Şrift:
Güney Azərbaycanda koronavirusa yoluxanların sayında artımı təsdiqləyən rəsmilər rəqəmləri açıqlamaqdan imtina edir
21.04.2020 [13:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus infeksiyasına yoluxanların sayı gün keçdikcə artdığı bir halda bir neçə əyalətin səhiyyə rəsmiləri xəstəliyə yoluxanlar və infeksiyadan ölənlərin sayı haqqında açıqlama verməkdən imtina edir.





Təbriz Tibb Universitetinin rəisi müavini Ruzbeh Rəcayi Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayının getdikcə artdığını təsdiqləyib.





“koronavirus bitməyib, əksinə hər gün bu xəstəliyə yoluxanların sayı artır” deyən Şərqi Azərbaycanın səhiyyə xidməti rəsmisi infeksiyaya yoluxanların son statistikasını açıqlamaqdan imtina edib.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1943 nəfərə çatdığını bildirib.





Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 39 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda infeksiyadan ölənlərin sayının isə 146 nəfər olduğunu bildirib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 893 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 10 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 92 nəfərə çatıb.





Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir.



Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed