Şrift:
İranda işləyən uşaqların sayı 7 milyona çatıb
03.04.2020 [15:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı sosial və antropoloji tədqiqatçı Kamil Əhmədi ölkədə işləyən uşaqlarının sayının 2-5 milyon arasında dəyişdiyini deyib.



O, yerli media orqanlarından biri ilə müsahibə zamanı bildirib ki, ev işlərində xidmətçi kimi işləyən uşaqları da nəzərə aldıqda, bu rəqəm 7 milyon nəfərə çatır.



Araşdırmaçı qeyd edib ki, bu sahədə statistika hazırlayanlar yalnız küçələrdə müxtəlif işlərə cəlb edilən uşaqların sayını göstərirlər. Emalatxanalar və digər sahələrdə çalışan uşaqlar həmin araşdırmalara daxil edilmədiyindən, həmin rəqəmlər reallığı əks etdirmir.



"Emalatxana, zavod və digər bu kimi müəssisələrdə çalışan uşaqlar ağır fiziki güc tələb edən işlər görürlər. Araşdırmalarda bu kateqoriyadan olan uşaqlar təəssüf ki, nəzərə alınmırlar. Küçələrdə işləyən uşaqların iş şəraiti və psixoloji vəziyyəti onlara nisbətən bir az yaxşıdır", - deyə Kamil Əhmədi əlavə edib.



Tədqiqatçı həmçinin qeyd edib ki, işləyən uşaqlardan bir çoxu ailələri ilə birlikdə işləmək üçün İrana gələn digər ölkə vətəndaşlarıdır.



Qeyd etmək lazımdır ki, İranda yoxsulluq və ağır sosial- iqtisadi vəziyyət səbəbindən işləməyə məcbur qalan azyaşlı uşaqların sayı göstəriləndən də çoxdur. Bu sahədə bir çox araşdırmalar mövcuddur. Həmin uşaqlardan bir çoxu Əfqanıstandan İrana miqrasiya etmiş ailələrin övladlarıdır. Tez-tez sosial şəbəkələrdə İran polisinin həmin əfqan uşaqlarla kobud və aşağılayıcı davranışları ilə bağlı məlumat və videolar da paylaşılır.



Bu xüsusda 2019-cu ilin avqust ayında Tehran valisinin müavini Şükrüllah Həsənbeygi paytaxtda 4 min məişət tullantısı yığan uşağın olduğunu, onlardan da 80%-ə yaxının xarici ölkə vətəndaşları olduğunu bildirmişdi.



Koronavirusun İranda yayılmasından sonra küçələrdə işləməyə məcbur olan həmin uşaqların infeksiyaya yoluxma ehtimalı ilə bağlı narahatlıqlar artıb.



İranın Uşaq Hüquqları Müdafiəsi Assosiasiyasının icraçı direktoru bildirir ki, məişət tullantıları yığma sahəsində işləyən uşaqlar 50-60 nəfərlik qrup şəklində yaşadığından, onların koronavirusa yoluxma ehtimalı həddən artıq yüksəkdir.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed