Şrift:
Ödənişsiz onlayn sınaq imtahanlarına 20 min 887 istifadəçi tərəfindən 48 min 411 yazılış qeydə alınıb
14.04.2020 [10:32] - Xəbərlər, Gənclik, Bildiriş
Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

DİM-dən bildirilib ki, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan çox ödənişsiz imtahan növü üzrə 20 min 887 istifadəçi tərəfindən 48 min 411 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Qeyd edək ki, portalda 5-ci sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.

Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla seçilən sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə bilikləri ayrı-ayrılıqda yoxlamaq mümkündür. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, şagird həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə edə biləcək. İstifadəçinin yazdığı imtahan fənni üzrə sınaq testləri onun kabinetinin sol küncündə “Yazıldığım xidmətlər” bölməsində 1 il müddətində aktiv olur. Bu vaxt ərzində istifadəçi test tapşırıqlarına, öz cavablarına və tapşırıqların düzgün cavablarına baxa bilər.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.
Bu xəbər oxucular tərəfindən 1567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed