Şrift:
Özalın uçduğu təyyarəni partlatmaq istəyiblərmiş; həmin vaxt orada olan oğlu türk mediasına danışıb
25.09.2012 [13:01] - Hadisə
Türkiyədə 8-ci prezident Turqut Özalın sirli ölümü ətrafında baş verənlər getdikcə daha dramatik xarakter almaqdadır. Yada salaq ki, sentyabrın 17-də Ankara Baş Prokurorluğu prezidentin ölümünə zəhərlənmənin səbəb olması üzrə qaldırılmış cinayət işinin istintaqı zamanı onun məzarının açılması və eksqumasiya haqqında qərar verib. Qərarı icra edəcək İstanbul Baş Prokurorluğu hazırlıqları davam etdirərkən, Özal ailəsindən qərarla bağlı davamlı etirazlar gəlməkdədir. Bir məqamı da vurğulayaq ki, məsələnin dövlət əhəmiyyətli olduğunu əsas gətirən prokurorluq qərarın icrası üçün ailənin izninə ehtiyac görmür.

T.Özalın qızı Zeynəb Özal kiçik qardaşının ardınca mediaya açıqlama verərək məzarın açılmasına kəskin etiraz edib: “Atamın zəhərlənərək öldüyü orta çıxsa, bu, Türkiyə Cümhuriyyətinin ayıbı olacaq. Nəticə alınmasa, biz atamın məzarında rahatsız edilməsindən üzüləcəyik”.

Sentyabrın 24-də eks-prezident ailəsinin böyük oğlu Əhməd Özal atasının daha öncə uçaq qəzasında öldürülmək istəndiyi iddialarını bir daha təkrarlayıb. Bu haqda CNN Türk-ə danışan oğul Özal içərisində 13 nəfərin olduğu uçaqla Yaşılköy Hava Limanından havaya qalxdıqlarını, az sonra elektrik sistemindəki qısa qapanma yaşandığını deyib. Bundan sonra uçaq dərhal geri qaytarılıb: “Kimsə bilmir, ancaq mən eyni zamanda pilotam. İlk dəfə qısa qapanma olanda pilota dərhal geri dönməli olduğumuzu söylədim. Uçaq geri dönərkən daha bir qısa qapanma baş verdi. Monitordakı bütün göstəricilər itdi. Az sonra kabinin içərisindən tüstü çıxmağa başladı. Dönməyib daha 10 dəqiqə uçsaydıq, geri dönüşümüz olmayacaqdı. Bu arada stüardessa bayıldı. Hər kəs panika içərisindəydi. Mən həyatımda ilk dəfə atamı qışqırarkən gördüm. Atam panika içərisindəki adamlara qışqırırdı - ”hər kəs yerində otursun, Allahın dediyi olacaq". Artıq suya düşmək üzrəydik. Uçuşa nəzarət qülləsi bizi görmürdü, sürətlə quruya çıxdıq, yerə dəyəndə təkərlər partladı; artıq uçağın hər tərəfi yanırdı. Pilot uçaq dayanmamış “hamı qapıdan atlansın” komandası verdi. Ancaq qapı açılmadı. Atamı arxadakı karqo qapısından çıxardılar. 2,5 metrdən atlanan neçə nəfərin əl-ayağı qırılmışdı. Biz uçaqdan uzaqlaşandan sonra belə uçuş qülləsinin bundan xəbəri yox idi".

Ə.Özal qəzadan sonra uçağı hazırlayan zavoddan mühəndislərin araşdırma aparmaq üçün Türkiyəyə gəldiyini deyib: “Gəldilər, dedilər ki, uçağın yanacaq bankları qanadlardadır, buradakı elektrik naqillərini bağlayan vintlər qədərindən artıq sıxılmış. Buna görə də plastik əriyib və qısa qapanma baş verib. Uçaq yeni alınmışdı və zavodda belə bir şeyin baş verməsi mümkün deyildi. Mühəndislər bildirdi ki, uçaq 95 faiz partlamalıydı. Ancaq mən bu versiyanın həqiqiliyinə inanmıram”.

Əhməd Özal CNN Türk-dəki çıxışında Qartal Dəmirağ sui-qəsdinə də diqqət çəkib. Yada salaq ki, Q. Dəmirağ Özala partiya toplantısında atəş açmış, prezidenti yaralamışdı. Ə.Özal T.Özalın sui-qəsdlə bağlı ortaya çıxardığı detalların, arxivdəki bütün bilgilərin ictimaiyyətə açıqlanmasını istəyib. Onun sözlərinə görə, məzarı açmaqdan öncə bu məsələ ilə bağlı aparılan araşdırmalar ortaya çıxarılmalıdır: “Bu sui-qəsdin arxasında çox böyük isimlər vardı. Bu bilgilər dövlət arxivində var. İndi nədən çəkinirlər - bu mənə bəlli deyil. Ancaq gün gələcək bunlar açıqlanacaq. Bu informasiyaları indiki hökumətmi, daha sonrakı hökumətmi açar, bunu deyə bilmərəm”.

AYGÜN
Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed