Şrift:
Səid Araz: «Güney Azərbaycanın milli kimliyini dərk etməsi fars hakimiyyətinin sonu deməkdir»
03.10.2012 [12:13] - Müsahibə, Güney Azərbaycan-Təbriz
«Farslar özlərindən üstün olan türk mədəniyyətindən və dilindən qorxurlar»

Budəfəki həmsöhbətimiz əslən Təbrizdən olan, hazırda isə Kanadada mühacirətdə yaşayan soydaşımız Səid Arazdır. Onunla daha yaxından tanış olmaq üçün elə siyasi fəaliyyətilə söhbətə başladıq.
- Milli azadlıq hərəkatına necə qoşuldunuz?
- Tələbə idim. Hələ orta məktəbdə oxuyarkən eşitmişdim ki, bizim də ana dilində təhsil almaq haqqımız var. Bu məsələ diqqətimi cəlb etmişdi. Sonra bir neçə milli fəalla tanış oldum. Onlarla söhbət etmək çox maraqlı idi. Milli haqlarımızdan, rejimin Azərbaycan türklərinə qarşı yürütdüyü siyasətdən danışırdılar. Tədricən özüm də bu hərəkata qoşuldum.
- Hərəkatda hansı işləri görürdünüz?
- Əsas ideya daşıyıcıları yaşda və təcrübədə bizdən böyük olan milli fəallar idi. Onları böyük qardaşımız kimi sayır və sevirdik. Bizə bu yolun çətinliyindən də danışırdılar. Hətta deyirdilər ki, səbəbsiz yerə həbs oluna, ağır təzyiqlərə məruz qala bilərsiniz. Bu yola çıxan psixoloji cəhətdən də hazır olmalıdır. Mənim də çətinliklərdən xəbərim vardı. Davamlı həbslər və təzyiqlər nəticəsində Güney Azərbaycanı tərk edən və xaricdə mühacir həyatı yaşayan milyonlarla soydaşımız var. Bu aqibət hərəkatda olan hər kəsi gözləyə bilər. Ailəni, evini, şəhərini, torpağını tərk edib, qürbətdə yaşamaq çox ağırdır. Valideynlərinin dəfnində iştirak edə bilməyən qardaşlarımız var. Mühacirlik sürgün həyatıdır. İllərlər doğmalarına həsrət qalmaq deməkdir. Amma rejim başqa seçim qoymur. Mən də bir neçə dəfə həbs edildim. Evimə «Ettelaat» məmurları basqın edib, bilgisayarımı, əl yazmalarımı, disklərimi müsadirə etdilər. Bir dəlil tapmasalar da, xarici ölkələrə casusluqda ittiham etdilər. Zindanda narkomanlarla, canilərlə bir bənddə saxladılar. Halbuki mən siyasi məhbus idim. 5 aydan sonra sərbəst buraxıldım. Məni «Ettelaat»a çağırıb tapşırdılar ki, fəaliyyətimdən əl çəkim. Deyirdilər ki, çox gəncsən, İranı dağıtmaq istəyən qüvvələrə uyma, istəyirsən səni xaricdə oxutduraq, amma bu yoldan əl çək. «Ettelaat»da bizi dindirən iki cür məmur var. Biri mülayim olur və sorğu-sual edəndə də elə danışır ki, guya halımıza yanır. Elə ki, görürülər sən onlara tabe olmursan, həmin mülayim gedir, onun əvəzinə sərt məmuru göndərirlər. Həmin sərt olan isə fiziki güc tətbiq edir. Mən «Ettelaat»da bu cür istintaq aparıldığını biliridm. Milli fəallar danışmışdılar. Ona görə də hazır idim. Nə mülayimin, nə də sərtinin toruna düşmədim. Axırda gördülər ki, bir nəticə alınmır, məni təcridxanaya göndərdilər. Məhkəmədən sonra Təbriz zindanına köçürdülər.
- Bəs hərəkata qoşulmağınıza ailənizin münasibəti necə idi?
- Ailəm milli təfəkkürlüdür. Biləndə ki, bu yolu seçmişəm mane olmadılar. Amma çox narahatçılıq yaşadılar. Bilirdilər ki, anti-demokratik bir quruluşda rejimə qarşı mübarizə aparmağın cəzası ağır olur.
- Həbsdən çıxandan sonrakı fəaliyyətiniz necə oldu?
- Zindandan çıxar-çıxmaz yenə də «Ettelaat»a çağırdılar. Hədə-qorxu gəldilər ki, fəaliyyətini dayandır. Mən də heç nə demədim. Amma yenə də milli fəallarla görüşməyə başladım. Təqib olunduğumu hiss etmişdim. Bilirdim ki, yenə də həbs oluna bilərəm. Fikirləşirdim ki, nə olacaqsa olsun. Onsuz da zindan həyatını yaşayıb, çətinliyini görmüşdüm. Biz Pişəvərinin rəhbərliyi altında qurulmuş milli hökumətin ildönümündə əhaliyə bildiriş paylamağa başladıq.
- Bildirişdə nə yazılmışdı?
- Milli hökumət haqqında məlumat, pozulan hüquqlarımız və həbsdə olan milli fəalların adları yazılmışdı. Bildirişləri gecələr paylayırdıq. Gündüz açıq şəkildə paylasaydıq, dərhal həbs edərdilər. Nə qədər ehtiyatlı olsam da, təqib olunduğum üçün «Ettelaat» məmurları məni elə bildiriş paylayarkən yenə də həbs etdilər. Amma bir neçə gün sonra sərbəst buraxdılar. Bu cür qısamüddətli həbs edilməyim çox oldu.
- Təzyiqlər və həbslər hərəkatdan çəkilməyinizə təsir etmədi?
- Rejimin Azərbaycan türklərinə qarşı siyasəti bizi milli hərəkata qoşulmağa vadar edirdi. Siz İranda yaşamadığınız üçün oradakı haqsızlığı təsəvvür edə bilmirsiniz. Hər addımda türk olduğumuz üçün aşağılanırıq. Hətta insanlarımız bu cür aşağılanmağa alışıblar. Ona görə də susur və mübarizəyə qoşulmurlar. Sanki elə farslar ağa, türklər isə onların nökəri olmaq üçün doğulur. Bu haqsızlığı dərk etdikcə insan rejimə nifrət edir. Axı biz İranın torpağında deyil, öz vətənimizdə yaşayırıq və farsın çörəyini yemirik. Üstəlik, bizim torpaqlarda olan təbii sərvəti də rejim talayaraq fars şəhərlərinin abadlaşdırılması üçün sərf edir. Zəlzələ baş verən Vərziganda bir xəstəxana belə yoxdur. Yaralıları qonşu şəhərlərin tibb məntəqələrinə daşıdılar. Bəzilər elə yoldaykən keçindi. Halbuki Vərziganın torpağı zəngindir, orada böyük mis yataqları var. Misi rejim talayır, amma Vərzigana gün ağlamır. Bu, sadəcə, bir misaldır. Rejimin Güney Azərbaycana olan düşməncəsinə münasibətini isbat edən buna bənzər çox sayda nümunə çəkmək olar. Nə üçün ana dilimizdə məktəb açmağa icazə verilmir? Çünki farslar özlərindən üstün olan türk mədəniyyətindən və dilindən qorxurlar. Zalım həm də ən qorxaq olandır. Əgər rejim bizdən qorxmursa, niyə ana dilimizdə təhsil almağa icazə vermir? Çünki Güney Azərbaycanın milli kimliyini dərk etməsi fars hakimiyyətinin sonu deməkdir. Bizi özlərindən üstün bildikləri üçün hər zaman süni şəkildə türkləri təhqiramiz təqdim etməyə çalışırlar. İstəyirlər ki, Azərbaycan türkləri onların qondarma təqdimatına boyun əyib özündən utansın və farslaşsın. Əslində rejimin uzun illər apardığı sistemli anti-Azərbaycan siyasətinin nəticəsi olaraq assimilyasiya olunmuş soydaşlarımız da var. Xüsusilə də Tehranda özlərini fars dilində təqdim edib, fars kimi də danışmağa çalışırlar ki, Azərbaycan ləhcələri bilinməsin. Bir tələbə yoldaşım var idi. Anası türkcə danışırdı, farsca bilmirdi. O, anası ilə Tehranın küçələrini gəzəndə çalışırdı ki, anasından ya irəlidə, ya da arxada getsin və heç kim onun türk olduğunu bilməsin. Hətta belələrindən də imtina etməməli, yenidən xalqımıza qaytarmalıyıq. Bunun isə əsas yolu təbliğat və maariflənmədir. Milli kimliyindən utanan insana türkün şərəfli tarixini, qurduğu tarixi dövlətlərini, zəfərlərini, zəngin ədəbiyyatını və mədəniyyətini öyrətsək, heç şübhəsiz ki, onlar da türk olmalarıyla fəxr edəcəklər. Bizim tariximiz şərəfli olduğu qədər də ləkəsizdir. Biz tarixən işğalçı olmamışıq, soyqırımlar törətməmişik. Ermənilər kimi dünənimiz terrorlarla, faciələrlə imzalanmayıb. Amma unutmadan qeyd etməliyəm ki, milli haqlarımız uğrunda savaşan, zindanlarda yaşayan qardaşlarımız da az deyil. Heç bir təzyiq onları bu yoldan döndərə bilmir. Biz İrandan da heç nə istəmirik. Farsların öz torpaqları və dövlətləri özününkü olsun. Biz öz vətənimizi — Azərbaycanı azad etmək istəyirik. Bu bizim xalq olaraq haqqımızdır. İnanıram ki, hər bir totalitar rejimin çökəcəyi gün olur. Fars rejimi indidən laxlayıb, daxilində siyasi parçalanmalar gedir. Üzdə dünyaya hədə-qorxu gəlsə də, içindən dağılır. Biz məktəb divarlarına yazırdıq: «Gələcək bizimdir!». Buna bütün qəlbimlə inanıram. ədalətsizlik bu qədər tab gətirə bilməz. İnşallah, Güney Azərbaycanın istiqlaliyyəti də yaxındır. Amma bu azadlıq asan başa gəlməyəcək. Quzey necə qanla istiqlaliyyətini qazandısa, biz də bu yolu şərəflə davam etdirəcəyik. Başqasının bayrağı altında yaşamayıb, torpaqlarımızın azadlığı və işğaldan azad olması üçün çalışmalıyıq. Çünki Güney Azərbaycan da işğal edilib. Biz tarixi və coğrafi bütövlüyü arzu edirik və buna da nail olacağımıza inanırıq.

Turqut
Bu xəbər oxucular tərəfindən 1371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed