Şrift:
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19.02.2020 [09:28] - Hüquq
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hakimliyə namizədlərin tədris proqramına bir çox aktual mövzular, o cümlədən hakimlərin etik davranış qaydaları və deontologiyası ilə bağlı mövzular daxil edilib. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin etik davranış məsələləri mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə 2007-ci il iyunun 22-də Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər üçün spesifik əxlaq və etik tələbləri, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayan və peşə fəaliyyətinə münasibətini müəyyən edən Etik Davranış Kodeksi qəbul olunub. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında Məhkəmə-Hüquq Şurasına həmin Kodeksin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin olunması tapşırılıb. Ədliyyə Akademiyasında kurs keçən hakimliyə namizədlərlə etik davranış məsələlərin tədrisinə mühüm önəm verilərək Etika Akademiyası ilə birgə “Daxili bacarıqların inkişafı” mövzusunda üçgünlük təlim keçirilib. Təlimin açılışında namizədlərin daxili bacarıqlarının inkişafı, onların yüksək davranış standartlarına və təsir mexanizmlərinə yiyələnmələri üçün təlimin əhəmiyyəti qeyd olunub.
Tədbirdə Böyük Britaniyanın ICM institutunun HR üzrə mütəxəssisi, etiket və yüksək standartlar üzrə təlimçi-hüquqşünas Günel İbrahimin mövzu ilə bağlı təqdimatı dinlənilib. Namizədlərə geyim kodeksi, protokol nitq, diksiya, natiqlik, söz ehtiyatının çoxaldılması, yaddaş məşqləri, stressə davamlılıq texnikaları aşılanıb. Təlim zamanı interaktiv məşğələlərə maraq göstərən namizədlər bir neçə əyani məşğələdə iştirak edib, alimlərin ən son ixtiralarına istinad edən daxili bacarıqların inkişafı texnikasını, natiqlik mövzusunda xüsusi qısa düsturlar və təsir texnikalarını mənimsəyib, stressə davamlılıq kateqoriyasında özünü motivasiya edən fəndlər haqqında məlumat alıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed