Şrift:
Şərqi Azərbaycanda koronavirus infeksiyası sürətlə yayılır, ölənlərin sayı 130 nəfərə çatdı
29.03.2020 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 130 nəfərə çatıb.



Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi keçən gün daha 10 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 130 nəfərə çatdığını bildirib.



Rəcayinin sözlərinə görə, keçən 24 saat ərzində Şərqi Azərbaycanda daha 89 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. O, əyalətdə koronavirusa yoluxanların sayının 1361 nəfərə çatdığını bildirib.



Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.



Rəcayi virusun Təbrizin bütün məntəqələrində yayıldığını deyərək əlavə edib ki, ən geniş yayılma faktı Qaraməlik, Maralan, Vəliəsr, Sərdəri, Yekədükan və Beheşti məhəllələrində qeydə alınıb.



Rəsminin sözlərinə görə “daha təhlükəli sayılan” bölgələrdə tədbirlər görülsə də yoluxanların sayı sürətlə artmaqdadır. Rəcayi vurğulayıb ki, “hər həftə infeksiyaya yoluxanların sayında 10-15 faiz artım müşahidə olunur”.



Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat yüksək olduğunu bildirir.



Ötən gün, Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi koronavirus infeksiyası ilə mübarizədə ayrı-seçkiliyə yol verildiyini bildirərək, hökumətin Azərbaycana kifayət qədər büdcə vəsaiti və tibbi imkanların ayırmadığını kəskin tənqid etmişdi. Davudinin sözlərinə görə, bu ayrı-seçkilik səbəb olub ki, Sarab və Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin.



Şərqi Azərbaycan əyaləti və mərkəzi Təbrizdə koronavirusa yoluxanların və infeksiyadan ölənlərin kəskin artmasına baxmayaraq əyalət valisi Məhəmməd Rza Purməhəmmədi hökumətin önləyici “tədbirlərinin nəticə verməsini” və xəstəliyə yoluxanların sayının azalmasını iddia etmişdi.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed