Şrift:
Güləşçilərimiz Avropa çempionatında bir gümüş və iki bürünc medal qazanıblar
16.02.2020 [08:12] - İdman
Sərbəst güləşçimiz Ağahüseyn Mustafayev Romada keçirilən güləş üzrə Avropa çempionatında ikinci yeri tutub. Yarışların altıncı günündə sərbəst güləşçilər mübarizə aparıblar. Pəhləvanımız Ağahüseyn Mustafayev (70 kq) ilk mərhələdə Ermənistan idmançısı ilə üz-üzə gəlib. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 hesabı ilə önə keçib. Ancaq özünü itirməyən idmançımız inanılmaz əzmkarlıq nümayiş etdirərək geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş mükafatçısı yarışa inamlı qələbə ilə start verib. Təmsilçimiz sonra Belarus təmsilçisindən güclü olub. Ukrayna güləşçisini də mübarizədən kənarlaşdıran idmançımız yarımfinala adlayıb. A.Mustafayev Moldovadan olan güləşçiyə də qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Polşanı təmsil edən dağıstanlı həmkarına yenilən Ağahüseyn Avropa çempionatının gümüş medalı ilə kifayətlənib. Cəbrayıl Həsənov (79 kq) birinci görüşdə Gürcüstan təmsilçisi Nika Kentçadzeni sınağa çəkib. Millimizin kapitanı 23 yaşadək güləşçilərin dünya çempionu ilə qarşılaşmasında son dəqiqəyədək hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib. Üçqat Avropa çempionumuz Rumıniya güləşçisi ilə görüşdə xalların keyfiyyətinə görə mərhələ adlayan tərəf olub. Sonra Ermənistan güləşçisini məğlub edən təmsilçimiz yarımfinala vəsiqə əldə edib. Ancaq təcrübəli idmançımız Rusiya idmançısına uduzaraq finala çıxa bilməyib. Pəhləvanımız üçüncü yer uğrunda görüşdə türkiyəli idmançı ilə qarşılaşıb və minimal hesablı qələbə qazanaraq qitə birinciliyində səkkizinci dəfə fəxri kürsüyə qalxıb. Xatırladaq ki, bundan əvvəl güləşçimiz Əli Rəhimzadə Avropa çempionatında bürünc medala yiyələnib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed