Şrift:
İranda qadın şagirdlərin 80 ixtisas üzrə ali təhsil almasına qadağa qoyulub
24.09.2012 [11:31] - Güney Azərbaycan xəbərləri
İran Elm və Ali Təhsil Nazirliyinin yeni qərarına əsasən, artıq ölkənin 36 ali təhsil müəssisəsi bəzi ixtisaslar üzrə qızların tələbə statusu qazanmasına icazə verməyəcək. Qərar sentyabr 22-də İranda yeni tədris ilinin başlaması ilə qüvvəyə minib. Buna səbəb kimi onların məzun olduqdan sonra iş tapa bilməmələri əsas göstərilib.

Eyni zamanda bu qadağa bəzi ixtisasların “qadınların təbiətinə uyğun gəlməməsi” ilə əlaqələndirilir. Yeni qaydalara görə, İranın 36 universitetində ingilis ədəbiyyatı, ingilis dili tərcüməçisi, otel administratorluğu, arxeologiya, təhsil, məsləhətçilik, informatika, nüvə fizikası, elektrik və sənaye mühəndisliyinin də aralarında olduğu 80 ixtisas yalnız kişi şagirdlərə açıq olacaq.

Qeyd edək ki, UNESCO-nun məlumatına görə, dünyada qadın məzunların kişilərə nisbətən ən yüksək olduğu ölkə İrandır. Eyni zamanda İran Orta Şərqdə də qadınlara universitet qapılarını açan ilk ölkələrdən biridir. Ancaq son dövrdə normalda kişilərin əksəriyyət təşkil etdiyi fizika və mühəndislik kimi sahələrdə də qadın şagirdlərin sayı artıb. İranın din xadimləri isə evlilik və doğumun azaldığını deyərək, bu vəziyyətdən narahat olduqlarını dilə gətiriblər. Çünki İranda qadınlar yerlərin 65 faizini imtahanda daha müvəffəqiyyətli nəticə əldə edərək götürürdülər.
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed