləmələrdə xarici deputatların iştirakı ilə dinləmələr keçirilir, amma bizdə bu dinləmə keçirilməyib. Milli Məclisdə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin iştirakı ilə qapalı şəkildə bir dinləmənin aparılmasını vacib hesab edirəm və həm də bir xüsusi komitənin -parlamentin özünün Dağlıq Qarabağ komitəsinin yaradılmasını bir daha təklif edirəm.Dağlıq Qarabağla bağlı fəaliyyətin müəyyən strukturlarla əlaqələndirilməsi, müəyyən danışıqlarda bu komitənin nümayəndələrin iştirakını təmin eləmək baxımından da məncə bu komitənin formalaşdırılması da yerinə düşər

25.Korrupsiya ilə mübarizə-Prokurorluğun özündə də korrupsiya halları olur: (15.10.2016)


“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik təklifi layihəsində 11.1.2 bəndində yazılır ki, idarə müəssisə və təşkilatların rəhbəri həmin idarə, müəssisə və təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və struktur bölmə müəyyən edir.
11.1.6-cı bənddə isə göstərilir ki,” barəsində məlumat verilən şəxsə həmçinin araşdırmanın nəticəsində birbaşa və dolayısı ilə marağı olan şəxslərə korrupsiya ilə əlaqəli hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.” Bütün hallarda həmin idarədə ən azından dolayısı ilə baş verən məsələnin idarə rəhbərinə dəxli vardır. Ya birbaşa və ya ən azından dolayısı ilə .Çünki müəssisənin rəhbəridir. Ona görə mən hesab edirəm ki, bu qurumun yaradılması həmin idarəyə həvalə olunmaqdansa korrupsiya ilə mübarizə idarəsinə həvalə olunmalıdır.
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin özü belə Prokurorluqdan ayrılıb birbaşa Prezidentin özünə tabe olsa daha uğurlu bir variant olar. Çünki Prokurorluğun özündə də korrupsiya halları olur
Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed