21.02.2020 [08:05] - Hüquq
Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Ali Məhkəmənin sədri Plenumun iclasını açaraq 2019-cu ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirib. Qeyd edib ki, bunlardan ən önəmlisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı olub. Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Əslində, bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən “Yol xəritəsi”dir. Diqqətə çatdırılıb ki, mühüm məsələlərdən biri də Fərmanın icrası ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən inzibati-iqtisadi məhkəmələrin, habelə Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə inzibati-iqtisadi və hərbi kollegiyaların ləğv edilərək, regional inzibati və kommersiya məhkəmələrinin yaradılması, o cümlədən yuxarı instansiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi olub. Xüsusilə vurğulanıb ki, ötən ilin sonunda yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinə dövlətimizin başçısının Sərəncamı ilə yüksək bilik və təcrübəyə malik hakimlərin təyinatları həyata keçirilib. Bu da öz növbəsində istinad edilən sahədə ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına ciddi töhfə verib. Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə Ali Məhkəmədə yaradılan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işinin səmərəliliyini təmin edən sistemdir və o, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəməyə müraciət imkanlarının daha da asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir. Qeyd edilib ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı cinayət törətmiş şəxslərin azadlıq hüququnun təmin edilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2018-2019-cu illərdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətlərinin uzadılması haqqında respublika məhkəmələri tərəfindən qəbul edilmiş qərarların sayı xeyli dərəcədə azalıb. Ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilib, aparatda yeni texnologiyalar tətbiq edilib, maddi-texniki baza möhkəmləndirilib. Eyni zamanda, əvvəlki illərlə müqayisədə 2019-cu ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi genişləndirilib. Ali Məhkəmənin sədri vurğulayıb ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Ali Məhkəmədə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilir. Bildirilib ki, ötən il Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib. Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib. Hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılıb. Çıxışlarda 2019-cu ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Ali Məhkəmənin mülki və hərbi kollegiyalarında 2019-cu ildə baxılmış işlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, cinayət və inzibati-iqtisadi kollegiyalarda isə artıb. Mülki kollegiyada 5,6 faiz, hərbi kollegiyada isə 10,8 faiz azalma, cinayət kollegiyasında 8, inzibati-iqtisadi kollegiyada 46,4 faiz artma müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 4,4 faiz artıb. Baxılan işlərin və ləğv edilən məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələrinin qərarlarının keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olduğunu göstərir. Bildirilib ki, ötən il Ali Məhkəmənin Plenumunun 6 iclası keçirilib və 21 qərar qəbul edilib. Həmçinin işlərə baxılarkən aşkarlanmış nöqsanlar barədə 38 xüsusi qərar çıxarılıb. Ali Məhkəməyə müraciətlərdə ötən illə müqayisədə 26,8 faiz artım müşahidə olunub. İclasda Ali Məhkəmənin plenumlarının bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavələr və dəyişikliklər olunmasına dair qərar qəbul edilib.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |