Şrift:
Ərdəbilli soydaşımız günahsız olaraq məhkəmə hökmü ilə edam edilib
06.04.2020 [18:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
2018-ci ilin yaz aylarında Ərdəbil Məhkəməsinin hökmü ilə edam edilən azərbaycanlı məhbusun günahsız olduğu məlum olub.



“Herana” agentliyinin yaydığı məlumata görə, Babək Rzayi silahlı oğurluq hadisəsi zamanı qətl törətməkdə ittiham olunub.



Son informasiyaya əsasən Behzad Təhəmtən adlı bir müttəhim sözügedən silahlı oğurluq və qətl cinayətini törətdiyini etiraf edib.



Babək Rzayi 2013-cü ilin qış aylarında saxlanılıb və təxminən 2.5 il sonra Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 10 il həbs və qisas (edam) cəzasına məhkum edilib. Qanunsuz silah saxlamaq, silahlı oğurluq və qəsdən müsəlman öldürmək ittihamı ilə üzləşən Babək Rzayinin ağır hökmü sonralar Ərdəbil Aspellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.



Etibarlı bir mənbə Babək Rzayinin işgəncələr altında etiraf etdiyini bildirib.



Məlumata görə, Behzad Təhəmtən 2019-cu ilin payız aylarında Ərdəbil Cinayət-Axtarış İdarəsinin təcridxanasında 6 qətl cinayəti törətdiyini etiraf edib. Onun etiraf etdiyi qətl hadisələrindən biri Babək Rzayinin ittiham olunduğu cinayətdir. Behzad Təhəmtən hal-hazırda Ərdəbil Zindanının 5-ci bölümündə saxlanılır.



Bu barədə etibarlı bir mənbə “Herana” agentliyinə bildirib ki, bir müddət əvvəl Behzad Təhəmtənin dosyesinə baxan müstəntiq Ərdəbil zindanına gedib. O Həbsxana məsulları ilə görüşündə bildirib ki, mənə müttəhimdən etiraf almaqla bağlı təzyiq edirdiniz. Buyurun bu da etirafın nəticəsi...!



Günahsız olaraq iki il əvvəl edam edilən ərdəbilli soydaşımız məhkəmə prosesi və dindirilmə zamanı irəli sürülən ittihamı rədd etmişdir. Bildirmişdir ki, qətl hadisəsi baş verdiyi zaman o Ərdəbilin Sənaye Şəhərciyində yerləşən iş yerində olub, hətta iş yerinə daxil olarkən barmaq izi də qeydə alınıb. Lakin məhkəmə müttəhimin açıqlamasını qəbul etməyib, onun iş yerinə müraciət etdikdən sonra cinayət hadisəsi baş verən yerə gəldiyini iddia etmişdir.



Hələlik Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati və Ərdəbilin baş prokuroru Abdulla Təbatəbayi, Babək Rzayinin günahsız olaraq edam edilməsinə konkret olaraq münasibət bildirməyiblər.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed