Şrift:
Azərbaycan türkçülüyü ideyası - XVI
29.09.2012 [12:33] - DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru


Almas İldırım: öncə vətən, öncə millət, öncə istiqlal

Azərbaycan türklərinin tanınmış şair-mütəfəkkiri Almas İldırımın (1907-1952) yaradıcılığında vətən sevgisi, Azərbaycan türkçülüyü ideyası, Azərbaycan milli istiqlalı davası və s. mühüm yer tutmuşdur. Məhz milli ideal yolunu tutduğuna görə, Sovet Rusiyası məmurlarının göstərişi ilə 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində öncə Dağıstana, daha sonra Türkmənistana sürgün edilən A.İldırım 1933-cü ildə İrana qaçmış, oradan da doğma, qardaş Türkiyəyə üz tutaraq ömrünün axrına qədər ikinci ana vətəndə yaşamışdır.

A.İldırımın şeir və poemalarında Azərbaycanın milli istiqlal fəlsəfəsi və bu davaya olan inam müstəsna yer tutur. Hələ Sovet Rusiyasında - Dağıstanda sürgün həyatı yaşayarkən A.İldırım vətən sevgisini bu cür ifadə edirdi: «Mən gələrkən o yurdun mövsümü son bahardı, Gülşəndə gül yerinə qızıl tikanlar vardı…». Şübhəsiz, vətəndəki bu «qızıl tikanlar» rus, erməni və b. yadmillətli, ancaq hökmran işğalçı bolşeviklər idi. Hər bir şeirində sətiraltı, bəzən də açıq şəkildə vətənini əsarət altında saxlayanlara qəzəbini və kinini ifadə edən istiqlal şairi Dağıstanda sürgündə olarkən anasına ünvanladığı bir məktubunda yazırdı ki, məscidlərə gedib ondan ötrü Allah qarşısında ağlayıb, sızlayıb, yalvarmaqdan heç nə çıxmaz:

Mən anlamaq isətəməm nə məzhəb, nə yol, nə din,

Mənim yalnız ümidim Türk qəlbi, iradəsi,

Mənim yalnız tutduğum millətimin haqq səsi.

Mən yalnız iman etdim qollarımın zoruna,

Bu zor məni qurtarıb, çıxaracaq yarına.

Dağları titrədirkən qəlbimin daşan kini,

Eh, sən ki bilməzsən bu gənc qəlbimdəkini….

Vətəninin - Azərbaycan Cümhuriyyətinin müstəqilliyi əlindən aldığı üçün Sovet Rusiyasına duyduğu bu kini gizlətməyən şair yazır ki, milli istiqlalsız ona «Yeni dünya», yəni kommunizm lazım deyildir. A.İldırım «Mənim türküm» şeirində kommunizmə olan nifrətinin və vətənə olan sevigisinin ifadəsi olaraq yazırdı:

Qafqasın eşqi bütün zər dolu dünyaya dəyər,

Desələr yurdu unut, al «Yeni dünya»yı əgər,

Söylərəm, eşqimi ver, haqqımı ver, yurdumu ver,

Dinləsin qoy bütün aləm bu boğulmaz səsimi!.

Məhz vətəninə, millətinə olan bu sonsuz, müqəddəs eşq sonda şairi sürgündən mühacirətə üz tutmağa sövq etmişdir. Şair vətəndən nə qədər uzaqlaşırdısa da, Azərbaycana, millətinə olan sevgisi, eşqi birə on qat artır, yurdunun azadlığı mücadiləsindən dönməz edirdi. Əvvəlcə Türkmənistandan İrana, daha sonra Türkiyəyə üz tutan Almas İldırım, bu ucsuz-bucaqsız yollarda fiziki baxımdan çox əzab-əziyyətlər çəkməsinə baxmayaraq, bütün bunlar onun vətənə, millətə və istiqlala olan sevgisini nəinki azaltmış, əksinə artırmışdı.

Bu baxımdan 1930-cu illərin ortalarında A.İldırım Türkiyədə olarkən üzünü Azərbaycan türklərinə, soydaşlarına tutaraq bir tərəfdən onları rus bolşevizmi ilə mübarizəyə səsləyir, digər tərəfdən isə öz mücadiləsini anladırdı: «Ey Azəri türk… Ey vətəndaşım… Sənin qarət olunmuş haqqından doğan daşqınlığına tərcüman olayım deyə hayqırdım… Nə yazıq ki, bu hayqırış sonunda qırıq-sökük çıxan hıçqırıqlarımdan ibarət boğuq bir səs oldu… Ah… Bu səsdə belə səni, həm sənin eşqini, həsrətini, qəribliyini azacıq da olsa yaşada bildimsə, nə mutlu bana!...».

Bütün varlığı ilə milli istiqlal uğrunda mübarizə aparan A.İldırım nə zamansa vətənin qurtuluşu üçün müqəddəs bir inqilabın gerçəkləşəcəyinə ümid bəsləyirdi. O inanırdı ki, müqəddəs bir inqilabla Azərbaycan yenidən istiqlalına qovuşacaq. Bu inamla da A.İldırım «Müqəddəs ixtilal» şeirində yazır:

Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,

Bir fırtına səsi var, buldular göydə dal-dal

Açmış Doğu bağrını sökəcək şəfəqlərə,

Qop, ey dəli fırtına, rişəni könlümə sal,

İxtilal (inqilab - F.Ə.) istəyirəm, müqəddəs bir ixtilal...



Doğan günəşlə qopsun bir axın vəlvələsi,

Görünsün qan köpüklu qasırğanın yeləsi,

Bitsin əsir türklüyün, bitsin artıq çilləsi,

Nə zəncirli bir Qafqas, nə qan qusan bir Ural,

İxtilal istəyirəm, müqəddəs bir ixtilal…



Sovursun ümmanlara göldə, bacaq, bilək, baş,

Yerə girsin, Kremlin qalmasın daş üstdə daş,

Hürr insanlıq uğrunda başlasın qətl-savaş,

Vaxt gəlmişdir, ey zaman, bir ölüm şərqisi çal,

İxtilal istəyirəm, müqəddəs bir ixtilal…

Böyük vətən sevdalılarından olan İldırımın arzuladğı milli inqilab baş verdi və 1991-ci ildə Azərbaycan Cümhuriyyəti yenidən müstəqilliyə qovuşdu. Ancaq çox təəssüf ki, bu müstəqillik uğrunda can qoyanlardan A.İldırımın adı yeni tariximizdə çox da anılmır, mətbuatda və teleekranlarda çox az-az xatırlanır. Görünür, bəziləri hesab edirlər ki, müstəqillik əldə etdikdən sonra Əhməd Cavadlar, Almas İldırımlar, Məhəmməd Əminlər, Gültəkinlər, Mirzə Balalar artıq lazım deyildir. Yəni onlar tarixə qovuşmuşdur. Doğrudur, milli istiqlal şəhidlərimiz tarixə qovuşmuşdur, ancaq bu şərəfli və ləyaqətli bir tarixdir. Ən azı ona görə ki, bugünkü müstəqilliyimiz onların al qanları ilə qazanılmış və yaşadılmışdır.

Unutmaq lazım deyil ki, A.İldırım və yüzlərlə milli istiqlal şəhidlərimiz Azərbaycanın istiqlalı yolunda təkcə özünü deyil, ailəsini və övladlarını da qurban vermişlər. Vətənə dönmək ümidi ilə əkiz övladlarına Eldəgəz və Yurdavar isimlərinə verən şairin bu arzusu da gözündə qalır. Hər iki övladı bir gündə dünyasını dəyişir. Buna səbəb şübhəsiz ki, sürgün həyatında tapdıqları xəstəliklər idi. Halbuki 1920-1930-cu illərdə bəzi şair-mütəfəkkirlərimiz kimi, A.İldırım da Stalinə, Leninə və başqalarına məhdiyyələr yazaraq vətənində rahatca yaşaya və övladlarını da itirməyə bilərdi. Ancaq A.İldırım üçün Vətən-Azərbaycan, Millət-Türk, İstiqlal-Azadlıq sedası hər şeydən - ailədən də, övladlardan da, rahat yaşamaqdan da öndə dayanırdı. Çünki Alman İldırımın həyat devizi belə idi: öncə vətən, öncə millət, öncə istiqlal.

A.İldırımın özünün də yazdığı kimi, XX əsrdə hürr bir aləmdə, bir millətin azadlığının əlindən alınması kimi faciəli bir vəziyyət ola bilməzdi. Bu baxımdan «hürr bir aləmdə insan hürriyyətinə məlun bir qüvvət kimi zəncir vurana lənət» deyən şair-mütəfəkkir qeyd edirdi ki, Tanrı ona keçmişdən bir anını versəydi, bir məşəl yaxaraq azad bir cəmiyyət qurardı:

Qazardım könüllərdə yalnız tək bir ideal:

«İnsanlara hürriyyət, millətlərə istiqlal!».

Hardasan, ey xilaskar Bozqurdum, çıx yoluma,

Hardasan, ey Teymurun qüdrəti, gəl qoluma,

Şimşəklər kimi bir an mən çaxmaq istiyorum.

Böyük Azərbaycan-türk ideoloqu, Azərbaycan Cümhuriyyətinin qurucusu, Azərbaycan türkçülüyü ideyasının müəllifi M.Ə.Rəsulzadənin «İnsanlara hürriyyət, millətələr istiqlal!» devizini bir ideal kimi qəbul edən A.İldırımın bir Azərbaycan türkçüsü qədər, turançı olması da şübhəsizdir:

Türk elləri bir-birinə yadlanır,

Qazax, Qqırğız, Türkmən, Özbək adlanır,

Azəri türk yanır, içdən odlanır,

Ana yurdun içdən halı duman hey…

Qoca Türkün düşdüyü dərd yaman hey…



Azərbaycan dərd içində boğulmuş,

Sevənləri diyar-diyar qovulmuş,

Ağla, şair, ağla, yurdun dağılmış,

Nərdə qopuz, nərdə qırıq kaman hey?..

Nərdə böyük vətən, nərdə Turan hey?...

Göründüyü kimi, milli istiqlal sevdalısı, Azərbaycan türkçülüyünü şeirdə yaşadanlardan Almas İldırım şərəfli bir yol keçmiş, bu yolda birmənalı şəkildə şəhid olmuşdur. İldırımn Vətən uğrunda şəhid olmasını ifadə edən yüzlərlə şeirlərindən biri də «Əsir Azərbaycanım»dır:

Nerdə (harada) məni gül qoynunda doğuran,

Xəmrimi göz yaşıyla yoğuran,

Beşiyimdə «layla balam» çağıran,

Azərbaycan, mənim baxtsız annam oy,

Neçə bir il həsrətinlə yanam oy?..



Salam desəm. Ruzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəqgirini qırar oy!..

Hökm etsə, bu sərsəm gediş dursa oy!..



Xəbər alsam Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adı dilimdən,

Azərbaycan, mənim eşsiz yurdum oy!..

Ölməz eşqim, içimdəki dərdim oy!..



Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz nedəm qürbət eldə günü mən,

Sənsiz nedəm Allahı mən, dini mən,

Azərbaycan, mənim taxtım, tacım oy!

Oyanmazmı kor olası baxtım oy!
Bu xəbər oxucular tərəfindən 1339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed