28.01.2020 [11:01] - Hərb
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşadək vətəndaşlar fevralın 3-dən 21-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ehtiyat zabit hazırlığı kursuna qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul olunurlar. Ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilir, zabitlərin həqiqi hərbi xidmətə qəbul edilmələri barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər. Qəbul üçün sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında təqdim edilib. Məhkumluğu olan hərbi vəzifəlilərin ehtiyat zabit hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur. Müraciətlər fevralın 3-dən 21-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək Bakı şəhəri, Yasamal rayonu, Şəfahət Mehdiyev küçəsi 76 ünvanında yerləşən “Qızıl Şərq” hərbi şəhərciyində (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) qəbul edilir. Əlavə məlumat üçün (012) 538-85-62 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |