Şrift:
Saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
14.01.2020 [05:43] - Hadisə
Saxta pulların dövriyyəyə buraxılması, qanunsuz olaraq odlu silah və narkotik vasitələr saxlama cinayətləri törətməkdə şübhəli bilinən şəxslərə qarşı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sumqayıt Xətt Polis Bölməsinə bir nəfərin 14 min 100 manat saxta əsginası 1500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs - Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı qeyd edilən saxta əsginaslar aşkarlanaraq götürülüb. H.Heydərovun ətrafına keçirilən əlavə tədbirlərlə onun saxta əsginasları tanışı, paytaxt sakini əvvəllər məhkum olunmuş Pərviz Məmmədovla birlikdə hazırladığı məlum olub.
P.Məmmədovun üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan onun saxlanılmasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da iştirak ediblər. P.Məmmədovun yaşadığı evə baxış zamanı saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıq, həmçinin “AKSU 74” markalı avtomat silah və ona məxsus beş patron, eləcə də psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. P.Məmmədov ifadəsində silah-sursatın və metamfetaminin ona məxsus olduğunu və saxta pulları H.Heydərovla birlikdə hazırladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.
P.Məmmədov və H.Heydərov cinayət törətməyə meyilli şəxslər kimi xarakterizə olunurlar. H.Heydərovun özünə “Topuş”, P.Məmmədov isə “Paşa” ləqəbi götürərək müxtəlif qanun pozuntuları və hüquqazidd əməllər törətdikləri ehtimal edilir. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed