Şrift:
Xocalıdan olan o qız
25.09.2012 [11:23] - DAVAMın yazıları
Zeynəb Kazımova
ADU-nun mətbuat katibi


Bu il ADU-ya qəbul olmuş birinci kurs tələbələrilə keçirilən görüş zamanı ən yüksək balla universitetə daxil olmuş tələbələrə söz verildi. İlk səhnəyə çıxan cılız bir qız ADU-ya ən yüksək – 665 balla qəbul olan tələbə məhz bu universiteti seçdiyini, elə burada təhsil almaq həvəsinin olduğunu və arzusunun yerinə yetərək Dillər Universitetinə qəbul olunduğunu dedi. Bir-iki cümləlik çıxışının sonunda öz müəllimlərinə də təşəkkür etməyi unutmadı. Bu təşəkkürlər içərisində Xocalı rayon Yalava kənd məktəbinin müəllimləri də vardı...

O, Xocalını görməyib, bu haqda ancaq evdəkilərdən eşidib. Xocalı şəhəri onun üçün bəlkə də dumanlı yuxu içərisindən görünən bir məkandır. Amma Xocalı soyqırımı, sözsüz ki, onun ailəsindən də yan keçməyib. Xocalının yerlə yeksan olmuş evləri, soyuqdan donan insanların cəsədləri səpələnmiş düzlər, vəhşiliyin ən son dərəcəsindən də ötə Xocalıların başına gətirilənlər, bütün Azərbaycan xalqının soyqırımı... bunları dəhşətli bir yuxunun qorxunc kadrları kimi gözünün önünə gətirir.

...Biz Xocalıdan fevral ayında danışmağa daha çox öyrənmişik. Hərdən adama elə gəlir ki, Xocalı sanki fevralda doğulub, fevralda da ölüb. Xocalınını yazı, yayı, payızı olmadımı heç? Xocalıda otlar, güllər, çiçəklər bitmədimi, yaşıllıqlar olmadımı heç? Xocalıda isti hava, təmiz səma, dağların sərin mehi əsdimi heç? Xocalıda fəsillər donub sanki, qışdı həmişə. Özü də fevralın şaxtalı-sazaqlı qışı..

... Sən məni yaman təsirləndirdin, Xocalıdan olan qız. Həmin gündən bu yana elə hey sənin haqqında düşünürəm. Xocalı işğal olunanda mən təxminən sən yaşda idim. Həmin vaxt ermənilər Qazağın kəndlərini və rayon mərkəzini hər gün atəşə tuturdular. 1992-ci il fevralın 26-sı səhər bizi məktəbdən evə tez buraxdılar. O zaman belə hallar tez-tez olurdu. Hətta bir gün Ədəbiyyat dərsi keçdiyimiz vaxt Nəsiminin “Məndə sığar iki cahan” qəzəlini lövhədə söyləyirdim. Atışma başlamışdı və biz döyüş səslərini aydın eşidirdik. Mən isə dayanmadan aramla qəzəli axıracan söylədim. Başqa bir gün isə Cöğrafiya müəllimimiz atışma başlayan kimi bizi evə göndərdi və onun həyəcanlı səsi hələ də qulağımdadır. “Gedin , burda sizə bir şey olmasın!”

Xocalı haqda elə şeylər danışırdılar ki, insanlar o qədər dəhşətə gəlmişdilər ki, sinfimizdə oğlanlı-qızlı hamımız cəbhəyə getmək istəyirdik. Biz Xocalıların qanına susamış erməni qatillərini məhv etmək istəyirdik. Sinifdə hamımız bir nəfər kimi müharibəyə yollanmaq istəyirdik. Biz mütləq cəbhəyə gedəcəyik, Xocalının qisasını alacağıq! Biz o zaman anaların, bacıların, qardaşların, qocaların, körpələrin - HAMInın qisasını almaq istəyirdik. Tənəffüsdə ancaq bunu müzakirə edirdik. Amma... gedə bilmədik.

... Sən “Xocalı” dedin. Mən isə nələr düşündüm, haralara getdim, xəyalım harada dolaşdı, yadıma məktəb illərimi saldın. “Xocalıdanam” dedin. Sənə elə bil ki, heyrətlə baxdım. Mən sənin yaşda olanda bu şəhərin qisasını almağa gedirdim axı. Amma o, hələ də düşmən əlindədir. Elə bildim, günahkaram. Elə bildim, sənin Xocalıda deyil, başqa yerdə dünyaya göz açmağının səbəbkarı mənəm. Axı mən o şəhəri xilas edəcəkdim...

...Sən yüksək bal topladın, ali məktəbə daxil oldun. Mən isə o vaxt ali məktəbə hazırlaşanda da cəbhə məni səsləyirdi. Döyüşmək istəyirdim, sənin üçün, özüm üçün, öz yaşıdlarım üçün....

İndi sən tribunadan çıxış edirsən. Elə bilirəm, zaldakı qızların ən gözəli sənsən, Xocalıdan olan qız. Səsin zəif gəlir, ürkəksən, yəqin ki, ilk dəfədir mikrofondan söz deyirsən. Qarşında 500 nəfərlik zal var. “Xocalı” deyəndə sanki səsin qırılır. Ya da, mənə elə gəldi, bilmirəm. Amma sən gur səslə de bu şəhərin adını, başını uca tut. Sən Xocalıdansan! Sən Azərbaycanın minlərlə dağıdılmış, yüzlərlə talan olmuş yurdlarından biri olan, sinəsi dağlı, adı artıq dünyanın ən ağır, ən zalım faciələri sırasına yazılmış Xocalıdansan. Məhv edilmiş, öldürülmüş Xocalıdan. Bəli, bu şəhər öldürülüb! Xocalı hamımızın sinəmizin dağıdır, ruhumuzun incidiyi, qəlbimizin yandığı yerdir.

Xocalıda vaxt da, zaman da dayandı. O zamanı geri döndərək. Gedək Xocalıya! Sənə bir qisas borcum var, Xocalıdan olan qız. Sən yaşda olanda ödəyə bilməmişəm. Gəl birlikdə gedək, qaytarım sənə borcumu, Xocalıdan olan qız...
Bu xəbər oxucular tərəfindən 1662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed