Şrift:
Boks Federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil edib
19.02.2020 [09:00] - İdman
Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə peşəkar boks sahəsində beynəlxalq səviyyəli təlimlər təşkil edib. Proqram çərçivəsində ilk təlim Bulvar Oteldə, peşəkar boks referi və hakimləri üçün keçirilib. Təlimi 2000-dən çox peşəkar döyüşlərdə, həmçinin 300 titul görüşlərində, hakimlik etmiş, təcrübəli İtalyan hakim Guido Cavalleri keçirib. Təlimin sonunda hakimlər imtahan verib və WBC-nin xüsusi sertifikatları ilə təltif olunublar. İkinci təlim isə 12 fevralda katmanlar üçün İspaniyalı təcrübəli katman Rodriguez “Tinin” Dominguez Agustin tərəfindən keçirilib. Təlimlər ümumən 40 nəfər iştirakçını əhatə edib.
“Azərbaycan Peşəkar Boks Federasiyası ötən il yenidən təşkil olunaraq aktiv fəaliyyətə başlayıb. Federasiyanın məqsədi ölkədə peşəkar boksu inkişaf etdirməkdir və bunun üçün boksçular, promouterlər və menecerlər ilə iş aparırıq. Dünya Boks Şurası (WBC) ilə ötən il əməkdaşlığa başlamışıq və bu beynəlxalq səviyyəli təlimləri təşkil etmişik. Bunlar hamısı Azərbaycanda peşəkar boks döyüşləri keçirməyə imkan verəcək. Arzumuz odur ki, bizim peşəkar boksçularımız ən yüksək beynəlxalq arenalarda bayrağımızı ucaltsınlar”, - Azərbaycan Peşəkar Boks Federasiyasının Prezidenti Artyom Həsənov bildirib.
Təlimlər Azərbaycanda peşəkar boks sahəsində referilərin, hakimlərin və katmanların peşəkarlığının artırılmasına xidmət edib. Bunun nəticəsində Federasiyanın nəzdində beynəlxalq tələblərə cavab verən Peşəkar Boks Komissiyası yaradılıb. Döyüşlərin qaydalara uyğun keçirilməsini idarə edəcək Komissiyanın yaradılması Azərbaycanda peşəkar boks döyüşlərini təşkil etməyə imkan verəcək. Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə peşəkar boksun inkişafı üçün müxtəlif işləri davam etdirəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed