Şrift:
Rza Talibi: «İranda millət fərqi olmadan vətəndaşların bərabərliyi mümkündür»
03.10.2012 [12:26] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Siyamək Babanejad: «Rejimin Güney Azərbaycana qarşı apardığı qərəzli siyasətdən xəbəri olanlar üçün parlamentin qərarı təəccüb doğurmur»

Babək Agahi: «İranda yaşayan azərbaycanlılar farslara tanınan vətəndaşlıq haqlarından istifadə edə bilmirlər»

Məlum olduğu kimi, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Güney Azərbaycanın Qaradağ bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 306 nəfər ölüb, 3037 nəfər yaralanıb. Ancaq Güney Azərbaycanda yaşayan soydaşlarımız rəsmi rəqəmlərin gerçəkliyi ifadə etmədiyini və fəlakətin nəticəsinin daha ağır olduğunu söyləyir. Eləcə də zəlzələdən zərər çəkənlərə dövlət tərəfindən yetərincə qayğı və diqqət göstərilmədiyi, bir çox kəndlərə indiyədək də yardım edilmədiyi bildirilir. Odur ki, zərər çəkənlərə Güney Azərbaycanın digər şəhərlərində yaşayan soydaşlarımız şəxsi vəsaitləri hesabına yardım etməyə çalışır. Dövlət rəsmiləri fəlakət bölgəsində yenidənqurma işlərinin aparılamasıyla bağlı vədlər versələr də, hüquqi nəticəsi olmayıb. Belə ki, sentyabrın 23-də İran parlamentində «Şərqi Azərbaycan vilayətinin zəlzələdən zərər çəkmiş bölgələrinin bərpasının sürətləndirilməsi haqqında» qanun layihəsi müzakirəyə çıxarılaraq iki dəfə səsə qoyulub. Lakin iclasda 237 deputat iştirak etməsinə baxmayaraq, qanun layihəsinin qəbul olunması üçün 2/3 səs çoxluğu əldə edilməyib. İlkin səsvermə zamanı 99 nəfər qanun layihəsinin lehinə, 74 nəfər əleyhinə səs verib, 26 nəfər isə bitərəf qalıb. İkinci səsvermədə isə 110 nəfər qanun layihəsinin lehinə, 55 nəfər əleyhinə səs verib, 27 nəfər bitərəf qalıb. Ümumilikdə 45 millət vəkili səsvermədə iştirak etməyib. Bununla da qanun layihəsi qəbul olunmayaraq parlamentin gündəliyindən birdəfəlik çıxarılıb. Qanunun qəbul edilməsəsi güneyli soydaşlarımızın ciddi narazılığına səbəb olub. Məsələylə bağlı mövqeyini ilk öyrəndiyimiz əslən Urmiyadan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Rza Talibi oldu. O, qanun layihəsinin belə bir nəticəsinin İran üçün normal olduğunu bildirdi: «Məncə, belə bir nəticəyə çox normal baxmağımız lazımdır. Çünki bütün qanunların tapdalandığı və təfəkküründə türk qorxusu olan ölkənin şübhəsiz deputatları da məsələyə şovinist yanaşacaqlar. Belə də oldu. İran parlamentində Azərbaycan türkü olan deputatlar da var. Amma onlar passivləşərək Azərbaycan üçün çalışmırlar. İran siyasəti Azərbaycanı daha çox viran etməyə və məhvinə yönəlib. Belə bir rejimin parlamentindən də bundan artıq nəticə gözləmək olmazdı. Məsələnin kökündə bu dayanır. İran hakimiyyəti və fars kütləsinin əksəriyyəti türk və Güney Azərbaycan gerçəyini mənimsəmədi. Onların hədəfi Azərbaycanı təsirsiz hala gətirmək və bütün imkanlardan məhrum etməkdir. Bildiyiniz kimi, zəlzələdən sonra millət özü yardıma qalxdı. Niyə xalq özü kömək etməyə başladı? Çünki dövlətin yardım etməyəcəyini hamı bilir. İllərlə yürüdülən siyasətə və rejimin Güney Azərbaycana olan mənfi və etinasız münasibətinə insanlarımız artıq alışıb və bunu normal qəbul edirlər. Orada yaşayan soydaşlarımız bilir ki, fars heç bir zaman Azərbaycan türkünü özünə bərabər görməyib. Rejimin apardığı məqsədyönlü assimilyasiya və anti-Azərbaycan siyasətinin nəticəsi olaraq təəssüf ki, hakimiyyətə boyun əyən və farslaşmış soydaşlarımız da var. İranda yalnız millət fərqi olmadan vətəndaşların bərabərliyi mümkündür. Ona görə də ən düzgün yol müstəqillik və Güney torpaqlarının azad edilməsidir».
Əslən Ərdəbildən olan, hazırda isə Türkiyədə yaşayan digər siyasi mühacir Siyamək Babanejad dedi ki, İran parlamentinin bu addımı təəccüblü deyil: «Bəlkə də xaricdən normal görünməyə bilər. Amma rejimin uzun illər Güney Azərbaycana qarşı apardığı qərəzli siyasətdən xəbəri olanlar üçün nəticə təəccüb doğurmur. İrandakı reallığı xaricdə yaşamaqla və ya ora qonaq getməklə bilməz olmaz. Gərək orada yaşayasan ki, rejimin Azərbaycan türklərinə olan mənfi və ayrı-seçkilik siyasətini görəsən. Bu münasibət yalnız zəlzələylə bağlı qanun layihəsilə hüdudlanmır. Orada hüquqlarını tələb edən soydaşlarımıza olan münasibət də bu siyasətə xidmət edir». Onun sözlərinə görə, milli və vətəndaş haqlarımızı tələb edən milli fəallar aksiya keçirmək, imza toplamaq, Azərbaycan mədəniyyətini və tarixini təbliğ etmək kimi yalnız mədəni və sivil yollarla mübarizə aparırlar: «Güney Azərbaycan milli azadlıq hərəkatında radikallığa və aqressiyaya yer yoxdur. Odur ki, bizim mübarizə demokratik əsaslara dayanır. Milli fəallar rejimdən sadəcə öz haqlarını tələb edirlər. Həmin haqları ki, beynəlxalq konvensiyalarda irqindən, millətindən, dilindən asılı olmayaraq hər bir insan üçün tanınır. İranda öz tarixi torpaqlarında yaşayan Azərbaycan türkləri ən bəsit hüquqlarından məhrum ediliblər. Orada Azərbaycan türklərinin vəziyyəti fərqlidir. Biz orada milli azlıq deyilik. Əhalinin böyük hissəsini təşkil edən xalqıq. İranda sırf ana dilində dərs keçdikləri üçün həbs olunan milli fəallar var. Onlarda biri tanınmış jurnalist Səid Mətinpurdur. Onların günahı yalnız ana dilini öyrətməkdir. Bəlkə də Avropada və ya başqa sivil ölkələrdə dərs keçməyə görə həbs cəzası gülünc və ağlasığmaz görünə bilər. Amma İranda buna görə soydaşlarımız həbs olunur. Bu, rejimin nə qədər qəddar və amansız olduğunun göstəricisidir. Milli fəallar qanun pozucuları, quldur, oğru deyil. Dürüst həyat tərzi yaşayan, sadəcə ana dilində təhsil istəyən və demokratik yollarla mübarizə aparan sivil insanlardır. Sentyabrın 27-də tanınmış milli fəal Abbas Lisani digər 8 nəfər fəalla birgə yenidən həbs edildi. Bu ölkədə həbslər bitmək bilmir. Yalnız istiqlaliyyətlə tiranlığa son qoymaq olacaq. Dünya qloballaşır, sərhədlər aradan qalxır, insan hüquqları təkmilləşir. Müasirlik və texnologiya əsrini yaşayırıq. Bu gün dünyada müstəmləkəçiliyə yer yoxdur. Dünya bunu qəbul etmir. Təəssüf ki, Fələstin üçün dini təəssübkeşlik edən fars rejimi elə öz hakimiyyəti altında başqa bir müsəlman toplumu əzir, əsarət altında saxlayır. Bu bir siyasi gerçək və müasir müstəmləkəçilikdir. Beynəlxalq təşkilatların hesabatlarında hər zaman tənqid olunan, insan hüquqlarının pozulduğu ölkə kimi tanınan İran öz irqçi siyasətindən əl çəkmir. Lakin rejimin təzyiqləri Güney Azərbaycanda artan milli oyanışın qarşısını almaqda acizdir. Milli fəalların azadlıq eşqi, rejimin qəddarlığından qat-qat çoxdur. Beynəlxalq təzyiqlərə və sanksiyalara məruz qalan İran dünyadan təcrid olunur».
Məsələyə münasibət bildirən digər güneyli soydaşımız isə hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan Babək Agahidir. O vurğuladı ki, İran parlamentini farslardan başqa ölkədə yaşayan digər millətlərin aqibəti maraqlandırmır: «Azərbaycan türklərinə qarşı daha çox ayrı-seçkilik siyasəti yürüdülür. Bu münasibət yalnız zəlzələylə bağlı deyil. Hər sahədə və hər məsələdə rejimin Azərbaycan türklərinə qarı ayrı-seçkilik siyasətinin şahidi olmuşuq. İndiyədək İran parlamentində azərbaycanlılar və Güney Azərbaycan üçün heç bir ciddi və önəmli layihə qəbul edilməyib. Heç zəlzələ baş verəndə və ondan sonra da fəlakət bölgəsinə dövlətin ciddi yardımı olmadı. Əksinə, zərər çəkən soydaşlarına yardım aparan qardaşlarımıza əngəl törətməyə başladılar. Belə bir neqativ münasibət olduğu halda İran parlamentindən Güney Azərbaycan üçün qanun layihəsinin qəbulunu gözləmək sadəlövhlük olar. Rejim əlindən gələni etməyə çalışır ki, xalqımızı zəiflətsin. Eyni yanaşmanı Urmiya gölü üçün də görə bilərik». Onun sözlərinə görə, İran hakimiyyəti həyata keçirdiyi assimilyasiya siyasətinin uğursuz olduğu Azərbaycan bölgələrində süni fəlakətlər yaratmağa çalışır: «Urmiya gölünün məqsədyönlü şəkildə qurudulması da bunun bariz nümunələrindən biridir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, zəlzələ bölgəsində işlərin sürətləndirilməsi baş verməyəcək. Çünki soydaşlarımızı dədə-baba torpaqlarından köç etdirmək istəyirlər. Bir çox kəndlər tamamilə dağılıb. Evsiz qalan soydaşlarımıza yeni evlər tikilməsə, onlar da məcbur qalıb ərazini tərk etməli olacaqlar. İranda azərbaycanlılar farslara tanınan vətəndaşlıq haqlarından istifadə edə bilmirlər. Ölkə əhalisinin 35 milyonunu təşkil edən, amma ana dilində təhsil haqqı olmayan xalqımız yoxsulluq içində yaşayır. Süni səbəblərlə əhalimizi öz torpaqlarından köçməsinə şərait yaradır, milli və təbii sərvətlərimizi sovururlar. İran filmlərində, mediasında Azərbaycan türkləri hər zaman təhqir edilərək aşağılanır. Dövlət zəlzələdən zərər çəkənlərə reklam xətrinə cüzi yardımlar edir və həmin yardımlar bütün fəlakət bölgəsinə çatmır. Xüsusilə də ucqar kəndlərə indiyədək heç bir yardım göstərilməyib. Lakin xalqımız öz qardaşlarına əlindən gələn köməkliyi etməyə çalışır. Rejim soydaşlarımızın şəxsi vəsaitləri hesabına topladıqları yardımın fəlakət bölgəsinə yetişməsinə mane olmağa çalışsa da, qardaşlarımız öz qardaş borcunu yerinə yetirməyə davam edirlər».
Əslən Təbrizdən olan, hazırda isə Kanadada yaşayan soydaşız Səid Araz da İran parlamentinin Güney Azərbaycanla bağlı qanun layihəsini qəbul etməməsini gözlənilən olduğunu bildirdi: «İrandan bundan artığını gözləmək olmazdı. Zəlzələ baş verən günün səhəri xilasetmə işlərini dayandıran dövlətdən başqa nə gözləmək olardı? Qanun layihəsi formal olaraq gözdən pərdə asmaq üçün hazırlandı. Guya ki, dövlət zəlzələdən zərər çəkənlərə qayğı göstərir. Sözdə boş vədlər verir, əmələ gəldikdə isə geri çəkilirlər. Bu, İranın ənənəvi anti-Azərbaycan siyasətidir. Güney Azərbaycanda zəlzələ deyil, başqa fəlakət də olsaydı, dövlət eyni laqeyd və qeyri-humanist münasibəti göstərəcəkdi. İranda bərabərlik kağız üstündə qalan prinsipdir. Orada hakim millət farslardır. Azərbaycan türkləri isə hər zaman ölkənin ən çox təhqir olunan və təzyiqlərə məruz qalan təbəqəsidir. Heç milli azlıq olan ermənilərə tanınan bəzi haqlar da 35 milyonluq xalqımıza tanınmır».

Turqut
Bu xəbər oxucular tərəfindən 1282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed