Şrift:
Azərbaycan türkçülüyü ideyası - XV
26.09.2012 [12:06] - DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktor
u

Nəriman Nərimanov: liberal-demokrat, sosial-demokrat və milli təmayülçü

Sovet ədəbiyyatında Azərbaycanın məşhur proletar inqilabçısı, «əqidəli marksist-leninçi», «Şərqin Lenini» kimi dəyərləndirilən Nəriman Nərimanov haqqında bu günə qədər çox yazılmış, çox da mülahizələr irəli sürülmüşdür. Əslində bu gün N.Nərimanova dövlət tərəfindən verilən qiymət, nəinki Azərbaycan Cümhuriyyətinin liderlərinə, o cümlədən M.Ə.Rəsulzadə, F.Xoylu, N.Yusifbəyli, Ə.Topubaşov və başqalarına verilən dəyərdən azdır, əksinə bir qədər də çoxdur. Ancaq burada söhbət yalnız hər hansı bir şəxsiyyətə verilən maddi qiymətdən - müxtəlif adlardan, heykəllərdən və s. getməməlidir. Əsas məsələ hər bir millətin adı üzdə olan şəxsiyyətini mənəvi baxımdan anlaması, dəyərləndirməsi və ona sahib çıxmasıdır. Fikrimizcə, məsələnin mənəvi qiymətinə gəlincə, N.Nərimanovla bağlı bir qədər ziddiyyətli məqamlar ortaya çıxır. Buna səbəb isə N.Nərimanovun keçdiyi mürəkkəb və ziddiyyətli siyasi-ideoloji həyat yoludur.

Bu baxımdan N.Nərimanovun Azərbaycan türkçülüyü ideyası ilə hansı dərəcədə bağlı olub-olmamasını aydınlaşdırmaq, onun milli-mənəvi baxımdan yerini müəyyənləşdirmək üçün, onun keçdiyi siyasi-ideoloji həyatı üç mərhələyə bölməyi vacib hesab edirik:

1) Azərbaycan-türk maarifçisi və liberal-demokratı kimi - 1895-1917-ci illlər;

2) Azərbaycan-türk marksist-leninçisi və bolşevizmin qatı tərəfdarı kimi - 1917-1921-ci illər;

3) Müstəqil və milli sovet Azərbaycanının müdafiəçisi kimi - 1921-1925-ci illər.

Birinci mərəhələdə Nərimanov əsasən, türk maarifçisi və liberal-demokratizmin tərəfdarı kimi çıxış etmişdir. Nərimanov hələ, 1890-cı illərdə qələmə aldığı «Bahadır və Sona» romanında millət, dil və din məsələlərini liberal-demokrat mövqeyindən şərh edərək yazırdı ki, bir türk ailəsində dünyaya gəlib, sonralar türk dilində danışmağı bəyənməyən heç bir kəs övladlarına milli ruhda tərbiyə verə bilməz. Çünki onların özlərinin də, doğma dillərinə bu cür münasibətin əsas səbəblərindən biri, bu günə qədər türk dilində yazılan əsərlərin milli tərbiyədən, milli ruhdan uzaq olması və onlara bunu verəcək, milli məktəblərin olmamasıdır. N.Nərmanova görə, milli ruhda əsərlər yazıb millətin ruhunu təmizləmədən, naxoş və kor millətdən nə isə gözləmək faydasızdır.

Nərimanov yazır ki, bütün müsəlmanlar üçün müqəddəs bir məslək həqiqəti-islamı öyrənməkdirsə, bu dinə qulluq edən hər bir millətin özünəməxsus məsləkləri ola bilər. Çünki din ayrı-ayrı millətləri özündə birləşdirsə də, özünəməxsus məslək və idealları onları bir-birndən fərqləndirir. N.Nərimanovun fikrincə, ümumi məsləkə, ideala çatmaq üçün hər bir millət, o cümlədən islama inanan Azərbaycan türkləri özünü tanımalı, başqalarından fərqli cəhətlərini bilməlidir. Özünü tanımaq, başqa millətlərdən fərqliliyini hiss etmək üçün, ilk növbədə milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat və s. lazımdır. Onun fikrincə, 1-ci rus inqilabına qədər Azərbaycan türkləri ana dilinə həsrət qalmış, milli və dini hissiyyatı tapdalanmış, ixtiyarı başqalarının əlində olmuşdur. İndi özünü millətin dostu, millətpərəst kimi qələmə verənlərin çoxu da həmin dövrdə xalqın, millətin mənafeyi naminə deyil, çar məmurları üçün çalışmışlar. N.Nərimanova görə, millətin birliyi yalançı millətpərəstlərlə deyil, yalnız millətin həqiqi dostları olan milli müəllimlər, milli ziyalılarla mümkündür.

N.Nərimanov bu dövrdə milli özünüdərklə bağlı milli dil məsələsinə, yəni türk dilinin öyrənilməsinə və tərəqqisinə xüsusi diqqət yetirmişdi. Dövründə Azərbaycan türklərinin ədəbi dil məsələsində çətinlik çəkdiyini, bunun üçün də bir kitabça hazırladğını bildirən Nərimanov yazır: «Bizsə özümüzü türk-Azərbaycan tayfasından hesab edib ana dilimizcə cüzü bir nəf görməkdən ötrü osmanlı sərf və nəhvinə müvafiq bu kitabçanı düzəltdik…». N.Nərimanova görə, fransız dili Avropada hansı məqama sahibdirsə, hüriyyətin gəlişi ilə xilas olan türk dili də Asiyada həmin səviyyədədir.

N.Nərimanovun bolşevikləşməsi yalnız 1917-ci il - fevral burjua inqilabğından sonra, yəni ikinci mərhələdə baş vermişdir. Artıq mərkəzçi bolşevizm mövqeyində dayanan Nərimanovun fikrincə, bu vaxtadək müsəlman fəhlələrinin müsəlman kəndçilərinin başını «millət» sözü ilə tovlayıb onları rus, erməni, gürcü və b. xalqların fəhlələrindən ayıran «millətpərəstlər» olmuşdur: «Bu «millətpərəstlər» sizləri bir-birinzdən ayrııb qüvvənizi azaldacaqlar və bununla da sərməyadarlar üçün geniş meydan açacaqlar…
Açıb da elan olunmuş sinif mübarizəsində sizi uçurumlara salacaqlar… Bunun üçün biz sizə açıqdan-açığına deyirik: hamınız qırmızı bayraq altında toplanınız». O, artıq Azərbaycan türklərinin Osmanlı türklərinə güvənərək millət təəssübkeşliyini yaymasını doğru hesab etmirdi.

Fikrimizcə, marksizm-leninizmin Azərbaycanda tamamilə iflasa uğradığı bir zamanda (1917-1918-ci illərdə) N.Nərimanovun Rusiya bolşeviklərinin, xüsusilə onların rəhbəri Leninin taktikasına uyğun olaraq «Azərbaycan bolşevikləri»nin lideri kimi önə çəkilməsi təsadüfi olmamışdır. Bu məsələ də Sovet Rusiyasının maraqlı olması şübhəsizdir. Məhz Moskvanın təhriki ilə Nərimanov Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyliyə məktub yazaraq, hakimiyyətdən əl çəkmələrini belə tövsiyə etmişdi. Sovet Rusiyasının onun üçün qurduğu oyunu yalnız sonralar anlayacaq Nərimanov 1921-ci ilə qədər doğru yolda olduğuna inamışdı. Onun doğru yol saydığı ideya isə Azərbaycanın yalnız sosializm çərçivəsində və Rusiya bolşevikləri ilə bir yerdə müstəqil və xoşbəxt olmasına inam idi.

Ancaq Nərimanov üçün əsasən, 1921-ci ildən sonra yeni bir mərhələ başladı ki, bu da sosializm cəmiyyətinin çürüklüyü və Rusiya bolşeviklərinin ikiüzlülüyü nəticəsində meydana çıxdı. Belə ki, işğalın ilk illərindən (1920-1921) başlayaraq Sovet Rusiyasının Azərbaycanla bağlı niyyətlərindən biri onun sözdə müstəqilliyini də əlindən almaq idisə, digəri isə Sovet Azərbaycanın rəhbərliyində milli ruhlu türklərin təmsil olunmasına əngəl yaratmaq idi. Mərkəzin müstəqil və milli Sovet Azərbaycanı ideyasına qarşı olan bu cür mövqeyindən, yəni bir tərəfdən vəd verilmiş müstəqilliyin təmin edilməməsi, digər tərəfdən isə Sovet Azərbaycanı rəhbərliyinin rus, erməni, yəhudi və onların yerli əlaltılarından ibarət olması milli məsələnin yaranmasına səbəb olmuşdu.

Milli təmayülçülər fraksiyasına rəhbərlik edən Nərimanov Sovet Rusiyasının Azərbaycanda apardığı müstəmləkəçilik siyasətinə ilk dəfə açıq şəkildə etiraz edənlərdən olmuşdu. O, hələ 1921-ci ilin fevralında V.İ.Leninə məktubunda yazırdı ki, yerlərdən ona göndərilən «bütün məruzələrdə Sovet Rusiyasının müstəmləkə siyasətindən danışırlar».

Bütün bunlarla yanaşı, N.Nərimanovun «Ucqarlarda inqilabımızın tarixinə dair» (1923) əsərində milli məsələ ilə bağlı irəli sürdüyü mülahizələrdən belə nəticə çıxarmaq olar ki, o, müstəqil və milli Sovet Azərbaycanı dedikdə, heç də onu Sovet Rusiyasından tamamilə ayrılıqda nəzərdə tutmamışdı. Yəni, o bütün hallarda Sovet Azərbaycanının varlığının Sovet Rusiyası ilə bağlı olmasını qəbul etmişdi: «Sovet Rusiyasız biz elə sabah mövcudluğumuza son qoyarıq…». Görünür, bu dönəmdə, N.Nərimanov hesab edirmiş ki, Sovet Azərbaycanının müəyyən mənada müstəqil və milli siyasət yürütməsi Sovet Rusiyasının özünə də lazım imiş.

Ancaq buna baxmayaraq, N.Nərimanov Mərkəzin nədən ona, yəni Sovet Rusiyasına bütün mənalarda bağlı olan bir şəxsə deyil, çox sonralar kommunist olmuş keçmiş menşeviklərə, eserlərə, hətta müsavatçılara güvənməsini ilk vaxtlarda anlaya bilməmişdir. Çünki Nərimanovun niyyəti Sovet Azərbaycanını Sovet Rusiyasından ayırmaq deyil, müəyyən mənada müstəqil və milli Sovet Azərbaycanı vasitəsilə digər Şərq xalqlarını da sosializm hərəkatına qoşmaq idi. Ancaq bu idyeasını həyata keçirmək üçün Mərkəzin ona etibar etmədiyini, üstəlik bütün səlahiyyətləri Orconikidzeyə, Kirova, Mirzoyana və başqa əcnəbilərə verdiyni deyən Nərimanov yazır ki, onlar isə ətrafndakı xəbis adamları vasitəsilə onu milli təmayülçülükdə ittiham edirlər: «Mərkəz başa aça bilmirdi ki, nə üçün mən, 20 il bundan əvvəl öz romanımda beynəlmiləlçiliyi təbliğ etdiym halda, o zaman ən çətin anda müsəlmanlar arasında hər cür dini inkar etdiym halda, indi mənim milli təmayülüm olmalıdır, dünənki daşnak və ya müsavatçı isə beynəlmiləlçi olmalıdır».

Nərimanov gec də olsa, sonralar anlamışdı ki, həmin dövrdə Sovet Rusiyasının Şərqdə sosializm inqilabı etmək kimi niyyəti olmamışdı. Belə bir niyyəti olmadığı üçün də, Sovet Azərbaycanının milli və müstəqil olması sovet rəhbərlərinə heç cür əl vermirdi. Əksinə, Sovet Rusiyasına müstəmləkə və onun hər cür arzu və istəklərini qeyd şərtsiz yerinə yetirən «beynəlmiləlçi» rəhbərlər lazım idi. Məhz N.Nərimanov Sovet Rusiyasının rəhbərlərinin nəzərində ideya baxımından deyil, praktik baxımından «beynəlmiləlçi» hesab olunmurdu. Praktiki «beynəlmiləlçi» o kəslər (R.Axundov, S.Ağamalıoğlu, Ə.Qarayev və b.) idilər ki, onlar Nərimanovdan fərqli olaraq, Azərbaycanın sərvətinin Rusiya tərəfindən istənilən şəkildə istimar olunmasına, üstəlik onun millətinə yuxarıdan aşağı baxılmasına, eyni zamanda ermənilərin Azərbaycan rəhbərliyində yüksək vəzifə tutmalarına heç bir etiraz etmirdilər. Bu baxımdan Nərimanovun əsas savaşı Sovet Azərbaycanının müstəqilliyini tanımaq istəməyən rəsmi Moskva ilə idi.

Bizə elə gəlir ki, bu baxımdan Nərimanov Sovet Azərbaycanının müstəqilliyi və milliliyi dedikdə, Mərkəzin başqa sovet respublikaları ilə, xüsusilə Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycana qarşı tutduğu ikiüzlü, riyakar siyasəti qəbul etməmiş və daha çox buna etiraz etmişdi. Çünki həmin respublikalar daxili və xarici siyasətinə, eləcə də rəhbərliyinin milli tərkibinə görə Azərbaycandan çox fərqlənmişdi. Bu baxımdan Nərimanovun tələbi ondan ibarət idi ki, Mərkəz digər sovet respublikalarına, xüsusilə Ermənistana və Gürcüstana hansı münasibət bəsləyirsə, Azərbaycana da eyni mövqedən yanaşmalıdır.

Bu güvənsizliyin nəticəsi olaraq xüsusilə, 1920-1930-cu illərdə Mərkəz Sovet Azərbaycanın rəhbərləri kimi, əsasən erməniləri, rusları və başqa qeyri-türkləri irəli çəkmişdir. Nərimanov da məhz bu güvənsizliyə etiraz etmiş, hansı səbəblərdən türklərin deyil, qeyri-türklərin Sovet Azərbaycanın rəhbəri vəziflərinə çəkilmələrini aydınlaşdırmağa çalışmışdır. O yazır: «Mənim zərrə qədər də şübhə yoxdur ki, Serqo və Stalilnin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarna tapşırır. Nə kimi nəticələr olacağını demək çətindir, lakin əgər olsa, bunun bütün məsuliyyəti Serqo və Stalinin üzərinə düşəcəkdir. Maraqlı odur ki, bu şəxslər elə fikirləşir ki, türklər o qədər axmaqdırlar ki, bütün bunları başa düşmürlər».

Fikrimizcə, Nərimanovun Leninə məktubu da açıq şəkildə göstərir ki, o, «beynəlmiləlçilik» adı altında Azərbaycanın simasızlaşdırılmasında və müstəqillyinin əlindən alınmasında əsas günahkar kimi Mərkəzi və onun havadarlıq etdiyi daşnakları və başqa antitürk, antiazərbaycan qüvvələri görmüşdü. O, Leninə yazır: «Əziz Vladimir İliç Lenin, məgər «Müstəqil Azərbaycan» sizin dilinizdən çıxmamışdırmı? Axı, məhz buna əsaslanaraq biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazisini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdi. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoyununa atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir».

N.Nərimanovun siyasi-ideoloji həyatı ilə bağlı keçdiyi üç mərhələyə qısaca, nəzər salaraq belə qənaətə gəlmək olar ki, məsələyə bir qədər xüsusi şəkildə yanaşsaq, N.Nərimanov bolşevizmə və onun liderlərinə həddən artıq aludə olmuş, bununla da müəyyən səhvlərə yol vermişdir. N.Nərimanovun ən böyük səhvlərindən biri Azərbaycan Cümhuriyyətinə dayaq durmaq əvəzinə, əksinə onun süqutu üçün rus bolşeviklərə yardım etməsidir. Yəni N.Nərimanovun burada buraxdığı səhv sosial-demokrat (marksizm-leninizm) ideyasına inanması deyil (çünki bu ideyaya M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və başqaları da rəğbət göstəriblər), bir növ rus bolşeviklərinin əlində alətə çevrilməsidir. N.Nərimanov bunu, yalnız Azərbaycanda zorla sovet hakimiyyəti quruludqdan sonra anlamış və səhvlərini düzəltməyə çalışmışdır. Hətta, onu da qeyd edərdim ki, məhz buraxdığı səhvləri düzəltmək onun canı bahasına başa gəlmişdi.

Bu baxımdan fikrimizcə, Nərimanov ümumi mənada Azərbaycan, Azərbaycan-türk milləti, Azərbaycan türkçülüyü uğrunda savaş vermiş, sadəcə siyasi-ideoloji həyatının bir dönəmini rus bolşevikləri ilə bağlamış və bu bağlanış onun həyatının sonrakı dönəmlərində həlledici rol oynamışdır. Biz burada Azərbaycan türkçülüyü dedikdə, Nərimanovun ömrünün sonuna qədər türk milləti, türk dili, türk Azərbaycanı adına savaşamasını nəzərdə tuturuq. Doğrudur, o, bir müddət Milli Azərbaycan deyil, Sovet Azərbaycanı ideyasını müdafiə etmişdi. Ancaq sonunda özü də başa düşmüşdür ki, istənilən bir ideya (sosial-demokrat, liberalizm, millətçilik və b.) məhz millətin xeyrinə işləməli və onun maraqlarına uyğun olmalıdır. Bu isə, ilk növbədə millətin kimliyi, dili, mədəniyyəti, ərazi bütövlüyü və müstəqilliyi ilə bağlıdır. Bunlar olmayan yerdə nə sosial-demokratizmin, nə də başqa bir ideyanın-cərəyanın heç bir əhəmiyyəti qalmır. Bizə elə gəlir ki, Nərimanov gec də olsa, sonralar məhz millətə aid amilləri müdafiə etmişdi.
Bu xəbər oxucular tərəfindən 1329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed