Şrift:
Almatıda Xocalı soyqırımı qurbanları anılıb
26.02.2020 [11:18] - Diaspor
Qazaxıstanın Almatı şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “Ata Yurd-Nomad” Azərbaycan etnomədəni respublika ictimai birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə “Ahıska” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, “Ata Yurd-Nomad” Azərbaycan etnomədəni respublika ictimai birliyinin sədri Süleyman Əhmədov, “Turan” azərbaycanlıları konqresi respublika ictimai birlyinin sədri Müseyib Novruzov, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Qazaxıstan təmsilçiliyinin rəhbəri, DATÜB-un sədr müavini Sadır Eyubov, “AzBirlik” etno-mədəni birliyinin sədr müavini Namaz Əliyev və başqaları çıxış ediblər. Onlar təkcə Qazaxıstan ictimaiyyətinə deyil, həm də beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı həqiqətlərin, Ermənistanın keçmiş prezidentləri olmuş Robert Köçəryan və Serj Sarkisyan başda olmaqla erməni silahlı dəstələrinin Xocalıda soyqırımı kimi dəhşətli cinayət törətdiklərinin çatdırılmasının, qatillərin beynəlxalq tribunal qarşısında cavab verməsinin vacibliyindən danışıblar.
Azərbaycan tarixinin həmin qanlı səhifəsindən 28 il keçsə də xalqımızın, xaricdə yaşayan həmvətənlərimizin bu faciəni unutmadığı və heç vaxt unutmayacağı, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ilə əlaqədar Qazaxıstandakı soydaşlarımız tərəfindən müxtəlif tədbirlərin keçirildiyi nəzərə çatdırılıb. Sonda Xocalı soyqırımı ilə bağlı film nümayiş olunub və Xocalı qurbanlarının ruhuna dualar oxunub.

DAVAM.AZ
“Nur-Sultan Bürosu” (Qazaxstan)
Bu xəbər oxucular tərəfindən 30425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed