28.02.2020 [14:00] - İslam dini
“Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib. Forumun məqsədi gənclər arasında könüllülük fəaliyyətinin təşviq olunması, bu hərəkatın inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. Qırx iki ölkədən 80-dək nümayəndənin qatıldığı tədbirdə əvvəlcə iştirakçıların Azərbaycan və forum haqqında təəssüratlarını əks etdirən videoçarx nümayiş olunub. Gənclər və İdman naziri Azad Rəhimov forumda çıxış edərək bildirib ki, könüllülük hərəkatının yüz ildən çox tarixi var. İlk vaxtlar könüllülər əsasən hərbçilərdən ibarət idilər və onlar xilasetmə, dəstək işlərinə cəlb olunurdular. Bu gün isə artıq könüllülük prinsipləri dəyişib. Könüllülər sosial məsələlərə, idman, mədəniyyət, ətraf mühit və digər sahələrə fəal cəlb edilirlər. Nazir vurğulayıb ki, Azərbaycan könüllülük fəaliyyətini yüksək səviyyədə dəstəkləyən ölkələrdən biridir. 2009-cu ildə ölkəmizdə “Könüllülük haqqında” qanun qəbul olunub. Bu gün Azərbaycanda könüllülərin sayı sürətlə artır və onlar müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması respublikamızda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Azad Rəhimov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Əməkdaşlığı Gənclər Forumu (İƏGF) və İƏGF-in Avrasiya Regional Mərkəzi ilə birgə təşkil edilən bu forumun könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Nazir ölkəmizdə könüllülərin cəmiyyətin davamlı inkişafına mühüm töhfə verdiklərini, bu hərəkatın təkcə Azərbaycanda deyil, digər müsəlman ölkələrində də inkişaf etdiyini bildirib. Xüsusi vurğulanıb ki, son illər Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin – “Bakı-2015” I Avropa, IV İslam Həmrəyliyi oyunlarının (2017), eləcə də 2016-cı ildən başlayaraq hər il Bakıda keçirilən Formula 1 yarışlarının təşkilində könüllülər mühüm rol oynayıblar. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəni, sosial və ailə məsələləri üzrə baş direktoru xanım Mehla Ahmed Talebna müxtəlif mədəniyyətlərə, dinlərə və etiqadlara məxsus nümayəndələrin qarşılıqlı hörmət, tolerantlıq və sülh şəraitində birgə yaşadıqları Azərbaycanda belə mötəbər beynəlxalq tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. Azərbaycanı könüllülər və harmoniya diyarı adlandıran xanım Talebna İslam ölkələrinin gənclərini bir araya gətirən tədbirin təşkilini yüksək qiymətləndirib. BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti çıxışında dünyada 1,8 milyard gəncin yaşadığı bir dövrdə gənc könüllülərin yüksək fəallığı ilə təşkil edilən bu Forumun əhəmiyyətini vurğulayıb. O, daha sülhsevər, davamlı və dayanıqlı cəmiyyətin inkişafı baxımından könüllülər hərəkatının önəmini qeyd edib. A.Frakassetti Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə könüllülük platformasının inkişafı istiqamətində sıx əməkdaşlıq etdiklərini və bir çox ortaq layihələr həyata keçirdiklərini bildirib. BMT rəsmisi Azərbaycan ilə bu sahədə mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Mohammed Saleh Al-Qarnas könüllüklə bağlı bu Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qonaq tədbirin səmərəli keçəcəyinə ümidvar olduğunu qeyd edib. İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. O, bu tədbirin İslam ölkələrinin gəncləri arasında dialoq və şəbəkələşmənin inkişafına təkan verəcəyini bildirib. Könüllülük hərəkatının İslam ölkələrinin cəmiyyətlərinin inkişafında rolundan danışan T.Ayhan bu sahədə işin təşviqi baxımından forumun önəmini xüsusi vurğulayıb.
Açılış çıxışlarından sonra forum işini müzakirələrlə davam etdirib. Müzakirələrdə iştirakçılar təmsil etdikləri ölkələrdə könüllülük hərəkatının inkişafı, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran hədəf və vəzifələrdən danışıblar.
DAVAM.AZ
Açılış çıxışlarından sonra forum işini müzakirələrlə davam etdirib. Müzakirələrdə iştirakçılar təmsil etdikləri ölkələrdə könüllülük hərəkatının inkişafı, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran hədəf və vəzifələrdən danışıblar.
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |