Şrift:
Azərbaycanda rüşvət verənlər də həbs olunurmu? - ARAŞDIRMA
24.09.2012 [12:09] - Sosial
Cinayət Məcəlləsinin müvafiq bəndində rüşvət alanla verənin məsuliyyətə cəlb olunması məsələsi qeyd olunub

Son vaxtlar kifayət qədər vəzifəli şəxs rüşvət aldıqlarına görə cinayətə cəlb olunub. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış şöbəsi fəaliyyətə başladığı gündən həyata keçirdiyi 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs rüşvətalma cinayəti başında yaxalanıb.
Azərbaycanda rüşvət alanlar cinayətə cəlb olunsa da, rüşvət verənlər heç yada da düşmür. Əslində isə Cinayət Məcəlləsinin müvafiq bəndində rüşvət alanla verənin məsuliyyətə cəlb olunması məsələsi qeyd olunub. Hər iki tərəf üçün eyni zamanda cəza tədbirləri də nəzərdə tutulub.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, rüşvət alan və verən eyni məsuliyyət daşıyır. Onun sözlərinə görə, rüşvət verən də alanla bərabər cinayət məsuliyyətinə cəlb olunmalıdır:

“Son vaxtlar rəsmi statistikaya görə, daha çox vəzifəli şəxslərin rüşvət almasının şahidi oluruq. Çünki hər zaman korrupsiya cinayətlərində rüşvət alan tərəf kimi vəzifəli şəxslər çıxış edir. Ona görə də rüşvət almaqla bağlı cinayətlərin çox olması normaldır. Amma demək olmaz ki, rüşvət verənlər cinayətə cəlb olunmur. Rüşvət alanların da cinayətə cəlb olunma faktları var. Bir qayda olaraq rüşvət verən şəxslər Korrupsiya İdarəsinə və ya hüquq mühafizə orqanlarına məlumat verirlər. Məhz bu müraciət və məlumatların əsasında belə faktlar aşkarlanır”.

Praktika göstərir ki, korrupsiya ilə bağlı cinayət halların aşkarlanmasında istintaq orqanları ilə əməkdaşlıq etdiyinə və bu cür cinayətlərin üstünün açılmasında köməklik göstərdiyinə görə, rüşvət verən şəxs məsuliyyətdən azad olunur. Hüquqşünas onu da bildirib ki, bu günə kimi rüşvət verdiyinə görə, 5 nəfər məsuliyyətə cəlb olunub:

“Rüşvət verən adam könüllü olaraq müvafiq orqanlara müraciət edərsə, o məsuliyyətdən tam azad olunur. Amma rüşvət verənin rüşvət verməsinə məcburetmə halları ilə də az rastlaşmırıq. Qanunvericilik onu göstərir ki, əgər şəxs rüşvət verməyə təhrik edirlərsə və ya onu buna etməyə məcbur edirlərsə, həmin şəxs bu barədə könüllü şəkildə müvafiq orqanlara məlumat verirsə, məsuliyyətdən azad olunur. Rüşvət verdikdən sonra da cinayətini etiraf edən şəxs məsuliyyətdən müəyyən qədər azad olmuş olur”.

Hüquqşünasın sözlərinə görə, rüşvət verən bu barədə hüquq mühafizə orqanlarına məlumat vermirsə, onu 8 ilə kimi həbs gözləyir.

Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirdilər ki, korrupsiya ilə bağlı məlumatlar “qaynar xətt” vasitəsilə verildiyindən rüşvət verənlərin sayı məlum deyil:
“Ümumiyyətlə belə məlumatlar “qaynar xətt”ə daxil olur. Ona görə də rüşvət verənlərin statistikası aparılmır”.

Gültəkin Ələsgər
Bu xəbər oxucular tərəfindən 1560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed