Şrift:
Konqresmen Dana Rohrabakerlə Güney azərbaycanlılarına dair eksklüsiv müsahibə [VİDEO]
25.09.2012 [11:08] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Konqresmen Dana Rohrabaker Amerikanın Səsinə eksklüsiv müsahibədə İran azərilərinin öz müqəddəratlarını həll etməsinə tərəfdar olduğunu bildirmiş və heç bir millətin istəmədəyi dövlətin tərkibində yaşamağa məhkum edilmədiyini vurğulamışdır. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Nəzarət və Araşdırma üzrə alt komitəsinin sədri cənab Rohrabaker Vaşinqtonda onun fikirlərinə ciddi önəm verildiyini deyib.

Sual: Cənab Rohrabaker, siz bu yaxınlarda Konqresdə İran azərilərinin öz müqəddəratını həll etmək hüququnu dəstəkləyən qətnamə layihəsi təqdim etmisiniz. Bu qətnaməni irəli sürməyə sizi nə sövq etdi?

Cavab: Əlbəttə ki, mən amerikalı kimi inanıram ki, insanların öz talelərini güllə qutusunda deyil, seçki qutusunda müəyyən etmək hüquqları var. Regiona səfər edəndə mənə aydın oldu ki, İranda müxtəlif xalqlar yaşayır ki, onlar molla rejiminin nəzarəti altında yaşamaq istəmirlər. Bu rejimin qəddarlığı üzündən onlar bu dindar fanatiklərin hakimiyyəti altında yaşamaqdansa müstəqil olmaq istəyərlər. Ona görə də qərar verdim ki, dünyanın başqa yerlərində olan xalqlar kimi bu xalqa da dəstək verim. Onların hansı ölkədə, hansı hökumət altında yaşamaqlarını seçmək hüququ var. Belə ki, bu hökumət onlarla çox pis rəftar edir və onların insan haqlarını tapdayır. Ola bilsin ki, onlar artıq bu hökumətin idarəçiliyi altında olmaq istəmirlər. Onlara öz gələcəklərini müəyyən etmək üçün səsvermə hüququ vermək lazımdır.

Sual: Siz ictimaiyyətə açıqlamanızda demisiniz ki, İran azərilərinin taleyi Vaşinqton bürokratlarının yaxud İrandakı molla diktaturasının əlində olmamalıdır. Siz inanırsız ki, etnik azərilərin öz müqəddəratlarını həll etməsinə gəldikdə ABŞ Dövlət Departamenti ilə İran hökuməti arasında razılıq var?

Cavab: Zənnimcə, ABŞ hökuməti dünya ölkələrində sabitliyin saxlanması üçün lazım olduğundan çox canfəşanlıq göstərir və bu üzdən heç də həmişə müxtəlif xalqların öz müqəddəratlarını müəyyən etməsinə dəstək vermir. Bunun isə insan haqları üçün ciddi fəsadları var. Çünki əgər bir ölkənin tərkibində elə bir xalq varsa ki, onlar bu ölkənin yaxud cəmiyyətin bir hissəsi olmaq istəmir, bu insanlar zülmə məruz qalır. Fikrimcə, ABŞ üçün ən münasib siyasət müstəqil olmaq istəyən bu insanların azad və vicdanlı səsvermədə öz müqəddəratlarını həll etməsinə dəstək verməkdir. Biz bu nümunələri çox görmüşük. Çexoslovakiyada çexlər və slovaklar dinc şəkildə ayrıla bildilər. Hindistan və Pakistan da eləcə. Həmçinin Pakistan və Banqladeş. Belə çox ölkələr var. Bu yerlərdə insanlar qərara aldılar ki, onlar daha həmin ölkənin və hökumətin bir hissəsi olmaq istəmirlər. Onlar ya müstəqil olmaq ya da başqa ölkənin tərkibinə keçmək istəyirlər. Biz bu məsələlərdə insanların səsvermə hüququnu dəstəkləməliyik.

Sual: Amerikada rəsmilər tez-tez ABŞ-ın “status-kvo dövləti” olduğunu vurğulayırlar – yəni Vaşinqton bütün hallarda ərazi bütövlüyünü dəstəkləyir. Sizin İranı bölmək istədiyinizi deyən adamlara cavabınız nə olardı?


Dünya xalqları 200 il bundan əvvəl verilmiş vədlərə, tərtib olunmuş planlara tabe tutulmamalıdırlar. 200 il öncə Avropa imperialistlərinin yaratdığı sərhədləri və münasibətləri müdafiə etməyimiz üçün heç bir əsas yoxdur. Planetin bir çox guşələrində sərhədlər yerli insanların iradəsinə zidd olaraq kolonial qüdrətlər tərəfindən müəyyən olunub.

Cavab: Mən İranın bölünməsinə inanmıram. Mən ona inanıram ki, insanlar hansı ölkə və hansı strukturda yaşamalarına özləri qərar verməlidirlər. Mən bu ölkələrin bölünməsinə inanmıram. Amma mən bir şeyə inanıram: Dünya xalqları 200 il bundan əvvəl verilmiş vədlərə, tərtib olunmuş planlara tabe tutulmamalıdırlar. 200 il öncə Avropa imperialistlərinin yaratdığı sərhədləri və münasibətləri müdafiə etməyimiz üçün heç bir əsas yoxdur. Planetin bir çox guşələrində sərhədlər yerli insanların iradəsinə zidd olaraq kolonial qüdrətlər tərəfindən müəyyən olunub. Bunu necə dəyişə bilərik? Biz istər azərilərin, istər bəlucların, istərsə də kürdlərin seçkilər vasitəsilə öz müqəddaratlarını müəyyən etməsinə dəstək verməliyik. İnsanların səsvermə hüququ olmalıdır. Bəziləri mənə deyirlər ki, mən İranı parçalamaq istəyirəm. Xeyr! Mən insanlara seçki qutusunda öz talelərini həll etmək şansı vermək istəyirəm. Bunu etməməyimiz üçün heç bir əsas yoxdur.

Sual: Biz İranın nüvə proqramı yaxud dini radikalizmi haqda tez-tez eşidirik. Amma siz ilk seçkili ABŞ rəsmisisiniz ki, İrandakı etnik azlıqların taleyinə diqqət cəlb edirsiniz. Siz Amerika cəmiyyətinin yaxud hökumətinin başqa hissələrindən dəstək alacağınızı gözləyirsinizmi?

Cavab: Hesab edirəm ki, Amerika xalqı bizim hökumətimizin xarici siyasəti haqda fundamental şəkildə vicdanlı debat keçirməlidir. İndiyədək biz “status-kvo” qüdrəti olmuşuq. Bu, bizi düzgün təsvir edir. Biz başqa ölkələrin vahid qalacağını gözləyirik. Özümüzü başqalarının problemləri ilə narahat etmək istəmirik. Çexlər və slovaklar bunu dinc şəkildə həyata keçirdilər. Bu məsələlər dinc yolla həll oluna bilər. Çexlərin və slovakların İkinci Dünya Müharibəsindən öncə təsis olunmuş quruluş altında yaşaması üçün heç bir əsas yox idi. Mənim mövqeyim azadlıq mövqeyidir. Bu, Amerika xalqının dəyərlərinə də uyğun gəlir. Xalqların haqları var ki, müstəqil olub-olmamalarını müəyyən etsinlər. Bunu iranlı-amerikalılar və İranda yaşayan adamlar daha yaxşı anlamalıdırlar. Çünki İranda çoxluqda olan farslar həmin ölkəni idarə edir. Amma orada başqa etnik qruplar var ki, onlar molla diktaturası altında yaşamaq istəmirlər. Bu, molla diktaturasını zəiflətməyin bir yoludur. Ola bilsin ki, ondan sonra azad seçkilər olacaq. Ola bilsin, azərilər İranın tərkibində qalmağa səs verəcəklər. Amma bu, molla diktaturasını zəiflədəcək. Bu, müsbət hal olardı.

Sual: Tənqidçilərinizdən və sizi dəstəkləyənlərdən nə kimi reaksiyalar almısınız?

Cavab: Məni təəccübləndirən odur ki, o iranlı-amerikalılar ki, molla diktaturasından canlarını qurtarıb bura gəliblər, mənim molla diktaturasını zəiflətmək üçün irəli sürdüyüm təklifi başa düşmürlər. Bu hökumət onlara zülm edib və bu üzdən onlar həmin ölkəni tərk ediblər. Onların bu təklifi tənqid etməsi çox qəribədir. Bəziləri deyirlər: “Bu, dəhşətdir. azərilər özlərini iranlı hesab edirlər.” Niyə mənə qəzəblənirlər? Niyə onlar bundan narahatdırlar? Anti-molla iranlıların buna neqativ reaksiyası mənim üçün çox təəccüblüdür. Guya ki, mən azərilərin avtomatik müstəqillik almasını təşviq edirəm. Mənim mövqeyim qətiyyən belə deyil. Əgər bu adamlar haqlıdırlarsa, və əgər azərilər həqiqətən də İranın tərkibində qalmaq istəyirlərsə, onda onlar buna səs verəcəklər. Məsələ bu qədər sadədir.

Sual: Siz Respublikaçısınız və sizin partiyanızın namizədi Ağ Ev uğrunda mübarizə aparır. Siz inanırsız ki, azərilərin öz müqəddəratları uğrundakı mübarizəsi Mitt Romni adminstrasiyası dönəmində ABŞ-ın İran siyasətinin təməl prinsipinə çevrilə bilər?

Cavab: Çoxları bilir ki, mən Vaşinqtonda öz fikirlərimi açıq şəkildə ifadə etməyimə görə tanınıram. Amma çox sayda adam var ki, mənim təklif etdiyim fundamental ideyalara diqqət yetirir. Mənim təklif etdiyim müxtəlif növ xarici siyasət məsələlərinə fundamental şəkildə fərqli yanaşmadır. Əvvəldə insanlar buna qarşı çıxırlar. Bir müddət keçdikdən sonra onlar bunu ciddi qəbul edirlər. Mən uzun müddət bir sıra xarici siyasət islahatlarının mənbəyi olmuşam. Belə bir şans var ki, yeni administrasiya mənim xarici siyasət təkliflərimə diqqət yetirəcək. Mən təklif etmişəm ki, xaricə Amerika qüvvələrini göndərməkdənsə, biz özümüzə dostlar tapaq və onlara kömək edək. Düşmənlərimizin düşmənlərinə yardm göstərək. Bu, Amerikanın hərbi qüvvəsindən istifadə etməkdən daha cəlbedici seçimdir. Zənnimcə yeni adminstrasiya bunun maliyyə səmərəliliyi baxımdan effektivliyini anlayacaq. Xaricə qoşun göndərmək çox bahadır. Bundan əlavə, bu, insanlarda nifrət hissi oyadır. Amma azad və ədalətli seçkilərin keçirlməsini tələb etməklə insanlara yardım etsək, bu, yaxşı qarşılanar. Biz azərilərlə dost olmalıyıq, İrada və İranda da kürdlərlə həmçinin. Onlar öz müqəddaratlarını müəyyən edə bilməlidirlər.

http://www.amerikaninsesi.org/content/konqresemn-dana-rohabacher/1512704.html
Bu xəbər oxucular tərəfindən 1457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed