Şrift:
Şamaxıda media düşərgəsi çərçivəsində “Avro-2020”nin təqdimatı olub
11.02.2020 [09:59] - İdman
Şamaxıda idman jurnalistləri üçün təşkil edilən media düşərgəsində futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı təqdimat olub. Əvvəlcə turnirə ev sahibliyi edəcək ölkələrdən bəhs edən videoçarx göstərilib. “Avro-2020”nin Yerli Əməliyyat Qrupunun media və ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Kamran Talıbov Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunlarının 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, Bakıda keçiriləcək oyunlara rekord sayda - 6797 könüllü müraciət edib. Bu göstəriciyə görə Azərbaycan birinci yerdədir. “Avro-2020”nin fan zonası Ağ şəhər bulvarında quraşdırılacaq. Burada üç böyük monitor və səhnə hazırlanacaq. Həmçinin martda Bakıda “Avro-2020” Məlumat Mərkəzinin də istifadəyə verilməsi nəzərdə tutulub. “Avro-2020”yə bilet satışından danışan K.Talıbov vurğulayıb ki, 125, 75 və 30 avro olmaqla üç kateqoriyada təklif olunan biletləri internet vasitəsilə əldə etmək mümkündür. Martdan etibarən birbaşa satış da təşkil ediləcək. Bakıdakı qarşılaşmalar üçün indiyədək 118 min 840 bilet satılıb. Onlardan 19 min 59-u Uels-İsveçrə, 32 mini Türkiyə-Uels, 30 min 147-si İsveçrə-Türkiyə qarşılaşmalarına, 37 min 634-ü isə dörddəbir final oyununadır. İştirakçı komandaların hər birinin azarkeşləri üçün 8 min bilet nəzərdə tutulub. Qalan biletləri isə azarkeşlər ala bilərlər. Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva turnirə jurnalistlərin qeydiyyatı prosesinə apreldə start veriləcəyini deyib. Bildirib ki, oyunları işıqlandırmaq üçün 3 min media nümayəndəsinin akkreditasiya prosesində iştirak edəcəyi nəzərdə tutulub. Qeydiyyat prosesində yerli media nümayəndələrinə üstünlük veriləcək. Daha sonra “Avro-2020”nin Bakıda keçiriləcək oyunlarından bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən media düşərgəsində Azərbaycan ilə yanaşı, Türkiyədən və Rusiyadan da jurnalistlər iştirak edirlər. İkigünlük düşərgədə Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının təqdimatı olacaq. Daha sonra jurnalistlərdən ibarət komandalar arasında atıcılıq, bilyard, boulinq və stolüstü tennis üzrə yarışlar keçiriləcək. Tədbir çərçivəsində müxtəlif əyləncəli idman yarışlarının da keçirilməsi nəzərdə tutulub. İdman jurnalistlərinin Meysəri şərab zavoduna ekskursiyası da planlaşdırılır.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed