Şrift:
Avstriyada koronavirus infeksiyasına qarşı ilkin uğurlar əldə olunub
11.04.2020 [10:41] - Gündəm, Sağlıq
Koronavirus pandemiyasına qarşı mübarizədə Avstriya hökuməti ilk uğurlar barədə ictimaiyyəti məlumatlandırıb.

Federal Səhiyyə naziri Rudolf Anşober mətbuat konfransında artıq bir həftədən bəri infeksiyadan sağalanların sayının yoluxanların sayından yüksək olduğunu bildirib. Görülən tədbirlər nəticəsində hazırda virus daşıyıcılarının ölkədə ikiqat artımı müddəti 29 günə uzanıb.

Nazir qeyd edib ki, virusa yoluxanların gündəlik artım həddi hazırda 2,2 faizə düşüb və bununla da, Avstriya hökuməti qarşıya qoyulan hədəflərdən birinə nail ola bilib. Yoluxma tempinin ləngidilməsi və sağalanların sayının artması xəstəxanalarda reanimasiya şöbələrinin yüklənməməsi ilə nəticələnir və bu mərhələ də uğurla həyata keçib. Lakin bu inkişaf arxayınlıq üçün heç bir əsas vermir. Əgər əhali indiki kimi məhdudlaşdırıcı tədbir və qaydalara ciddi riayət etməzsə, əldə olunan uğurlar qısa müddət ərzində yox ola bilər.

Qeyd edilməlidir ki, indiyədək Avstriyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 13 min 492-ə çatıb, 319 nəfər ölüb. 6064 nəfərin infeksiyadan sağaldığını nəzərə aldıqda, hazırda ölkədə aktiv koronavirus daşıyıcılarının sayı 7109 nəfərdir. Onlardan təxminən min nəfəri xəstəxana şəraitində müalicə alır.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed