Şrift:
Abbas Lisani: Məhbusları azadlığa buraxın, əks halda canlarını təhlükəyə atdığınıza görə cavabdeh olacaqsız
30.03.2020 [09:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın tanınmış milli fəallı, siyasi məhbus Abbas Lisani həbsxana məsullarına məktub ünvanlayaraq ən qısa zamanda məhbusların, xüsusilə Azərbaycanın milli-mədəni fəallarının müvəqqəti azadlığa buraxılmasını tələb edib.



Lisani yaxınları ilə əlaqə saxlayaraq bildirib ki, mart 28 tarixində zindan məsullarına məktub yazaraq Azərbaycan milli fəalları və digər vicdan məhbuslarının, eyni halda təhlükəli olmayan cinayətlərə görə həbsdə saxlanılan məhkumların məzuniyyətə buraxılma tələblərinin qəbul edilməsini istəyib.



Tanınmış fəal eyni halda vurğulayıb ki, onun özünün müvəqqəti azadlığa buraxılma istəyinin qəbul olunma ehtimalı zəifdir.



Lisani sözü gedən məktubda dünyanın əksər ölkələrində koronavirus infeksiyasının geniş yayılması nəticəsində insanların həyatına ciddi təhlükə yarandığına, bu isə dünya ictimaiyyətində ciddi narahatlığa səbəb olduğuna diqqət çəkərək vurğulayıb ki, İranda rəsmilərin bu infeksiya ilə mübarizədə zəif, bacarıqsız və iradəsiz hərəkət etmələri və ölkənin lazımı tibbi və səhiyyə infrastrukturlarının mövcud olmaması nəticəsində vətəndaşların canı digər ölkələrlə müqayisədə daha çox təhlükədədir.



Lisani əlavə edib ki, ölkə həbsxanalarında saxlanılan məhkumlar toplu şəkildə saxlanıldığı üçün, eləcə də tibbi imkanların məhdudluğuna görə daha ciddi təhlükə ilə qarşı-qarşıyadır.



“Məsullar sürətli, məntiqli və insani qərar verməklə milli-mədəni fəalların, vicdan məhbuslarının və ağır cinayətlər işləməyən məhkumların azadlığa buraxılmasına şərait yaradaraq, onların təcridxananın təhlükəli şərtlərində virusa yoluxmalarının qarşısını almalıdırlar, əks halda məsullar məhbusların həyatı təhlükəsinə qarşı məsuliyyət daşıyır və mən də daxil olmaqla bütün məhbusların sağlamlığına dəyən hər hansı bir ziyana görə cavabdeh olacaqlar”- deyə Lisani artırıb.



Xatırladaq ki, Son günlərdə İranın əksər həbsxanalarında məhbusların saxlanılma şəraiti və koronavirusun yayılması ilə əlaqədar dərc olunan xəbərlərdən sonra, cəmiyyətdə məhbusların səhhəti ilə bağlı ciddi narahatlıq yaranıb. Həmçinin bir neçə həbsxana o cümlədən Təbrizin Mərkəzi Həbsxanasında məhbusların üsyan qaldırdığı, və bəzi məhbusların qaçmağa müvəffəq olduğu ilə bağlı xəbərlər yayılıb.





İran məhkəmə sistemi sədrinin məhbusların məzuniyyətə buraxılması ilə bağlı göstərişinə baxmayaraq zindanların məsulları beş ildən az müddətə azadlıqdan məhrum olan milli fəalların müvəqqəti azadlığına icazə vermirlər.



Son günlərdə bir qrup güney azərbaycanlı ziyalı və tanınmış fəal İran həbsxanalarında həbsdə olan fəallarla bağlı Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana məktub ünvanlarıb.

Məktubda koronavirus infeksiyasının İran həbsxanalarında yayılması barədə xəbərdarlıq edilərək güney azərbaycanlı siyasi məhbusların saxlanılma şəraiti haqda məlumat verilib, onların müvəqqəti sərbəst buraxılması tələb olunub.





Sözügedən məktubda Ərdəbil zindanında saxlanılan fəallar Abbas Lisani, Mojqan Siyami və Yusif Kari, Rəcayişəhr zindanında məhbus həyatı yaşayan Lətif Həsəni, Tehranın Evin zindanında həbs edilən Tovhid Əmin Əmini, Kazım Səfabəxş, Cəfər Rüstəmirad, Əlirza Fərşi, Ehsan Şokrxodayi və Zeynəb Həmrəng, Marağa zindanında saxlanılan Əkbər Əzizi, Urmiya zindanında saxlanılan Məlihə Bərqi Sadiqyani, eləcə də Təbriz həbsxanasında məhbus həyatı yaşayan Əmir Vəlizadə, Əmir Səttari və Məhəmməd Əbdulməhəmmədzadənin koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qaldıqlarına, buna baxmayaraq müvəqqəti azadlığa buraxılmadıqlarına diqqət çəkilib.
Bu xəbər oxucular tərəfindən 259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed