Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan qərargah 24 saat fəaliyyət göstərir
14.03.2020 [14:32] - Gündəm, Diaspor
Dünyanın bir çox ölkələrində koronavirusun yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan operativ qərargah 24 saat fəaliyyət göstərir.

Bu barədə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətində bildirilir.
Qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlılarla əlaqəni daha da möhkəmləndirmək üçün bir neçə gündür yaradılan www.diaspora.support və info@diaspora.support elektron ünvanları fəaliyyətdədir. İndiyədək bu elektron ünvanlara xaricdən onlarla müraciət daxil olub və onlar operativ olaraq cavablandırılıb. Soydaşlarımız www.diaspor.gov.az saytına daxil olaraq qeyd edilən məsələlərlə bağlı ətraflı məlumat ala bilərlər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edərək bildirir ki, dünyanın bir çox ölkələrində virusun yayılması ilə əlaqədar Dövlət Komitəsi Azərbaycanlıların Koordinasiya şuraları, Azərbaycan evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edir, onların vəziyyəti ilə maraqlanır, maarifləndirici tövsiyələr verir və bütün mümkün vasitələrdən istifadə edərək soydaşlarımıza mənəvi dəstək verməyə çalışır. Xüsusilə də virusun geniş yayıldığı, xeyli sayda azərbaycanlının məskunlaşdığı və təhsil aldığı İtaliyada yaşayan həmvətənlərimiz Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin diqqət mərkəzindədirlər.

Soydaşlarımızdan xahiş olunur ki, qeyd edilən mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə hesabları, elektron poçt ünvanı, həmçinin digər elektron ünvanlarına müraciət etsinlər. Diasporla İş üzrə Dövlət Komitəsi əz səlahiyyət və imkanları çərçivəsində hər bir həmvətənimizə kömək etməyə hazırdır. Həmçinin tövsiyə olunur ki, azərbaycanlılar yaşadıqları ölkələrin hökumətlərinin koronavirusla bağlı qəbul etdiyi qayda və tələblərə ciddi əməl etsinlər.

Dövlət Komitəsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və Nazirlər Kabineti yanında operativ qərargahla (Qaynar xətt: *994-1542) intensiv əlaqə saxlayır.
Bu xəbər oxucular tərəfindən 31515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed