Şrift:
Beynəlxalq Muğam Mərkəzi “Bizi birləşdirən mədəniyyət” layihəsində yaxından iştirak edir
21.04.2020 [16:24] - Xəbərlər, Mədəniyyət
Ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə bağlı tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların mədəni irs və incəsənətimizə yaxın olması məqsədilə Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi həyata keçirilir.

Aprelin 1-dən start verilən layihə üzrə televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, konsert proqramları, incəsənətin ayrı-ayrı sahələri ilə bağlı təqdimatlar reallaşıb.

“Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində reallaşan təqdimatlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) yaxından iştirak edərək dəstək olur.

Muğam Mərkəzindən bildirilib ki, “Əbədiyaşarlarımız” adlı yeni təqdimatın ilk buraxılışı milli bəstəkarlıq məktəbinin və professional musiqimizin banisi Üzeyir Hacıbəyliyə ithaf edilib.

Aprelin 6-dan 12-dək “Üzeyir musiqi həftəsi” adlı təqdimatda BMM-nin solistləri də yaxından iştirak edərək həm konsert, həm də videoroliklərlə təqdimatda çıxışlar ediblər. Aprel ayın üçüncü həftəsi isə görkəmli bəstəkarlar Qara Qarayev və Fikrət Əmirova həsr olunub. Bu həftə ərzində BMM-nin solistləri Muğam Televiziya Müsabiqəsinin Qran-pri mükafatçısı Almaxanım Əhmədli, Əməkdar artist İlkin Əhmədov, III Muğam televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva və Mirələm Mirələmov "Bizi birləşdirən mədəniyyət" verilişinin qonağı olaraq görkəmli bəstəkarların yaradıcılığı və muğam xəzinəmizdən bir-birindən maraqlı nömrələr təqdim ediblər.

Qeyd edək ki, layihələrin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar eyni zamanda BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed