Şrift:
Azərbaycanı layiqincə təbliğ edən diaspor rəhbərləri
03.10.2012 [10:28] - Diaspor
Azərbaycan diasporunun formalaşması, onun inkişaf etməsində ayrı-ayrı diaspor təşkilatları ilə yanaşı, bu sahədə fəaliyyət göstərən həmvətənlərimizin də əvəzedilməz rolu var. Müxtəlif ölkələrdə fəaliyyət göstərən cəmiyyət və birliklərə rəhbərlik edən həmin şəxslər öz fəaliyyətləri ilə diaspora hərəkatını bir qədər irəli aparır, Azərbaycanın təbliği işi ilə məşğul olurlar. Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan diaspor təşkilatlarının rəhbərləri var ki, həmin şəxslər də mütəmadi olaraq Azərbaycan dövləti və onun prezidenti tərəfindən qiymətləndirlir, Azərbaycanın təbliği istiqamətində göstərdikləri fəaliyyətə görə orden və medallarla təltif olunurlar.

Azərbaycan diasporunun inkişaf etməsi, onun formalaşmasında müstəsna xidmətləri olan şəxslərdən biri Tomris Azəridir. Tanınmış Şeyxzamanovlar nəslindən olan Tomris Azəri Nağı bəy Şeyxzamanovun qızıdır. Vaxtıilə müxtəlif səbəblərdən Azərbaycanı tərk etməli olan Şeyxzamanovlar ailəsi Birləşmiş Ştatlarda özünə sığınacaq tapır. Nağı bəy Şeyxzamanovun qızı olan Tomris Azəri də məhz Birləşmiş Ştatlarda anadan olur. Tomris Azəri hazırda Amerika Azərbaycanlıları Cəmiyyətinə rəhbərlik edir. Prezidenti olduğu Amerika Azərbaycanlıları Cəmiyyəti okeanın o tayında Azərbaycan diasporunun inkişaf etməsi, potensial gücə çevrilməsi, həmçinin Birləşmiş Ştatlarla Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərib, işlər görüb. Xüsusilə cəmiyyət Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, eləcə də ermənilərin Azərbaycan ərazilərini işğal altında saxlaması, zaman-zaman xalqımıza qarşı erməni terrorunun həyata keçirildiyi barədə məlumatlar, təkzibolunmaz faktlar Tomris Azərinin rəhbəri olduğu Amerika Azərbaycanlıları Cəmiyyəti tərəfindən bu ölkənin rəsmi dairələri, ictimaiyyətinə dolğun və ətraflı şəkildə çatdırılır. Amerika Azərbaycanlıları Cəmiyyətinin məqsədyönlü fəaliyyəti, cəmiyyətin Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsində oynadığı rol Ağ Ev tərəfindən də müsbət qarşılanır və təqdir olunur. Belə ki, bir neçə il əvvəl Birləşmiş Ştatlar prezidenti tərəfindən Amerika Azərbaycanlıları Cəmiyyətinin yubileyi münasibətilə təbrik məktubunun göndərilməsi və həmin məktubda cəmiyyətin fəaliyyətinin təqdir edilməsi Amerika rəsmilərinin Tomris Azərinin timsalında Birləşmiş Ştatlardakı Azərbaycan diasporuna verdiyi qiymətin göstəricisi sayıla bilər. Amerika-Azərbaycanlıları Cəmiyyəti, eləcə də onun prezidenti Tomris Azərinin ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ probleminin Amerika ictimaiyyətinə çatdırılması, həmçinin sözügedən təşkilatın diasporamızın inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyev tərəfindən də qiymətləndirilir. Məhz bunun göstəricisidir ki, 2006-cı il, Dünya Azərbaycanlılarının ikinci qurultayı ərəfəsində dövlət başçısının imzaladığı müvafiq sərəncamla Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan prezidenti tanınmış diaspor nümayəndəmizə ordeni şəxsən təqdim edib.

Azərbaycanı layiqincə təmsil edən simalardan biri də Leyla xanım Əliyevadır. Hazırda Rusiya Federasiyasında yaşayan Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri olmaqla yanaşı, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədridir. Leyla xanım Əliyeva eyni zamanda Moskvada nəşr olunan “Baku” jurnalının baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. Məlumat üçün qeyd edək ki, Leyla Əliyeva Azərbaycan Respublikası prezidenti İlham Əliyevin böyük qızıdır. O, 1985-ci il, iyulun 3-də anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil aldıqdan sonra İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Leyla xanım Əliyeva həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. Leyla xanım Əliyevanın Rusiya Fedarasiyasındakı ictimai və siyasi nüfuzu, rəhbərlik etdiyi qurumların Azərbaycan naminə gördüyü işlər şimal qonşumuzda Azərbaycan diasporunun getdikcə güclənməsi və inkişaf etməsinə öz müsbət təsirini göstərir. Leyla xanım Əliyevanın diaspor nümayəndəsi kimi Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması sahəsində göstərdiyi ən böyük xidmətlərdən biri “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı kimi çıxış etməsidir. Məhz onun təşəbbüsü ilə həyata keçirilən sözügedən kampaniya çərçivəsində ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım faktı dünya ölkələrinin diqqətinə çatdırılıb. Hətta bir sıra ölkələrin parlamentləri bu kampaniyanın məntiqi nəticəsi olaraq ermənilərin 1992-ci il, fevralın 26-da Xocalıda törətdikləri insanlıq faciəsini soyqırım kimi tanıyıb. Leyla xanım Əliyevanın Azərbaycanın təbliği istiqamətindəki fəaliyyəti Azərbaycan prezidentinin diqqətindən kənarda qalmayıb. Belə ki, dövlət başçısının 2011-ci il, Dünya Azərbaycanlılarının üçüncü qurultayı ərəfəsində imzaladığı sərəncamla Leyla Əliyeva xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycanı dünyada tanıdan, xarici ölkələrdə geniş təsir gücünə malik həmvətənlərimizdən biri də Tale Heydərovdur. Avropa-Azərbaycan Cəmiyyətinin (The European Azerbajan Society) prezidenti olan Tale Heydərov London iqtisadiyyat məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir. Tale Heydərov əsası Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva tərəfindən qoyulan Azərbaycan diasporunun gəncləşməsi prosesində yaxından iştirak edən və bu prosesi sürətləndirən əsas simalardandır. Tale Heydərovun rəhbərlik etdiyi Avropa-Azərbaycan Cəmiyyəti”nin əsas fəaliyyət istiqaməti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizi dünyaya daha yaxından tanıtmaqdır. Tale Heydərovun beynəlxalq səviyyəli konfrans və tədbirlərdə Dağlıq Qarabağa “erməni təcavüzü”, Amerikanın insan hüquqları və demokratiya haqqında hesabatlarında “ikili standartlar” haqqında çıxışlar etməsi və Birləşmiş Ştatlar Konqresinin Dağlıq Qarabağ anklavına hümanitar yardımı təmin etmək səylərindən şikayətlənməsi Azərbaycanın beynəlxalq arenada daha bir ictimai uğuru kimi də qiymətləndirilə bilər. Tale Heydərov Azərbaycanın dünyada tanıdılması istiqamətində gərgin səylərini hazırda da davam etdirir. Tale Heydərovun rəhbərlik etdiyi “Avropa Azərbaycan Cəmiyyəti”nin təkcə Londonda deyil, eyni zamanda Berlin, Brüssel və Bakıda ofisləri var. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır. Ötən müddət ərzində cəmiyyətin xətti ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çoxsaylı kitablar, jurnal və qəzetlər nəşr edilib. Həmçinin Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr olunub. “Avropa Azərbaycan Cəmiyyəti”nin hər ay işıq üzü görən qəzeti bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Cəmiyyətin Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab da dünyanın müxtəlif universitet və institutlarına paylanıb. Tale Heydərov vətəninə, millətinə bağlı bir ictimai xadim kimi Azərbaycan və türk diaspoi təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsinə də töhfəsini verir. Belə ki, bir müddət əvvəl Böyük Britaniyanın paytaxtı London şəhərində Tale Heydərovun rəhbəri olduğu “Avropa Azərbaycan Cəmiyyəti”nin təşkilatçılığı ilə «Azərbaycan və Türkiyə: müxtəlif investisiya imkanları» adlı biznes forum keçirilib. Tədbirdə müxtəlif sessiyalar, əsasən enerji təhlükəsizliyi, maliyyə layihələri və bank investisiyaları, informasiya kommunikasiya texnologiyaları sahəsi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb. Müxtəlif sahələr üzrə sessiyalarda ümumilikdə 40 ekspert çıxış edib, suallara cavab verilib. Forumda qanunverici orqan təmsilçiləri, diplomatlar, alimlər, Azərbaycan, Türkiyə və Avropanın müxtəlif ölkələrini təmsil edən iş adamları, Türkiyənin Böyük Britaniyadakı səfiri Ünal Çeviköz, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman da iştirak ediblər. Azərbaycan diasporunun dünya səviyyəsində tanıdılmasında xüsusi xidmətləri olan şəxslərin adları sırasında Tale Heydərovun adının ilk yerlərdə olması məhz onun görgin və yorulmaz fəaliyyətinin nəticəsində mümkün olub. Gənc olmasına baxmayaraq, bütün fəaliyyətini Azərbaycanın tanıdılmasına həsr edən Tale Heydərovun da fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən qiymətləndirilir. Dünya Azərbaycanlılarının üçüncü qurultayı ərəfəsində “Avropa Azərbaycan Cəmiyyəti”nin prezidenti Tale Heydərovun dövlət başçısının sərəncamı ilə təltif edilməsini buna mial göstərmək olar. Məlumat üçün qeyd edək ki, Dünya Azərbaycanlılarının üçüncü qurultayı ərəfəsində prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən Tale Heydərov xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Bu isə öz-özlüyündə onu deməyə əsas verir ki, dövlət tərəfindən lazımı səviyyədə qiymətləndirilən diaspor rəhbərlərimizin qazanacağı uğurlar və Azərbaycan naminə görəcəyi təqdirəlayiq işlərin bir qismi irəlidədir və diaspor rəhbərlərimiz qarşıdakı illərdə həmin işlərin icrası istiqamətində yorulmaz fəaliyyət göstərəcəklər.
Bu xəbər oxucular tərəfindən 1429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed