Şrift:
Eldəniz Yəhyayev: Ordumuzun ərzaq təminatı çox yüksək səviyyədədir
26.01.2020 [19:17] - Hərb
Ordu quruculuğuna diqqət və qayğı dövlətə, dövlətçiliyə diqqət və qayğıdır. Belə qayğı ilə əhatələnən ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı da yüksək olur. Bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi, polkovnik Eldəniz Yəhyayev açıqlamasında deyib. E.Yəhyayev bildirib ki, bunun sosial qanunauyğunluq olduğuna əminlik üçün yaxın tarixi xatırlamaq kifayətdir. “Hərbi xidmətə başlayanda nəyi qoruyacağını bilən gənc əsgər necə qoruyacağını zabitlərdən, komandirlərindən, təcrübəli əsgər yoldaşlarından öyrənir. Vətəni qorumaq onların, Vətəni qoruyanları milli mətbəximizin yüksək kalorili və ləziz xörəkləri ilə təmin etmək bizim vəzifə borcumuzdur. Azərbaycan Ordusunun ərzaq təminatı ən qabaqcıl ordularla müqayisə ediləcək səviyyədədir və bu təchizat ilbəil yüksəlməkdədir. İctimaiyyət bu yüksəlişi Müdafiə nazirinin tapşırığına əsasən keçirilən “Açıq qapı” günlərində əyani şəkildə görür, belə təchizatla qürurlanır. Bunlar ordu-ictimaiyyət münasibətlərinin dönməzliyini təmin edən amillərdəndir”, - deyə polkovnik qeyd edib.
Hərbi hissələrdə yeniləşmə prosesi davam edir. Deməli, bizim xidmət sahəmizdə də yeniləşmə gedir. Bu, bizim fəaliyyətimizdə məsuliyyətimizi, xidməti vəzifələrimizi daha həssaslıqla yerinə yetirməyimizi tələb edir. Biz yüksək təminata malik olan şəxsi heyətə yüksək səviyyədə xidmət göstərməyi vəzifə borcu bilirik. Bu günlərdə açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni mərkəzi ərzaq anbarı istifadəyə verildi. Ən müasir saxlama vasitələrilə - quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz edilən 500 tonluq anbarlar ordunun şəxsi heyətini yüksək keyfiyyətli ərzaqlarla və konservləşdirilmiş ərzaq məhsulları ilə bundan sonra da yüksək səviyyədə təmin edəcək. Vəzifəsi hərbi hissələrə yüksək keyfiyyətli xidmət göstərmək olan Ərzaq Xidməti İdarəsinin Mərkəzi anbarla bir sırada bölgələrdə də saxlama bazaları və anbarları vardır ki, bunlar da istər məsafə, istərsə də yüksək keyfiyyətli və operativ xidmət baxımından gərəklidir. Yeni ərzaq anbarının açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verdi. Biz bu tapşırıqları da böyük məsuliyyətlə yerinə yetirəcəyik. Hərbi hissələrdə əsgərlərə şəraitə, şəxsi heyətin sayına və hərbi hissənin yerinə yetirdiyi vəzifələrin mahiyyətinə görə iki növ xidmət göstərilir: servis xidməti və özünəxidmət. Digər tərəfdən, servis xidməti həm də şəxsi heyətin sayından asılı olaraq əlavə işçi qüvvəsi deməkdir. Özünəxidmətdə hər əsgər kombinə edilmiş sinidən istifadə edir ki, bu xidmətdə həm vaxta, həm də iş qüvvəsinə qənaət olunur. Bunlar yeməyin təşkilinin mexanizmidir. Etiraf olunur ki, əsgərlərimizin yeməkləri dadlı olur - ordu quruculuğunda həyata keçirilən islahatlardan sonra yeməkləri qadınlar, bir də ərzaq xidməti idarəsinin xətti ilə aşpazlıq kursunu bitirən əsgərlər bişirirlər.
“Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə hərbi hissələrdə milli yeməklərə daha çox üstünlük verilir. Onu da qeyd etmək lazımdır ki, əsgərlərimiz üçün hazırlanan konservləşdirilmiş qidalarda da milli yeməklər üstünlük təşkil edir. Bütün bunlar, yuxarıda qeyd etdiyim kimi, laboratoriyalarda ciddi şəkildə yoxlanılır, yəni, həm bişirilən yeməklər, həm də konservləşdirilmiş yeməklər dadlı olur. Bütün növ qablaşdırmalar, konservləşdirmələr birmənalı şəkildə dövlət standartlarına müvafiq, müəyyənləşdirdiyimiz keyfiyyəti yüksəltməni təmin edən şərtlərimiz əsasında aparılır. İstər qablaşdırılma, istərsə də konservləşdirilmə prosesinə bizim ekspertlər nəzarət edirlər. Bu səbəbdən keyfiyyət həmişə təmin olunur. Neçə illərdir ki, “Beynəlxalq Ordu Oyunları” yarışları çərçivəsində “Səhra mətbəxi” müsabiqəsi keçirilir. Azərbaycan bu yarışmada yüksək məsuliyyətlə təmsil olunur. Azərbaycanın hərbi “Səhra mətbəxi” bu yarışmalarda həmişə fərqlənib. Qürurla qeyd etməyi lazım bilirəm ki, yarışlar zamanı Azərbaycana aid pavilyonun qarşısında həmişə böyük növbə olur. Bu, Azərbaycanın mətbəxinə, mətbəx mədəniyyətinin timsalında Azərbaycan mədəniyyətinə marağın, ehtiramın, sevginin təzahürüdür. Xidmət sahəmizin şəxsi heyəti Müdafiə Nazirliyi rəhbərliyinin bütün tələb və göstərişlərini böyük məsuliyyətlə, Hərbi anda, dövlətə, dövlətçiliyə böyük sədaqətlə yerinə yetirir”, - deyə Eldəniz Yəhyayev bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed