Şrift:
Koronavirusa rəğmən, İran nüvə proqramını davam etdirir- Nətənzdə yeni sentrifüqaların təqdimatı keçiriləcək
08.04.2020 [18:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran koronavirus səbəbindən yaşanan ağır sosial-iqtisadi vəziyyətə rəğmən, öz nüvə fəaliyyətini davam etdirir.



Bu barədə məlumat verən İranın Atom Enerjisi üzrə Agentliyinin sədri Əli Əkbər Salehi bildirib ki, yaxın zamanlarda Nətənz nüvə zavodunda yeni nəsil sentrifüqaların təqdimat mərasimi keçiriləcək.



O, Dövlət Televiziyasında etdiyi çıxış zamanı qeyd edib ki, Ərak reaktorlarının yanacaq komplekslərinin, eləcə də enerji reaktorlarının tikintisi hazırda icra edilməkdədir.



Salehi bir neçə gün öncə isə Ərak ağır su tədqiqatları reaktorunun xarici ölkələrlə əməkdaşlıq çərçivəsində tikintisi, habelə lazım olan avadanlıqların quraşdırılması sahəsində işlərin davam etdirildiyini bəyan etmişdi. O, həmçinin hazırda ağır su istehsalı və depolanmasının heç bir məhdudiyyət olmadan həyata keçirildiyini demişdi.



Salehinin sözlərinə görə, Rusiyanın köməyi ilə ölkəsi Buşehrdə iki nüvə enerjisi reaktorunun tikintisi ilə məşğuldur.



Xatırladaq ki, rəsmi Tehran 2019-cu ilin may ayından etibarən hər dəfə 60 gün müddətinə olmaqla, öz nüvə öhdəliklərinin icrasının dayandırılması prosesinə start vermişdi. 5 mərhələdən ibarət olan bu proses zamanı İran 2015-ci ildə imzalanmış nüvə razılaşması üzrə qəbul etdiyi bütün texniki məhdudiyyətlərin icrasını cari ilin yanvar ayının əvvəllərindən etibarən dayandırıb.



Digər tərəfdən, İren rejimi koronavirusla mübarizə üçün yetərli qədər maliyyə mənbəyinin olmadığını iddia edərək, Amerikanın sanksiyaları ləğv etməsini istəyir. Lakin görünür ki, rəsmi Tehran ən kritik vəziyyətdə belə xalqına yardım etmək əvəzinə, pullarını nüvə və raket proqramı, eləcə də regionda fəaliyyət göstərən yaraqlı qruplaşmaların fəaliyyəti kimi böyük miqdarda vəsait aparan istiqamətlərdə sərf edir.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed