Şrift:
Agentlik: Bu şəxslər icbari tibbi sığorta haqqını ikiqat ödəməlidir
30.01.2020 [12:06] - Hüquq
İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdə hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə yaxın uşaq təhkim olunacaq. Bunu "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Onun sözlərinə əsasən, artıq 1 aya yaxındır ki, şimal bölgəsində icbari tibbi sığorta sistemi tətbiq edilir: "Yanvarın 1-dən şimal rayonlarında əhali icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb. Nəticələr qənaətbəxşdir. Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib".
Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünü azaltmaq olduğunu deyən V.Qurbanov əlavə edib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq. Departament rəhbəri qeyd edib ki, iki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə üz tutduqda, ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. V.Qurbanov bildirib ki, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir: "Vətəndaş xəstəxanaya müraciət edərək "mənim burada yatmağıma icazə verin" deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidirlər".

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed