Şrift:
Azərbaycan tankçıları görkəmli sərkərdənin ata ocağını ziyarət ediblər
25.02.2020 [09:45] - Hərb
İkinci Dünya Savaşının əfsanəvi qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar yubiley tədbirləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin təşkilatçılığı ilə Lənkəranda keçirilən növbəti tədbirlər də ictimaiyyətin nümayəndələri, hərbi qulluqçular tərəfindən görkəmli sərkərdənin xatirəsinə böyük ehtiramın təcəssümü olmaqla yanaşı, həm də gənc nəslin ata-babalarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi istiqamətində təqdirəlayiq iş kimi dəyərləndirilib. Nazirliyin rəsmiləri, Aprel döyüşlərinin və Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” yarışlarının iştirakçısı olan Azərbaycan Ordusu tankçılarının bir qrupu Həzi Aslanovun ev-muzeyində keçirilən vətənpərvərlik tədbirində generalın həmyerliləri ilə görüşüb, muzeyin ekspozisiyası ilə tanış olub, ədəbi-bədii proqramı maraqla izləyiblər. Cəbhə bölgələrindən gələn tankçılar respublikanın əməkdar artisti, mayor Cahangir Qurbanovun ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında qarşılanıb.
Qəhrəmanın büstü qarşısına gül çələngi qoyulub, xatirəsi əsgəri ehtiramla yad edilib.
Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” yarışlarında ölkəmizi layiqincə təmsil edən və dünyanın bir çox ordularının tank heyətlərinə qalib gələn tankçılarımızdan baş gizir Məftun İbrahimov, baş əsgərlər Elvin Rzayev və Əsgər Quliyev yarış təəssüratlarını bölüşüb və bu il də qazanacaqları uğurlarla dünya hərb tarixinə Həzi Aslanov kimi görkəmli bir sərkərdəni bəxş etmiş Azərbaycan xalqına yeni qələbə sevincini yaşadacaqlarına söz veriblər. Belarusun paytaxtından telefon əlaqəsinə qoşulan Minskdəki “Qobustan” Azərbaycan İctimai Birliyinin sədri Baxşı Qənbərov Belarus xalqının da Həzi Aslanovun xatirəsini həmişə əziz tutduğunu, Belarus torpağında möhtəşəm abidəsinin ucaldıldığını, yubileylə əlaqədar şəhər və rayonlarda tədbirlər keçirildiyini, televiziya kanallarında mütəmadi olaraq verilişlərin təşkil edildiyini nəzərə çatdırıb və burada yaşayan azərbaycanlıların Həzi Aslanov kimi yenilməz sərkərdə ilə qürur duyduqlarını deyib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident Sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülmüş cəsur tankçı Paşa Mehdiyev Lələtəpə fatehləri adından tədbir iştirakçılarını salamlayıb. Həmin döyüşlərdə Həzi Aslanovun hərb elminə gətirdiyi yeniliklərdən, döyüş fəndlərindən məharətlə istifadə edərək düşmən üzərində zəfər çaldıqlarını iftixar hissi ilə xatırlayıb və hər an Aprel döyüşləri zamanı qazandıqları qələbəni təkrarlamağa hazır olduqlarını bəyan edib.
Azad Mərdəliyev, Ceyhun Rüstəmov, Bəhruz Quliyev, Emin Şirinov, Emin İslamov və digər tankçıların işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə böyük inam yaradan çıxışları hərarətlə dəstəklənib. Cəbhə bölgəsindən gələn qonaqlar Aprel döyüşləri zamanı tankçıların istifadə etdikləri tankçı hərbi geyim nümunəsini muzeyə hədiyyə ediblər. Muzeyin direktoru Cəmilə Şərifova Müdafiə Nazirliyinin daim diqqət və qayğısını hiss etdiklərini, muzey fondunun zənginləşdirilməsinə hər cür köməklik göstərdiyini qeyd edərək minnətdarlığını bildirib.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Prezident Sərəncamından irəli gələn vəzifələrin qəhrəmanın vətənində də uğurla həyata keçirildiyini bildirib və Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən vətənpərvərlik tədbirlərinin yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və Həzi Aslanov adına Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri əfsanəvi sərkərdəyə həsr olunmuş mahnılar, şeirlər ifa ediblər. “Gənc Aslanovçular”ın çıxışı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Tankçıların “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” şüarı ətrafa yayılaraq Həzi Aslanovun ata ocağında böyük qələbəliyə səbəb olub. Tankçılara muzey ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib, birlikdə xatirə şəkilləri çəkdirilib. Həzi Aslanovun ev-muzeyindən xoş təəssüratlarla ayrılan tankçılar sonra Həzi Aslanov adına Xatirə parkına gedərək görkəmli sərkərdənin abidəsini ziyarət edib, qarşısına çələng qoyub, qərənfillər düzüblər. Tankçılar Həzi Aslanovun həmyerlilərini əmin ediblər ki, Azərbaycanın bayrağı etibarlı əllərdədir və işğal altında olan digər ərazilərimiz də müdrik Prezidentimiz, qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin olunacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed