Şrift:
Çörək sexlərindəki vəziyyət fəlakətlidir.
01.10.2012 [12:10] - Sosial
Azərbaycanın çörəkbişirmə sexlərində nələr olur?

“Gələndə çörək al. Səhər aldığımızın içindən qəribə iy gəlir. Yapışqan kimidir özü də...” Azərbaycanda kişilər həyat yoldaşlarından belə tapşırığı tez-tez alırlar. Çünki paytaxt mağazalarında bişirilən çörəyin keyfiyyəti heç də hər zaman ürək açmır. Yolu bircə dəfə də olsun, xaricdən, xüsusən Avropa ölkələrindən düşmüş insanlar bilir. Orda bir yemək zamanı yarım dilim çörək belə kifayət edir. Doyumluluğuna, keyfiyyətinə görə, təbii ki. Bəs ölkəmizdə çörək sexləri üzümüzü niyə güldürmür? Bizə çörək əvəzinə nə yedizdirirlər?

Qısa müddət öncə “Çudo Peçka” mağazalarında aparılan reyddən sonra çoxumuzun içinə narahatlıq düşdü. Ən tərifli şirniyyat mağazası belə vəziyyətdədirsə, sıradan çörək sexlərində çörəyi necə bişirirlər? Orda durum necədir?
Tarixçilərin və arxeoloqların dediklərinə görə, çörək bəşər övladına 15 min il bundan qabaq məlum idi. Qədim insanlar od almağı öyrəndikdən sonra qızmar daş üstündə şit kökə bişirməyə başlamışdılar. Bununla da qida problemi qismən həll edilmişdi. Bəs digər millətlərlə müqayisədə azərbaycanlılar niyə bu qədər çörək yeyir, bunun səbəbini bilirsinizmi? Alimlərin dediklərinə inansaq, qədim dövrlərdə Azərbaycan zəngin olmadığından və ayrı-ayrı dövlətlərin müstəmləkəsində yaşadığından xalqımız ağır həyat tərzi keçirib. Bu baxımdan onların qida seçimi çox bəsit olub. Eləcə də həmin ərəfələrdə əkinçilik, o cümlədən dənli bitkilərin becərilməsi sürətlə inkişaf etdiyindən insanlar qida rasionunda daha çox belə məhsullara üstünlük verirdilər. Amma burada bir məsələ də var ki, azərbaycanlı ailələrdə heç vaxt çörəkdən imtina müşahidə edilmir. Məsələn, biz balıq və digər məhsullarla təkrar-təkrar qidalana bilmərik. Lakin çörəyi gündə 3 və ya 4 dəfə qida rasionumuza daxil edirik. Təbii ki, bu proses genetik kodlarımızın necə formalaşması nəticəsində baş verir. Sözügedən məsələ insan psixologiyasının və fiziologiyasının durumundan da asılıdır. Yəni əcnəbilər əksər hallarda qida rasionlarına çörək daxil etmirlər və bu, artıq pozulmaz qaydadır. Misal üçün, almanlarda bifşteks adlı yemək var və qızardılmış ətdən ibarət olan həmin yeməyin süfrəyə verilməsi zamanı noxuddan, kartofdan, göyərtidən istifadə edirlər. Əgər hansısa alman restoranında bifşteksin yanında süfrəyə çörək verilirsə, bu, ofisiantın kobud səhvi kimi qiymətləndirilir.
İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. İnsan sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir. Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Bu statistikaya inansaq, azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu göstəriciyə görə, ölkəmiz dünya ölkələri arasında liderlər sırasındadır.

Çörəyi neçə gün saxlamaq olar?

Bu günə qədər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bir neçə dəfə çörək sexlərində monitorinq aparıb. Çörək və bulka məmulatları ilə bağlı laborator tədqiqatlar aparılarkən onlardan nümunələr də götürülüb. Son belə monitorinq zamanı götürülmüş nümunələrin 4-də kartof xəstəliyinin törədicisi aşkarlanıb. Həmin məhsullar Abşeron rayonunun ərazisindəki sexlərdən götürülüb.
Bəs yuxarıda yazdığımız məsələ - yayda çörəyin tez xarab olmasının səbəbi nədir?
Mütəxəssislər deyir ki, çörəyin saxlanma müddəti müvafiq normativ sənədlərlə müəyyənləşdirilir. Belə ki, onun 120 saat saxlanmasına icazə verən sənəd dövlət sanitariya orqanları tərəfindən hələ təsdiq olunmayıb. Amma elə müəssisələr var ki, onlar xüsusi qablaşdırma sistemindən istifadə etdiyi və çörəyin tərkibində məhsulun saxlanmasına zəmanət verən məhsullardan istifadə etdiyi üçün həmin müəssisələrə çörəyin maksimum 3 sutka saxlanmasına icazə verilir. Bu zaman da havanın temperaturu və nisbi rütubət mütləq nəzərə alınmalıdır. Belə ki, bu şəraitdə də çörəklərin 72 saatdan artıq saxlanmasına icazə verilmir. Adi halda çörəyin 25 saatdan yuxarı saxlanma müddəti yoxdur.
Azərbaycan Azad İstehlakçılar Birliyinin (AAİB) araşdırmasına görə, ölkə üzrə çörək istehsalı sahəsində subtilis (kartof çöpü) viruslarına yoluxma bir neçə yolla baş verir. Birinci variantda virusa yoluxma un vasitəsi ilə baş verir, yəni bakteriyalar taxılı yoluxdurur və ondan istehsal edilmiş un da yoluxmuş olur, daha sonra ondan istehsal edilən xəmir və çörək də virus daşıyıcısına çevrilir. Çünki həmin virusların vegetativ hüceyrələri 75-80 °C istilikdə ölsələr də, sporaları hətta bir saat ərzində 120 °C istilikdə qaldıqda belə məhv olmur. Çörək isə maksimum 20 dəqiqəyə bişir. Yəni bu yolla bişən çörək virus daşıyıcısı olaraq qalır.

Kiflənmiş çörək heyvana verilir və ...

Çörəklə bağlı daha bir neqativ hal isə onun çəkisini əhatə edir. Belə ki, standartlara görə, çörəyin üzərində onun dəqiq çəkisi və qiyməti qeyd olunur. Lakin Azərbaycanda bu cür təcrübə olmadığından istehsalçılar çörəyin çəkisilə manipulyasiya edir.
Azərbaycanda çörək zəruri ərzaq normasına daxildir. Taxılın adambaşına illik istifadə norması 180 kq müəyyən edilib. Amma adambaşına düşən çörək norması barədə rəsmi qurumlarda heç bir məlumat yoxdur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanda istehlakçılar çörəyin israfçılığına yol verir. Amma dünyanın aclıqdan əziyyət çəkmiş xalqlarında çörəyə xüsusi münasibət var: “Azərbaycanda çörəyi ayaq altına zibilxanalara atırlar. Kirləndirilmiş çörəyin yenidən heyvanlara verilməsi isə insanların sağlamlığında öz əksini tapır. Heyvanlardan keçən xəstəliklər insanları bir anda məhv edə bilər. İnsan ekoloji cəhətdən təmiz qida qəbul edən heyvanların məhsulu ilə qidalanmalıdır. Məncə, sanitar-gigiyenik qaydalara zidd olan belə kiflənmiş çörəklərin satışının qarşısı dövlət orqanları tərəfindən alınmalıdır”.
Bir çox hallarda çörəyin tərkibi və saxlanma müddəti standartlara uyğun olmur. Ona görə də ekspertlər alıcılara çörəyi daha çox parça kağız və ya digər pambıq vasitələrdə saxlamağı tövsiyə edir.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsindən verilən məlumatda isə bildirilir ki, dükanlar satış müddəti başa çatmış çörəyi yenidən sexlərə qaytarır. Çörəkbişirmə sexləri də qayıdan məhsulu satış qiymətinin 50 faizi dəyərində vətəndaşlara satır. Onlar da heyvanlara verir.

Quru çörəklərin üstünə su çilənir, ət maşınında çəkilir və xəmirə qatılır

Keçək çörək hazırlanması zamanı yol verilən neqativ hallara. “Yeni Müsavat” olaraq bir neçə dəfə yazmışdıq ki, bəzi çörək sexlərində satılan çörəklərin tərkibinə köhnə çörək və digər qarışıqlar əlavə edilir. Nəticədə şəhərin müxtəlif çörək mağazalarından alınan çörəklərin içindən müxtəlif əşyalar, yumurlanmış quru xəmir qırıqları, çörək qalıqları çıxır.
Sexlərin məhəllələrdəki çörək mağazaları bir-bir vətəndaşlardan quru çörək istəyir. Həmin çörəklər mağazalarda günün sonuna kimi yığılır və axşamlar çörək sexlərinin maşınları ilə daşınır. Bu çörəklər yenidən xəmirin tərkibinə qatılır və itkiyə getməmək məqsədilə həmin xəmirin tərkibində yoğurulur. Daha konkret desək, çörək mağazalarında satılmayan çörəklər axşamlar sexlərə qaytarılır və orada toplanır. Həmin çörəklər atılmır. Quru çörəklərin üzərinə su çilənir və ət maşınında çəkilir. Çəkilmiş çörək yenidən xəmirin tərkibinə əlavə edilərək təzədən bişirilir. Nəticədə sakinlərin aldıqları çörəkdə müxtəlif qıcqırmalar olur. Bu da insan orqanizmi üçün təhlükə yaradır.
Bundan başqa, dəfələrlə mətbuatda da qeyd olunub ki, əksər çörək sexlərinin sobalarında çörək kündələrinin yerləşdirildiyi xüsusi qablar transformator yağı ilə yağlanır. Çörəyin üzərində sürüşkənliyin müşahidə olunması da bununla bağlıdır.
Sonda... Biz bütün bunları monitorinqlər aparılmadan da bilirik. Amma hələ ki, çörək sexləri hansısa oliqarxın, ya da yeni fəaliyyətə başlayacaq şirniyyat şəbəkəsinin maraqlarına tuş gəlməyib. Fotolu-videolu “araşdırma”nı o zaman görəcəksiz. Eyhamı anlayan anladı...

Sevinc TELMANQIZI
Bu xəbər oxucular tərəfindən 1341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed