Şrift:
Qərbi Azərbaycanda 534 nəfər yol qəzalarında həyatını itirib
17.03.2020 [14:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cari ildə (İranda yeni il Novruz bayramında başlayır) Qərbi Azərbaycan Əyalətinin yollarında baş verən yol qəzalarında 534 nəfər həyatını itirib.



Bu barədə Qərbi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Rəsul Rövşəni mətbuata məlumat verib.



“Yola salmaq üzrə olduğumuz 1398-ci ildə Qərbi Azərbaycan yollarında baş verən yol-nəqliyyat hadisələrində 11 min 936 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 8519 nəfəri kişi, 3417 nəfəri isə qadın olub.”- deyə o bildirib.



Qərbi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi il ərzində əyalət üzrə baş verən yol qəzalarında 534 nəfərin öldüyünü də diqqətə çatdırıb.

“Cari ildə yol qəzalarında ölənlərdən 89-u şəhərlər arası yollarda, 390-ı şəhər daxilində, 55-i isə kənd yollarında baş verən qəzalarda həyatını itirib.”- deyə o bəyan edib.



Rəsul Rövşəni bu il ötən ilə nisbətən yol qəzalarında ölənlərin sayının artıb və ya azalması haqda heç nə deməyib.



Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed