Şrift:
Əhvazın iki həbsxanasında qiyam olub, ölən və yaralananlar var
02.04.2020 [12:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, ötən gün Əhvazın Sepidar həbsxanasında məhkumların qiyamı baş vermişdi.



İlkin olaraq yerli media orqanlarında hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilirdi. Lakin irəliləyən saatlarda polislə baş vermiş toqquşma nəticəsində 3 məhbusun öldüyü, bir neçəsinin isə yaralandığı barədə xəbərlər yayılıb.



Eləcə də, həbsxanada baş verənlərdən narahat olan məhkumların ailələri Əhvaz- Şuştər yolunda etiraz aksiyası keçiriblər. Təhlükəsizlik qüvvələri göz yaşardıcı qazdan istifadə etməklə, məhkum ailələrinə qarşı güc tətbiq edib və tərəflər arasında qarşıdurma yaranıb.



Axşam saatlarında isə Əhvazın Şeyban həbsxanasında məhkumların qiyamı baş verib. Qısa müddətdə həbsxananı mühasirəyə alan təhlükəsizlik qüvvələri göz yaşardıcı qaz istifadə edərək, etirazı yatıra bilib. Yaranmış qarşıdurma nəticəsində mümkün tələfatla bağlı məlumat yoxdur.



Şeyban həbsxanasında cəza çəkənlər də Sepidardakı məhkumlar kimi, koronavirusun yayıldığı dövrdə məzuniyyətə buraxılmamaları, tibbi xidmətlərdən yaralana bilməmələri və digər bu kimi məsələlərə görə etiraz ediblər.



Bəzi məlumatlarda Şeybanın 3 məhkumunun koronavirusa yoluxduğu, lakin həbsxanaya köçürülmədiyi, həbsxana şəraitində karantinə alındığı deyilir.



Əhvazlı ərəb milli fəallarının sosial şəbəkələrdə yaydıqları videolarda həbsxananı mühasirəyə alan "Sepah" terror təşkilatı üzvlərinin davamlı olaraq açdıqları atəşlərin səsi eşidilir.



Ərəb insan haqları fəalı Kərim Dəhiminin sözlərinə görə, həbsxananın 5-ci şöbəsində siyasi, 8-ci şöbəsində isə sünni məhbuslar cəza çəkirlər. O da Sepidar həbsxanasında baş vermiş hadisələr zamanı 3 məhbusun təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi faktını təsdiqləyib.



Qeyd etmək lazımdır ki, son günlər İran, eləcə də Güney Azərbaycan həbsxanalarında məhbusların qiyamına dair çoxlu sayda məlumat yayılır. Məhbuslar koronavirusun yayılmasına rəğmən, həbsxanada saxlanılmalarının onların həyat və sağlamlığı üçün təhlükəli olduğunu bildirərək, böhran sona çatana qədər müvəqqəti azadlığa buraxılmalarını tələb edirlər.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed