Şrift:
AKP iqtidarının Türkiyə silahlı qüvvələrində apardığı “təmizləmələr” onun döyüş qabiliyyətinə zərbə vurub, kürd terrorçuları ölkənin cənub-şərqində at oynadır
21.09.2012 [11:18] - Xəbərlər, Siyasət
TÜRKİYƏ ORDUSU PKK İLƏ DÖYÜŞLƏRDƏ AĞIR İTKİLƏR VERİR

Türkiyə ordusu ölkənin cənub-şərqində PKK terrorçularına qarşı döyüşlərdə ağır itkilərə məruz qalır. Yerli mənbələrin xəbərinə görə, təkcə son bir ayda türk ordusunun PKK ilə döyüşlərdə verdiyi itkilərin sayı 100-ə yaxındır. Kürd terrorçu qruplaşmalarının Suriyanın şimalında nəzarəti ələ almasından sonra Türkiyədə də “muxtar bölgə” elan etmək üçün başlatdığı intensiv hücumlar fonunda NATO-nun sayca ikinci böyük ordusu bir çox hallarda öz kazarmalarını qorumaqda belə çətinlik çəkir.

Türkiyə ordusu az qala hər gün PKK ilə döyüşlərdə bir neçə əsgərini itirir. Bir çox hallarda itkilər komandanlığın buraxdığı kobud səhvlər və köməyə vaxtında əlavə qüvvələrin göndərilməməsi, yaxud terrorçuların yol kənarlarına yerləşdirdikləri minaları işə salması üzündən baş verir. PKK taktikanı dəyişib və əvvəlki kimi təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum edib qaçmır, əksinə, daha böyük sayda qüvvə ilə hücum edərək ölkənin cənub şərqindəki yaşayış məntəqələrini, ordunun mövqelərini tutmağa çalışır.

Sentyabrın 19-da Bingöl vilayətində PKK terrorçuları hərbçiləri daşıyan avtobusu yol kənarına yerləşdirdikləri bombanı uzaqdan işə salmaqla asanlıqla partlada biliblər. Bu zaman 10 əsgər həlak olub, 70 hərbçi yaralanıb. Yaralı əsgərlərin danışdıqlarına görə, hərbi konvoyu müşayiət edən zirehli avtomobillərdə onları pusquya salan PKK-çılara qarşı atəş açmaq üçün sursat olmayıb, üstəlik-zirehli maşınlar yaralıları hadisə yerində qoyaraq qaçıblar. Yaralıların bildirdiyinə görə, onlar termal kameralarla pusquya dayanmış PKK-çıları görüblər, lakin hərbi sursat olmadığı üçün onlara atəş açmaq mümkün olmayıb. Digər kobud səhv isə əsgərlərin hər gün PKK-çılarla döyüşlərin getdiyi bölgəyə mülki sərnişin avtobusları ilə daşınması olub. Terrorçular isə faktiki olaraq heç bir müqavimətə rast gəlmədən 15-20 dəqiqə ərzində partladılmış avtobusdakı əsgərləri gülləbaran edərək bölgədən uzaqlaşıblar.

Dünənə olan məlumatda isə deyilirdi ki, PKK-çılar Bingöl vilayətinin Beytüşebab qəsəbəsini ələ keçirmək üçün ikinci dəfə hücuma keçiblər və silahlı qüvvələrin ərazidəki mövqelərini güclü atəş altında saxlayırlar. Terrorçular jandarma qüvvələrinin qəsəbədəki batalyonunun qərargahına da hücum edib, döyüşlərin gün ərzində davam etdiyi, itkilər barədə məlumatların olmadığı bildirilirdi. Hakkaridə də isə PKK-çılar xüsusi təyinatlı polis qüvvələrinin mövqelərinə hücum edib.

Türkiyə mətbuatının yazdığına görə, silahlı qüvvələr PKK ilə döyüşlərdə heç vaxt bu cür intensivliklə ağır itkilərə məruz qalmayıb. PKK isə İran və Suriyadan əsas qüvvələrini cəlb edərək ölkənin cənub-şərqinə nəzarəti ələ almağa çalışır. Analitiklərə görə on illərdir PKK ilə döyüşən Türkiyə silahlı qüvvələrinin üzləşdiyi indiki mürəkkəb situasiya onun terrorla mübarizə üzrə peşəkarlaşmış çoxsaylı komandanlarının həbsdə olması, yaxud vəzifələrindən uzaqlaşdırılmasıdır. AKP hökumətinin vaxtilə Türkiyədə dünyəvi dövlətin əsas təminatçısı hesab olunan silahlı qüvvələri zəiflədib siyasət üzərində təsirini aradan qaldırmağa, habelə keçmişdə ordunun islamçılara qarşı etdiklərinə görə qisas almağa yönələn siyasəti öz nəticəsini verməkdədir. Hazırda Türkiyə ordusunun aralarında keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ da olmaqla, 200-dən çox generalı “terrorçu” kimi həbsdədir. Silahlı qüvvələrin yüksək rütbəli mənsublarına qarşı “terror təşkilatı qurmaq” və “AKP hökumətini devirmək” ittihamları ilə çoxsaylı cinayət işləri açılıb. Həbs olunanların böyük əksəriyyəti məhz vaxtilə ölkənin cənub-şərqində PKK terrorçularına qarşı uğurlu döyüş əməliyyatlarına başçılıq edən komandanlardır. Şübhəsiz ki, silahlı qüvvələrə qarşı davam etməkdə olan təqib kampaniyası onun döyüş qabiliyyətinə və hərbçilərin psixoloji durumuna da mənfi təsirlərsiz ötüşə bilməzdi. Hansı ki, bu təsirlər özünü PKK ilə son qarşıdurmada göstərməkdədir.

Türkiyə silahlı qüvvələrinin hər gün itkilər verdiyi bir vaxtda AKP siyasi islamçıların uzun müddətdir həsrətində olduğu ideyanı-dini məktəblərin məzunlarının hərbi məktəblərə qəbulunun yolunu açan düzəlişi parlamentə təqdim etməyə hazırlaşır. Bu düzəliş təsdiqlənəcəyi halda polis və prokurorluq orqanlarından sonra silahlı qüvvələrdə də hazırda hakimiyyətə nəzarət edən dini təriqətlərin mənsublarının möhkəmlənməsinə imkan yaranacaq.

Siyasət şöbəsi
Bu xəbər oxucular tərəfindən 1481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed