Şrift:
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
19.02.2020 [08:44] - Mədəniyyət
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Gözəl Bahar” pyesinin motivləri əsasında səhnələşdirilən “Bahar“ tamaşasının premyerası olub.
“Əngəlləri səhnədən aşaq...” şüarını əsas götürən yaradıcı heyət bu dəfə teatrın nəzdində yaradılan azyaşlı aktyorlardan ibarət “Oyuq” və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların cəmləşdiyi “Küllücə” teatr-studiyalarını bir səhnədə toplayıb.
Tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova, xoreoqrafı Günay Əhməddir. Uşaqlara təbiəti, fəsilləri, insanları sevməyi təlqin edən, onları ətraf mühitin qorunmasına səsləyən birhissəli musiqili uşaq tamaşasında rolları Nazan Qafarova, Həcər Abdullayeva, Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar Süleymanzadə, Aslımaral Umarova, Sofiya Əlizadə, Murad Abdurrəhmanov, Aysu Cəbrayılova, Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı və başqaları ifa ediblər.
Qeyd edək ki, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatına üzv fiziki məhdudiyyətli istedadlı balacaların da yer aldığı “Küllücə” teatr-studiyası iki ildir ki, fəaliyyətə başlayıb və bu müddət ərzində ətrafına xeyli sayda fiziki və əqli məhdudiyyətli balacaları toplaya bilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed