Şrift:
Ermənilər separatçı qurumun tanınacağını real saymır.
19.09.2012 [12:42] - Xəbərlər, Siyasət
Düşmən ölkədə konfliktin hərbi vasitələrlə həllinə inananlar isə artmaqdadır
Siyasi analitik Armen Ovanisyan: “Azad edilmiş əraziləri kiminlə məskunlaşdıracağıq?”


Dağlıq Qarabağdakı separatçı qurumun müstəqilliyinin nə vaxtsa tanınacağına düşmən millətdə olan inam ən aşağı səviyyədə imiş. Bunu erməni saytlarından birinin təzəlikcə keçirdiyi rəy sorğusu da təsdiqləyir. Maraqlıdır ki, erməni respondentlər problemin hərbi yolla çözüləcəyini ən çox ehtimallı variant hesab ediblər.

Sorğu “Ramil Səfərovun məsələsi Dağlıq Qarabağ konfliktinin həllinə necə təsir edəcək” sualı üzərində qurulub və bir necə cavab variantından ibarətdir. Cavabları təqdim edirik:

1. Qarabağ münaqişəsi yaxın 5-7 ildə dinc yolla həllini tapacaq - 12,23%

2. Ermənistan və bir sıra ölkələr “DQR”in müstəqilliyini tanıyacaq - 22,3%

3. Qarabağ ixtilafı hərbi yolla çözüləcək - 28,06%

4. Qarabağda hərbi əməliyyatlar İsrail və ABŞ-ın İrana qarşı müharibə ilə eyni vaxtda başlayacaq - 17,27%

5. Qarabağda müharibə olmayacaq, indiki vəziyyət hələ 5-7 il də qalacaq - 15,83%

6. Suala cavab verməkdə çətinlik çəkirəm - 4,32%

Göründüyü kimi, rəy bildirənlərin 1/4-indən də azı ikinci qondarma erməni dövlətinin dünya birliyi tərəfindən tanınacağını güman edir. Bu da səbəbsiz deyil. Çünki ermənilər bu torpaqların onlara məxsus olmadığını ən azı qəlbən bilirlər, dilə gətirməsələr də. Dünya birliyi isə belə bir addıma getsəydi, 18-19 ildə gedərdi. Və illər ötdükcə buna inam da erməni toplumunda azalır. Əminik, sorğu gələn il keçirilsə nikbinlərin sayı bir qədər də az olacaq.

Dünya birliyi tanınmaya getmir həm də ona görə ki, münaqişəni Ermənistan-Azərbaycan dövlətlərarası münaqişə kimi qəbul edir, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından doğan konflikt sayır, nəinki erməni etnik azlığın milli azadlıq mücadiləsi kimi. Elə sülh danışıqları da eyni səbəbdən Bakı ilə İrəvan arasında aparılır - erməni tərəf prosesə Xankəndini tərəf kimi qoşmağa illər uzunu cəhdlər eləsə də.

Bu, elə dünya tərəfindən işğalın, separatçılığın tanınması anlamına gəlir. BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa Parlamenti, NATO Parlament Assambleyasının qətnamələri də bunu, münaqişədə iki tərəfin - təcavüzə məruz qalanla təcavüzkarın olduğunu birmənalı ortaya qoyub.

Tanınma məsələsini əngəlləyən başqa mühüm səbəb konfliktin əsas memarının Rusiya olmasıdır. Yəni beynəlxalq demokratik ictimaiyyət başa düşür ki, problem ermənilərdən daha çox, Kremlin regiondakı maraqları ilə bağlıdır, yoxsa Ermənistanla Azərbaycan çoxdan dil tapmışdılar, zira, heç bir ciddi insani, iqtisadi resursu, dünya okeanına çıxışı olmayan cırtdan Ermənistan güclü və imkanlı Azərbaycanın 20 faiz ərazisini uzun müddət işğalda saxlaya bilməz. Gerçək bu ki, Güney Qafqazda ikinci erməni dövlətinin müvəqqəti varlığı Ermənistanın deyil, Rusiyanın köklü maraqlarına hesablanıb.
Qətiyyən təsadüfi deyil ki, rəy bildirənlərin az qala yarısı (28, 06 + 17,27 = 45 faiz) problemin hərbi vasitələrlə həll variantını real sayır. Çünki əmindilər ki, Rusiya əlini Ermənistanın üzərindən çəkən kimi, yaxud işğalçı ölkəyə hərbi kömək imkanı sıfıra enən kimi Azərbaycan məsələni qısa müddətdə və radikal şəkildə öz xeyrinə həll edəcək.

Erməni politoloqlar isə üstəlik, “DQR” adında qurumun yaşamaq qabiliyyətində olmadığının bildirirlər (Guya Ermənistanın özü müstəqil yaşamaq qabiliyyətindədi ki). Məsələn, bu günlərdə Ermənistanın “Ayazn” İttifaqı Mərkəzi Orqanının üzvü Armen Mkrtçyan bu günlərdə Dağlıq Qarabağın Ermənistanın vilayəti kimi tanınması məsələsinə həsr olunan mitinqdə Dağlıq Qarabağın müstəqilliyini tanımağın yanlış addım olduğunu bəyan edib. Sitat: “Arsaxı çoxdan Ermənistana birləşdirmək lazım idi”.

Analitik Armen Ovannisyana görə isə “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi müstəqillik haqqında bəyannamənin (Ermənistanın - Z.S.) bəndlərindən biridir” və bu bəndi çoxdan reallaşdırmaq lazım idi". Dağlıq Qarabağın Ermənistana de-yure birləşdirilməsinin müharibəyə gətirəcəyinə gəlincə, Ovanisyan deyib: “Bir neçə gün öncə İlham Əliyev dedi ki, o, ”heç vaxt iki erməni dövlətinin varlığı ilə barışmayacaq". Bu (yəni iki yox, vahid erməni dövlətinin varlığı - Z.S.) məqsədəuyğundur, çünki əks halda, biz üzərimizdəki yükdən xilas oluruq, eyni zamanda onu arsaxlıların üzərinə qoyuruq. Bu qəbuledilməz və persperktivsizdir. Hamımız bilirik ki, azad edilmiş ərazilər məskunlaşdırılmalıdır. Ancaq kiminlə? Deyirlər ki, Arsaxın geniş muxtariyyəti var. Ancaq kim deyir ki, biz onu onun əlindən almaq istəyirik? Əksinə, bu, yeni Ermənistanın yaradılmasına kömək edəcək. Biz almaq yox, vermək istəyirik".

Öz növbəsində qondarma qurumun birinci “baş komandanı” olmuş Arkadi Krapetyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin əleyhinə olmadığını bildirib. Sitat: “Biz həmişə Arsaxı bütövün tərkib hissəsi saymışıq. Bəzi şəxslərdən fərqli olaraq heç kimin ağlına belə gəlmir ki, Arsax Ermənistandan ayrı yaşaya bilər”.

Bu kimi açıqlamalar və etiraflar bir daha Qarabağ konfliktinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından və ilhaq siyasətindən doğduğuna şübhə yeri qoymur və öz müqəddəratını təyinetmə tələbinin siyasi oyun olduğunu təsdiqləyir. Belə olan halda Qarabağ ermənilərinə hansı haqla öz müqəddəratını təyinetmə hüququ tanına bilər görəsən? Və hansı haqla münaqişənin həllində bu beynəlxalq prinsip də tətbiq edilməlidir?

Zahid SƏFƏROĞLU
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed