Şrift:
“Nağıl dolu dünya” adlı konsert-tamaşa təqdim olunub
03.02.2020 [19:05] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdləri tərəfindən “YARAT” Müasir İncəsənət Məkanında “Könüllülər ili”nə həsr olunmuş “Nağıl dolu dünya” adlı konsert-tamaşa təqdim edilib. İdarədən bildirilib ki, “Nağıl dolu dünya” adlı konsert-tamaşa dörd musiqili nağıldan ibarətdir. Tariximizlə bağlı olan birinci nağılda rəqs edən şagirdlərin ifasında sanki Qobustanda qayaüstü təsvirlər canlanır, nağaraçıların ifasında isə “Qaval daşı” səslənir.
Nənənin nəvələri ilə dialoqundan ibarət olan ikinci nağıl Q.Qarayev musiqisinə həsr olunub. Q.Qarayevin ev-muzeyində olan nəvələr nənə ilə öz təəssüratlarını bölüşüblər. Onlar “Don Kixot” simfonik qravüralarından, “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən parçalar ifa edərək bəstəkarın nağıl dolu həyatını canlandırıblar.
Özəyi xalq musiqisi olan üçüncü nağılda şagirdlərin ifasında xalq mahnıları, rəqs nümunələri və instrumental parçalar səslənib. Doğma yurdumuza həsr olunan dördüncü nağılda vətənpərvər şagirdlər Azərbaycana olan sevgilərini musiqinin dili ilə təqdim ediblər.
Konsert-tamaşanın bədii rəhbəri və ideya müəllifi məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifovadır. O deyib: “Dünyada nağıllar çoxdur. Hər bir xalqın öz nağılları var. Səhnələşdirdiyimiz nağılımız isə keçmiş və gələcəyimizlə, xalq musiqimiz və bəstəkar əsərlərimizlə sıx bağlıdır. Biz tədbirimizlə şagirdləri ölkəmizin bilikli, bacarıqlı və vətənpərvər övladları olmağa çağırırıq”.
Konsert-tamaşa böyük maraqla qarşılanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed