Şrift:
“Mehmandarovlar” kitabında məşhur bir nəslin şəcərə bioqrafiyası araşdırılıb
18.02.2020 [07:30] - Mədəniyyət
Tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin Azərbaycanın görkəmli sülalələrindən olan Mehmandarovlar barədə qələmə aldığı kitab onun 40 ildən artıq bir dövrdə apardığı axtarışların məhsuludur. Müəllif bu mövzuda əldə etdiyi zəngin materiallar və nadir tapıntılar əsasında Qarabağ tarixinin ictimai-siyasi və etnik-mədəni irsinin nadir bir parçası olan məşhur bir nəsil haqqında mükəmməl bir tarixçə yaratmağa nail olub. Tədqiqatçı-jurnalistin uzun illər müxtəlif qaynaqlardan – ailə saxlanclarından, arxivlərdən, rusdilli və anadilli mətbuatın səhifələrindən tapıb topladığı materiallar, sənədlər, xatirələr, tarixi şəkillər əsasında hazırladığı Mehmandarovlar toplusu Qarabağın və dövlət müstəqilliyini itirdikdən sonra onu iki dəfə bərpa etməyə nail olmuş Azərbaycanın son iki yüzillik həyatının bir çox məqamlarını öyrənmək baxımından da maraq doğurur. Kitab Mehmandarovlar barədə ümumi məlumat və tarixi-etnoqrafik səciyyələndirmə bu nəslin geniş, şaxəli şəcərəsini canlandırmaqla yanaşı, həm də onların xalqımızın milli-mədəni həyatında oynadığı xüsusi rolu və xidmətlərinin çəkisini dolğun təsəvvür etməyə imkan yaradır.
Mehmandarovların iki aparıcı qolundan ətraflı bəhs edən kitab sülalənin Şuşa tirəsinin Vəzirovlarla, Rüstəmbəyovlarla, sonralar isə Şirvan əsilzadələrindən olan Mahmudbəyovlarla, Lənkəran xəttinin isə Talışxanovlarla qohumluqları və bu ailələrin tanınmış nümayəndələri barədə bir sıra çox mühüm məlumatlar ilk dəfə oxucu auditoriyasına çatdırılır. Mehmandarovların şəcərə bioqrafiyası və canlı salnaməsi olan kitab Qarabağ həqiqətlərini dünyada təsdiqləmək baxımından da tutarlı mənbədir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed