Şrift:
“Evdəqal”ın qazandırdığı mənəvi dəyərlər...
08.04.2020 [12:02] - Xəbərlər, Mədəniyyət
Dövlətimizin COVID – 19 pandemiyasından qorunmaq üçün ölkədə karantin rejimi elan etməsi xalqımız tərəfindən böyük razılıqla qarşılanıb. Çünki, bu, insanların koronavirusa yoluxmaması, sağlamlığının keşiyində dayanması üçün ən düzgün və vacib qərardır. İlkin vaxtlarda bu qərarın mahiyyəti əhali tərəfindən lazımınca dərk olunmasa da artıq bu gün “evdəqal” çağırışına birmənalı şəkildə riayət olunur. İnsanlar bu çağırış ətrafında səfərbər olunmaqla, özünün bacarıq və qabiliyyətini üzə çıxara bildi. Hər kəs öz işini cəmiyyətdəki fəaliyyətindən ayrılmadan qurdu. Bu minvalla fərqli formada olsa da ictimai həyatımıza davam edirik. Başqa sözlə, biz də bəşər aləminin düçar olduğu koronavirusdan qorunmağın yeganə düzgün yolunu evdə qalıb, işlərimizi onlayn üsulu ilə davam etdirməyi, ictimai-mənəvi dəyərlərimizlə cəmiyyətdə olmağı bacardıq.

Televiziya kanallarından dünya xəbərlərini, eləcə də ölkəmizdə baş verən hadisələri izləmək, verilişlərə baxmaq, sosial cəmiyyətdə baş verən yeniliklərdən xəbərdar olmaq – bütün bunlar indi həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qapalı keçən həyatımızı müəyyən qədər maraqlı etmək üçün təkliflər, təşəbbüslərlə çıxış edənlər də olur. Bu təkliflərin bir qisminə nəzər yetirək: Evdə qal, musiqisiz qalma, evdə qal, muzeylərə səyahət et, evdə qal, sərgilərdə iştirak et, evdə qal, maraqlı filmləri seyr et, evdə qal, ailənə, uşaqlarına daha çox vaxt sərf et və nəhayət, evdə qalmaqla ictimai, mənəvi dəyərlər qazanmağın yeni ənənələrini yarat...

İşgüzar insanlar evdə həyatını necə qurur, nə ilə məşğul olur, bu, hamımız üçün maraqlıdır. Belə bir vəziyyətdə evə bağlılıqda zənnimizcə, qadınlar kişilərdən daha dözümlüdürlər və bu səbəbdən də həyatlarına rəngarənglik gətirməyi bacarırlar. Axı ana-qadınların qayğısı, işləri heç vaxt bitib-tükənmir. Yaradıcı qadınlarda vəziyyət necədir? Öz həyatımdan deyim ki, yaradıcılıq məndə arxa plana keçməsə də, onu ciddi şəkildə davam etdirə bilmirəm. İş-güc arası gələcək yazılar barədə düşünür, qeydlər aparır, öz aləmimdə həyatımızın hansı axarda davam edəcəyini götür-qoy edirəm.

Təbii ki evin qayğıları ilə daha çox məşğul oluram. Hər gün xəmir yoğurur, çörək bişirirəm. Ailəmin menyusundan çoxdan çıxmış xörəkləri yenidən mətbəxə gətirirəm. Övladlarımla oxuduğumuz əsərləri yada salır, müzakirə edirik. Az qala unutduğumuz bədii obrazları xatırlayır, günümüzə “gətirməklə” xarakterizə edirik. Hər gün yeni bir mövzu, ideya ətrafında düşünürəm ki, yeknəsəklik olmasın. Bu günlər onu da hiss edirəm ki, düşüncəmdə mənəvi dəyərlərimizlə bağlı bir yazı yol gəlir. Sağlıq olsun...

Bu sətirləri qələmə aldığım yerdə elə hey pəncərədən bayıra boylanıram. Havadakı tutqunluq, arabir çisəkləyən narın yağış sanki indiki ovqatımızı əks etdirir. Təbiət özünün pərişanlığı, küskünlüyü ilə elə bil insanların nigarançılığını çəkir. Təzəcə yarpaqlayan ağaclar, qönçəsindən boylanan tər çiçəklər, güllər də elə bil indicə dil açıb təkliyindən, küskünlüyündən danışacaq, deyəcək ki, mən yalnız sizinlə bəxtiyaram. Bircə aramıza təfriqə salan o məlun, qorxunc düşməni məhv edə bilsəydiniz... onda mənim də eynəm açılar sizi sevincək qoynuma səsləyərdim. Darıxıram, intizarınızı çəkirəm...

Biz evdə qalmaqla koronavirusa qalib gələcək, sağlam və rahat həyatımıza davam edəcəyik.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed